Vəkil: Eldar Həsənov açıqlamasından dərhal sonra hospitaldan DTX-ya köçürülüb

“Ali Məhkəmənin sədr müavini Avropa Məhkəməsinə yalan məlumat göndərib”

Source: google.az


“Ali Məhkəmənin sədr müavini Avropa Məhkəməsinə yalan məlumat göndərib”

Keçmiş Baş prokuror və səfir Eldar Həsənov avqustun 16-da açıqlama yayaraq bildirmişdi ki, cinayət işinin materiallarında yazılan yeyinti və başqa ittihamlar yalandır, həbsinin əsl səbəbi siyasi iddiada olması, müxalifətlə əlaqəsi və s. haqda ölkə rəhbərliyinə çatdırılan uydurmalardır. Vəkili Cavad Cavadov deyir ki, bu açıqlamadan dərhal sonra – avqustun 17-də səhər tezdən Eldar Həsənovun müalicəsi yarımçıq dayandırılıb və heç bir izah verilmədən DTX-nın hospitalından DTX-nın istintaq təcridxanasına gətirilib.

“Həmin vaxtdan təcridxanada lazımi müalicə aparılmır, nəticədə səhhəti günü-gündən pisləşməkdə davam edir”, – vəkil bildirib.

Eldar Həsənov Avropa Məhkəməsinin onun təcili müayinə və müalicəsilə bağlı qərarından sonra DTX-nın hospitalına köçürülmüşdü. Avropa Məhkəməsi onun vəkillərinin Məhkəmə Qaydalarının 39-cu maddəsi əsasında göndərdikləri şikayətə baxaraq, belə bir qərar qəbul etmişdi. Müdafiəçinin sözlərinə görə, Avropa Məhkəməsi Eldar Həsənovun sağlıq durumuyla bağlı məsələni hələ də nəzarətdə saxlayır. Bununla əlaqədar Avropa Məhkəməsində başlanan aralıq tədbirin tətbiqinə dair Azərbaycan hökumətilə də kommunikasiya davam edir.

Vəkil vurğulayıb ki, müvəkkili avqustun 17-də DTX-nın istintaq təcridxanasına qaytarıldığı halda, Azərbaycanın Avropa Məhkəməsi yanında nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov avqustun 20-də Strasburqa göndərdiyi məktubda Eldar Həsənovun hospitalda müalicəsinin davam etdiyini yazıb. Çingiz Əsgərov əlavə edib ki, Eldar Həsənov və vəkili onun sağlıq durumu məsələsilə manipulyasiya edir. Bu səbəbdən də Avropa Məhkəməsindən məsələ ilə əlaqədar aralıq tədbirlərin dayandırılmasını xahiş edib.

“Sözün bitdiyi an buna deyirlər. Məhkəməyə yalan məlumat ver, üstəlik, bizi də ittiham elə. Biz də Avropa Məhkəməsinə müvafiq cavab məktubu göndərmişik. Əminəm ki, adekvat reaksiya veriləcək”, – vəkil Cavad Cavadov bildirib.

Avqustun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Həsənovun işi üzrə məhkəmə prosesi başlayır. Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. O, 2010-2020-ci illərdə əvvəl Rumıniyada, daha sonra Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir olarkən səfirliklər üçün binaların alınması, təmir-tikinti işlərilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq mənimsəmədə, 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş vəsaiti leqallaşdırmaqda, 192 min manat büdcə vəsaitindən təyinatı üzrə istifadə etməməkdə təqsirləndirilir.

Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Ana səhifəXəbərlərVəkil: Eldar Həsənov açıqlamasından dərhal sonra hospitaldan DTX-ya köçürülüb