Vəkil: ”Cavid Hüseynov bu hadisədən xəbərsizdi”

Vəkil Adəm Məmmədov “Qəbələ”nin futbolçusu Cavid Hüseynovla görüşüb

Source:

Vəkil Adəm Məmmədov “Qəbələ”nin futbolçusu Cavid Hüseynovla görüşüb.

Bu barədə “Report”a A.Məmmədov özü məlumat verib.

O bildirib ki, 1 saylı Bakı İstintaq Təcridxanasınında saxlanılan C.Hüseynovun səhhəti normaldır: “Bir neçə gün əvvəl hüquqlarını müdafiə etdiyim Cavid Hüseynovla görüşdüm. O, səhhətində heç bir problemin olmadığını deyib”.

“Bu haqda həmişə demişəm. C.Hüseynovla onun bibisi oğlu Elşən İsmayılov arasında “whatsapp”da yazışma mesajlarının məzmunundan tam müəyyən olunur ki, Cavid Hüseynovun cinayət işindən xəbəri yoxdur. Bundan başqa, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrı verdikləri ifadədə göstərilir ki, bu hadisədən Cavid Hüseynov xəbərsizdi. Düzdü, mərhum Rasim Əliyevlə həmin şəxslər arasında baş verən hadisədən sonra Elşən İsmayılov Cavid Hüseynova məlumat verib. Cavid Hüseynov da ona bildirib ki, “siz çox nahaq yerə görüşə gedib, onu döymüsüz”. Onlar arasında olan bütün yazışmalar və səsli mesajlar var. Hətta, Cavid Hüseynov bibisi oğluna polisə təslim olmasını bildirib”, – deyə A.Məmmədov bildirib.

ANN.tv-nin əməkdaşı Rasim Əliyev avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən C.Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir.

Ana səhifəXəbərlərVəkil: ”Cavid Hüseynov bu hadisədən xəbərsizdi”