Vaxtsız ölümlərin vətəni

Canını, sağlamlığını vətən yolunda itirən şəhidlərimizə, qazilərə…

Source:
Rövşən Hacıbəyli
Rövşən Hacıbəyli

Canını, sağlamlığını vətən yolunda itirən şəhidlərimizə, qazilərə…

Salam, Vətən! Səni sevirəm. Ağlım kəsəndən evdə ata-anam, məktəbdə müəllimlərim səni sevməyi tapşırıb. Bəzən bu tapşırıqların fərqinə varmadan, sənin necə – adil, zalım, mehriban olub-olmadığını bilmədən səni sevmişəm. Uşaq olmuşam, ağlım kəsməyib, sevgi nə olduğunu heç anlamamışam, ancaq sevmişəm. “Vətənin yolunda candan keçərlər”,- deyiblər bizə, yaşıdlarımıza. Bizi bu ruhda böyüdüblər. Lap uşaq çağlarımızdan – 5-ci sinifdə oxuyandan bizi pambığa aparıblar; seyrəltməyə, alağa, yığıma. Dərslərimiz başqa vaxta keçirilib, proqramları çatdırıb öyrənə bilməmişik, çünki vətən üçün seyrəltməyə getmişik, alaq vurmuşuq, pambıq yığmışıq. Dərslərimiz həmişə sonraya saxlanılıb. Müəllimlərimiz bizim vətən üçün çalışdığımızı nəzərə alıb heç nə soruşmadan rüblük qiymətlərimizi yazıb; davranışımıza uyğun olaraq. Hələ “sovka” toplamağımızın xüsusi qiymətləndirilməsini demirəm. Bu işdə fərqlənənlərimizin pionerə, komsomola sorğu-sualsız keçirilməsi bizim üçün ayrıca bayram idi. Döşümüzə taxdığımız o nişanları sevə-sevə daşıdığımızı, valideynlərimizə fəxrlə göstərdiyimizi xatırlayanda kövrəlməmək olmur. Bunları bizə sənə sevgimizə, lap uşaq yaşlardan sənin üçün çalışdığımıza görə vermisən, Vətən! Şairin şeiri də dilimizin əzbəri olub:

Heç bir mükafatın yetmədi mənə,

Bircə “sağ ol”un da bəsimdi, Vətən!

Biz səni təmənnasız, bircə “sağ ol”suz da sevmişik: qarşılıq gözləmədən.

Orta məktəbi bitirəndə heç də hamımız ali məktəb arzusunda olmurduq. Axı normal təhsil almamışdıq, qəbul imtahanı vermək, ali məktəbə girmək şansımız yox idi. Ancaq bu arzuda olanlarımız da az deyildi, Vətən! Bakı, ölkənin paytaxtı, şəhər həyatı, tələbəlik, bütün bunlar çox çəkiciydi. Bir çoxlarımız səni canından artıq sevdiyindən bu imkandan məhrumdu, çünki səni o qədər sevmişdik, sənə sevgiyə o qədər vaxt ayırmışdıq ki, təhsil almağa imkanımız olmamışdı. Sənin baş kəndinsə təhsilliləri sevirdi, onlara qucaq açırdı. Bizəsə eləcə səni sevmək qalırdı…

Sənin dar, çətin günlərində də harayına biz tələsdik, Vətən. Minnət qoymuruq. Axı səni – anamızı çox sevirdik. Uşaqlıqdan bizi belə öyrətmişdilər. Bizə sənin yolunda ölməyi(!) belə təbliğ eləmişdilər. Bilmirəm niyə? Axı biz səni sevib səninlə birgə xoş, gözəl günlər də keçirə bilərdik. Niyə ölməliydik? Sağ qalmaqla sənə daha çox fayda verə bilərdik. Lap elə sənin pambıq tarlalarında çalışmaqla. Beşillik planları, öhdəlikləri, əlavə öhdəlikləri yerinə yetirməklə…

Ancaq bizə deyirdilər ki, torpaq, uğrunda ölən varsa, Vətəndir. Bəs, görəsən, sənin uğrunda ölməsəydik, adın nə olacaqdı, Vətən?

Qarabağ savaşında harayına yetdik, “bu vətən bizim” dedik, bilirsənmi, nə qədər yoldaşlarımız, dostlarımız canından keçdi, nə qədəri bir parçasını itirdi, yarımcan oldu, heç uf demədi, axı səni sevirdi, “sənin yolunda bir can nədir ki” deyirdi. Təki sən yaşa, sən var ol! Çoxumuz gəncliyimizi belə yaşamadıq!

Həyatın dadını belə çıxarmadıq, Vətən!

Ancaq səni sevməyənlər, sənin yolunda can nədir, varından belə keçməyənlər, səndən zəli kimi qan soranlar başa, başımıza çıxdılar. Bizi sıxdılar, bizi səni sevməkdə ittiham elədilər, bizi həbsə atdılar, bizdən səni sevməyin heyfini çıxdılar, Vətən! Sənsə susdun, səni sevənlərin, canını sənin yolunda itirənlərin, sənin üçün yarımcan olanların səsini, harayını eşitmədin, belə qarşılıqsız sevgimi olur, Vətən?!

Əlini, qolunu, gözünü, ayağını itirənlərimiz oldu. Çoxumuz o qoparılan əzamızın harda olduğunu, torpağa harda verilib-verilmədiyini belə bilmədik, bilmirik. Həmin anda heç özümüzdə olmamışıq, kimlərin bizi xilas etdiyini, salamat qalan hissəmizi necə qurtardığını duymamışıq. Ancaq bizdən qopan o parçamızın ağrısını unutmadıq… Hərdən toxunmaq, sığal çəkmək, qaşımaq üçün olmayan ayağımıza, qolumuza, barmağımıza əl uzadırıq… Yuxuda gördüyümüz çağlar da olub; sapsağlam, hamı kimi olduğumuz günlərimizi… Heç ayılmaq istəməmişik, bu yuxunun uzandıqca uzanmasını arzulamışıq.

Balalarımızın, yaxınlarımızın, əzizlərimizin toyunda belə bəzilərimizin qaldırmağa qolu, oynamağa ayağı olmayıb, Vətən! Torpağımızda bizə atılan mərmilərin qəlpələrinisə ən əziz əmanət kimi qoruyub saxlayırıq, özümüzlə sənin torpağına qovuşdurmaq üçün, tez-tez bizi sızıldatsa da, göyüm-göyüm göynətsə də…

Bağışla bizi, Vətən, səni sona qədər sevə bilmədik. Vaxtsız ölümlər qoymadı…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəVaxtsız ölümlərin vətəni