İctimai fəal vəkilə təzyiq və bədən hərarətinin düşdüyünü də söyləyib
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin dekabrın 15-dən başladığı aclığı 8-ci gündür ki, davam etdirdiyi bildirilir. Bunu onun özü də dekabrın 22-də vəkili Cavad Cavadovla görüşündə deyib. Vəkil Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşüb.
Cavad Cavadovun Meydan TV-yə verdiyi məlumata görə, günlərdir davam edən aclığın Bəxtiyar Hacıyevin səhhətinə kəskin şəkildə mənfi təsir göstərdiyi zahirən də görünür. Bundan başqa, ictimai fəal vəkilə təzyiq və bədən hərarətinin düşdüyünü də söyləyib.
“Bəxtiyar dedi ki, bu gün (dekabrın 22-də-red.) təzyiqi aşağı olub – 90/60, hərarəti isə 35,4-ə düşüb. Nəbzi isə 76-dır. O, həbs olunanda çəkisi təxminən 84 kiloqram olub. Aclıq etdiyi müddətdə 5 kiloqram çəki itirib”, – Cavad Cavadov bildirib.
Vəkil vurğulayıb ki, aclıq nəticəsində orqanizm çox zəifləyib. Bəxtiyar Hacıyev o həddə çatıb ki, bəzən zəiflikdən tarazlığını itirir, yıxılmamaq üçün özünü çətinliklə saxlayır. Buna baxmayaraq, ictimai fəal aclığı davam etdirməkdə israrlı olduğunu deyib: “Azadlığa çıxana qədər aclığı davam etdirmək niyyətindədir”.
Dekabrın 23-də səhər saat 10.00-da Bakı Apelyasiya Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün verilmiş şikayətə baxılacaq. Həmin şikayət Xətai Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarından verilib. İctimai fəalın vəkili Aqil Layıc onun istintaq dövründə ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət versə də, təmin olunmamışdı. Apelyasiya şikayəti də həmin qərardan verilib.
Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.
Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.
Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyib. Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.