Vəkil: Hüquq-mühafizə orqanlarında sosial şəbəkələri izləyən işçilər var

”Tənqid nə qədər sərt, davamlıdırsa, cəzası da bir o qədər ağır olur”

Source:


”Tənqid nə qədər sərt, davamlıdırsa, cəzası da bir o qədər ağır olur”

“Həbs dalğası uzun müddətdir davam edir. Səbəb hakimiyyətin tənqidi fikirlərdən ehtiyat etməsi, sosial şəbəkələrdə onlara qarşı tənqidlərə dözümsüzlüyüdür”, – vəkil Fariz Namazlı son həftələr artan həbslərə münasibət bildirərkən belə deyib.

“Sosial şəbəkələrə nəzarət edirlər”

Fariz Namazlı Azərbaycanda siyasi proseslərə çıxan vəkillərdəndir. O, həbslərin geniş vüsət almasının digər səbəbi kimi son dövrlər hüquq-mühafizə orqanlarında sosial şəbəkələrin izlənməsi ilə bağlı əlavə ştatların açılmasını göstərir:

“Həmin şəxslər sosial şəbəkələrə nəzarət edir, tənqidi fikirlər səsləndirən insanların zərərsizləşdirilməsi, qorxudulması, çəkindirilməsi ilə məşğul olurlar”.

Zərərsizləşdirmənin yöntəmlərinə gəlincə, Fariz Namazlı bildirir ki, bu, həmin şəxsin yazdığı tənqidi fikirlərin səviyyəsindən asılıdır. Tənqid nə qədər sərt, davamlıdırsa, cəzası da bir o qədər ağır və operativ olur:

“Həmin şəxslərə qarşı cinayət işi açıla, polisin qanunu tələbinə məhəl qoymama səbəbi ilə inzibati həbs edilə bilərlər. Bütün bunların səbəbi hakimiyyətin tənqidi fikirlərdən ehtiyat etməsidir”.



Qanunsuz həbslər necə rəsmiləşdirilir?

Vəkil bildirir ki, polis həmin şəxslərə qarşı inzibati icraata başlayanda bəzi sübutların əldə olunmasına çalışır. Həbs edilən şəxsə təzyiq göstərərək “Mən bu inzibati xətanı törətmişəm, boynuma alıram. Küçədə söyüş söymüşəm, polisə məhəl qoymamışam”, – tipli izahat yazdırırlar. Həmin protokola istinadən də qərar çıxır:

“Hətta şəxs məhkəmədə söyüş söymədiyini, tənqidi statuslarına görə həbs edildiyini desə belə, hakimlər onlara sutkalıq həbslər və ya inzibati cəzalar verirlər. Həmin adam izahatının sonunda “əməlimə peşmanam”, – yazır.  Peşmandırsa, 535-ci maddə üzrə 30 günlük inzibati həbs və ya 200 mantalıq cərimə edilə bilər. Məhkəmələr adətən maksimumu, 30 günlük həbsi seçirlər. Bu da məhkəmə qərarlarının əsassız olduğunun göstəricisidir”.



Məhkəmələrdə çıxış edən “hal şahidləri”

Vəkil siyasi proseslərdə eyni hal şahidlərinin iştirakına da toxundu. Deyir, inzibati həbslərdə daha çox Post Patrul Xidmətinin və ya müvafiq polis qurumlarının əməkdaşları şahidlik edirlər:

“Guya xidmət apardıqları yerdə küçədə kiminsə söyüş söyməsini görüb, yaxınlaşıblar. Həmin şəxs isə polisin əmrinə tabe olmayıb və s. Adətən şahidlər ayrı-ayrı şəxslər yox, polis əməkdaşları olur. Bu da işin qurulduğuna sübutdur”.

“Məhkəmələr sübutlarımıza məhəl qoymur”

Vəkil cinayət işlərində vəziyyətin bir az fərqli olduğunu söyləyir. Burada işə narkotik maddələrin qanunsuz dövriyyəsi və ya silahdan istifadə ilə bağlı məsələlər daxil edilir:

“Bunun üçün də xüsusi hal şahidləri olur. Hansı ki, polis orqanları ilə qeyri-rəsmi formada əməkdaşlıq edir, onlardan atdıqları imzalara görə müəyyən haqq alırlar. Biz bununla bağlı məhkəmələrə dəfələrlə sənədlər təqdim etmişik. Həmin şəxslərin əvvəlki cinayət işlərində şahid qismində ifadə vermələrini ortaya qoymuşuq. Ancaq məhkəmələr buna məhəl qoymur”.

Son həftələrdə Azərbaycanın bölgələrində və Bakıda 50-dən çox fəal həbs edilib. Təcridxana və cəza evlərində müxalifətçilərə, müstəqil fəallara, inanclı insanlara işgəncələr verilməsi ilə bağlı şikayətlər artıb. Hüquq mühafizə orqanları belə şikayətləri qəbul etmir, böhtan kimi dəyərləndirirlər.

Ana səhifəXəbərlərVəkil: Hüquq-mühafizə orqanlarında sosial şəbəkələri izləyən işçilər var