Güman olunur ki, inzibati həbsin müddəti başa çatdıqdan sonra ona qarşı cinayət ittihamının sürülməsi hazırlanır
Vəkil Elçin Namazov 15 sutkalığa həbs olunub. Bu inzibati cəza haqda qərar noyabrın 25-də Xətai Rayon Məhkəməsində çıxarılıb. Məhkəmə onu polisə tabe olmamaqda təqsirli bilib. Məlumatı vəkilin qardaşı Əkrəm Namazov yayıb.
Eyni zamanda E.Namazovun ofisində axtarış aparılıb, sənədlər, o cümlədən vəkil kimi keçdiyi məhkəmə işlərinin materialları götürülüb.
E.Namazov DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır və yanına vəkil buraxılmır. Bütün bunlar belə güman etməyə əsas verir ki, inzibati həbsin müddəti başa çatdıqdan sonra ona qarşı cinayət ittihamının sürülməsi hazırlanır.
E.Namazovun müdafiə etdiyi şəxslərin arasında siyasi fəallar da var.
O, 2011-ci ildə Müsavat Partiyasının gənc fəalı Rüfət Hacıbəylinin hüquqlarını müdafiə edərkən Vəkillər Kollegiyasından çıxarılıb. R.Hacıbəyli həmin il aprelin 2-də Bakıda Fəvvarələr Meydanında hökumət əleyhinə etiraz aksiyasında iştiraka görə həbs olunub.
Bundan sonra E.Namazov hüquq-müdafiə fəaliyyəti ilə məşğul olub, hüquqi nümayəndə kimi mülki işlər üzrə məhkəmə proseslərinə çıxıb.