Vəkil Ağsu Rayon Polis Şöbəsində zorakılığa məruz qaldığını deyir

Foto: Elvin Yusifovun şəxsi arxivindən

 “Yaşar adlı müstəntiq məcburi şəkildə telefonumu əlimdən aldı”

Vəkil Elvin Yusifov Ağsu Rayon Polis Şöbəsində təzyiqə məruz qaldığını deyir. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi vətəndaşın şübhəli şəxs qismində saxlanma səbəbini şöbədə olan polis əməkdaşlarından soruşub. Bu zaman həmin polislər qolundan tutub itələyib, müstəntiq isə telefonunu əlindən alıb:

“Hüquqlarını müdafiə etdiyim şəxsin tutulmasının səbəbini soruşduğuma və telefonla danışdığıma görə polis əməkdaşları qolumdan dartdılar. Yaşar adlı müstəntiq məcburi şəkildə telefonumu əlimdən aldı. Rəhim adlı müstəntiq üstümə qışqırdı. Polis şöbəsinin həyətindən çölə çıxardılar…”

Elvin Yusifov deyir ki, vəkil kimi, cinayət işi üzrə saxlanılan şəxsin hüquqlarını müdafiə etməyə getdiyi halda, özü zorakılığa məruz qalıb. Nəticədə müvəkkilinin müdafiəsini həyata keçirə bilməyib. O, özünün də həyatına təhlükə olduğunu düşünür. Vəkil məsələ ilə əlaqədar sosial media hesabından Daxili İşlər Nazirliyinə də müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ ilə əlaqədar Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, polis orqanlarının inzibati binasına smartfon telefonlar daxil olmaqla, heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmir:

“Bu qadağa, polis orqanında çalışan əməkdaşlarla yanaşı, müraciət üçün gələn, dəvət edilən, gətirilən, yaxud digər şəxslərin təhlükəsizliyindən irəli gəlir. Nəzərə alınmalıdır ki, fasiləsiz xidmət göstərən polis cinayət və ya digər hüquqpozmalar törədən şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görür”.

DİN rəsmisi vəkilə təzyiq göstərilməsi haqda iddiaları təkzib edib.

Ana səhifəBölgəVəkil Ağsu Rayon Polis Şöbəsində zorakılığa məruz qaldığını deyir