Vəkil Abbas Hüseynlə görüşüb

Vəkil Nemət Kərimli: Abbas Hüseyn ona hədə-qorxuların davam etdiyini bildirdi

Source:


Vəkil Nemət Kərimli: Abbas Hüseyn ona hədə-qorxuların davam etdiyini bildirdi

Vəkil Nemət Kərimli sentyabrın 14-də Qobustan həsbxanasında saxlanılan Abbas Hüseynlə görüşüb.

Bu barədə Meydan TV-yə danışan Nemət Kərimli Abbas Hüseynin səhhətinin normal olduğunu deyib:

“Abbas Hüseyn ona hədə-qorxuların dayanmadığını bildirdi. Bu mənada məhbusun durumundan narahatlığımı gizlətmirəm. Müvafiq orqanlara müraciət edəcəyəm” .

Vəkil Abbas Hüseynin Vərəm Dispanserinə aparılacağı barədə anası Rəhimə Hüseynovanın söylədiklərinə şərh verə bilməyəcəyini bildirib:

“Bununla bağlı məlumatsızam, Abbas Hüseynlə söhbət zamanı heç nə demədi”.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Ana səhifəXəbərlərVəkil Abbas Hüseynlə görüşüb