“Olmayan hüququn məhdudlaşdırılması absurddur”
Fevralın 9-da Ali Məhkəmə vəkil Əsabəli Mustafayevin ölkədən çıxışına qoyulan qadağa ilə bağlı verilən kassasiya şikayətinə baxıb. Məlumatı vəkil özü yayıb.
Bildirib ki, rəhbərlik etdiyi QHT-nin maliyyə fəaliyyəti Baş Prokurorluğun tapşırığı ilə Vergilər Nazirliyi tərəfindən uzun müddət yoxlanılıb. Heç bir nöqsan tapılmayıb:
“Guya 2-3 qrant Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyib. Bu bəhanəylə əlavə vergi hesablayıb, sanksiya tətbiq ediblər. Halbuki həmin qrantların qeydiyyata alınması barədə Ədliyyə Nazirliyi öz saytında məlumat yerləşdirilib. Əlavə verginin və maliyyə sanksiyasının tətbiqi barədə qərar qüvvəyə minməyib. Çünki mən məhkəməyə şikayət vermişdim. Bu şikayətə baxılarkən Vergilər Nazirliyi məhkəməyə vəsatət təqdim etdi ki, cinayət işinin istintaqı davam etdiyi üçün şikayətə baxılması təxirə salınsın. Aydındır ki, bu vəsatət əsassızdır, bununla belə məhkəmə onu təmin etdi”.
Vəkil artıq 2 ilə yaxındır ki, şikayətə baxılmadığını söyləyir. Əlavə vergilərin və maliyyə sanksiyasının tətbiqi barədə qərarın qüvvəyə minməməsinə baxmayaraq, həmin məbləğlərin üzərinə faizlər hesablanıb və məbləğ 8000 manata qədər şişirdilib:
“Bu azmış kimi Vergilər Nazirliyinin təqdimatı ilə ölkədən çıxışıma ikinci qadağa qoyulub (ilk qadağa Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən qoyulub). Mənim hüquqlarımı Ali Məhkəmədə müdafiə edən vəkil Fariz Namazlı məhkəməyə izah etməyə çalışıb ki, qüvvəyə minməmiş qərarın icra edilməməsinə görə şəxsin maliyyə və ya digər məsuliyyətə cəlb olunması qanunsuzdur. Məhkəmə təqdimata baxılmasını qərardan verilmiş şikayətə baxılana qədər təxirə salmalı idi. Ən nahayət, olmayan hüququn məhdudlaşdırılması absurddur. Bütün bu hüquqi hallara baxmayaraq, kassasiya şikayəti təmin edilmədi. Bu da gözlənilən idi. Avropa Məhkəməsində olan işlərdən biri də artdı”.