Vəkil əsasən siyasi motivli işlərə çıxırdı
Azərbaycanda tanınmış vəkillərdən olan Elton Quliyev dünyasını dəyişib. Bu barədə vəkil Adil İsmayılov öz Facebook səhifəsində məlumat yayıb.
1956-cı il təvəllüdlü Elton Quliyev uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb.
1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub. “40 ildir hüquq qazanında qaynayıram” deyən vəkil əsasən siyasi motivli işlərə çıxırdı. O, sonuncu dəfə araşdırmaçı-jurnalist Xədicə İsmayılın hüquqlarını müdafiə edib.