“Vaxtında tədbir görülsəydi, bacım bu gün sağ olardı…”

Ata bildirir ki, qızı hələ sağlığında Bakı şəhər Baş Polis İdarəsilə yanaşı, DTX-ya, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də şikayət etmişdi.

Source: modern.az


Namiq İsayev: “Qızımın şikayəti üzrə cavab məktubu onun intiharından sonra gəldi…”

Özünü 16-cı mərtəbədən atmaqla intihar etmiş 27 yaşlı müəllimə Naidə İsayevanı bu həddə çatdıranlarla bağlı araşdırmalar davam edir. Ötən ilin sentyabrında Bakının Nərimanov rayonu ərazisində baş vermiş bu hadisə ilə bağlı istintaq Nərimanov Rayon Prokurorluğunda aparılır. Ailə istintaqın gedişindən, onu intihara sürükləyənlərin ötən beş ay ərzində tapılıb cəzalandırılmamasından narazıdır.

Nazim İsayev Meydan TV-yə bildirib ki, bacısı hələ intihardan xeyli əvvəl hüquq-mühafizə orqanlarına rəsmi şəkildə məktublar göndərib, sosial şəbəkələrdə adına saxta hesablar yaradıldığını, fotoları, özünün, vaxtilə anasının istifadəsində olmuş telefon nömrələrinin yayıldığını bildirib. Şərəf və ləyaqətinin ləkələndiyini, şantaj edildiyini vurğulayaraq, bunu edənlərin tapılmasını istəyib. Amma şikayətləri nəticəsiz qalıb.

Naidə İsayeva ölümündən 20 gün əvvəl – 2020-ci il avqustun 28-də Bakı şəhər Baş Polis İdarəsindən müraciətinə cavab məktubu alıb. Məktuba Cinayət-Axtarış İdarəsinin rəisi Əziz Rüstəmov cavab verib.

“Bildiririk ki, “Instagram” və “Tik-tok” sosial şəbəkələrindən, “Loto” oyun proqramından məlumatların götürülməsi texniki imkanlar xaricində olduğundan, qeyd olunan fotoşəkillərin kim tərəfindən yerləşdirilməsini müəyyən etmək mümkün olmayıb”, – cavab məktubunda belə yazılıb.

Qardaşı hesab edir ki, əgər vaxtında tədbir görülsəydi, bacısı bu gün sağ olardı: “Bu, bizim ailəmizə çox ağır zərbə oldu, üstündən beş ay keçib, hələ də özümüzə gələ bilməmişik. Biz yaşadıq, heç olmasa, başqaları yaşamasın bu dəhşəti, ona görə istəyirik ki, bacıma bunu edənlər tez bir zamanda tapılsın, cəzalandırılsın. Prokurorluğa gedirik, deyirlər ki, istintaq gedir, bu cür halların müəyyənləşdirilməsilə Dövlət Təhlükəsizliyi Xidməti məşğul olur. Deyilənə görə, bu işlə bağlı da ora sorğu göndəriblər. Atamla birlikdə ora da getmişik. Hələ nəticə yoxdur. Deyirlər ki, guya, “İnstagram” və digər sosial şəbəkələrin baş ofislərinə də məktub göndərilib. Bu şəbəkələrin istifadəçiləri, gələn məktublar çox olduğuna görə onların cavablandırması da yubanır. Nə qədər çəkəcək, bilinmir…”

photo-2021-02-12-18-04-43.jpg
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi Əziz Rüstəmovun cavab məktubu

Naidə İsayevanın atası, Qarabağ müharibəsi əlili Namiq İsayev qızının ölümüylə bağlı istintaqın gedişindən Prezident İlham Əliyev, Baş prokuror Kamran Əliyev də daxil, bir sıra dövlət orqanlarının rəhbərlərinə şikayət edib. Ata bildirir ki, qızı hələ sağlığında Bakı şəhər Baş Polis İdarəsilə yanaşı, DTX-ya, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də şikayət etmişdi.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov tərəfindən imzalanmış məktub qızımın intiharından sonra gəlib. Qızım da dövlət orqanlarının araşdırma aparmamasından, onun işinə lazımi qaydada baxılmamasından, onu biabır edən şəxsin davamlı təhqiramiz hərəkətlərindən bezərək intihar edib”, – Namiq İsayev bildirib.

Onun sözlərinə görə, Naidənin ölümünə səbəb olmuş şəxsin istifadə etdiyi hesablar istintaqa təqdim edilib. Lakin prokurorluqdan deyirlər ki, onun kimliyini müəyyən etmək mümkün deyil: “Halbuki, qızımın telefonu, yazışmalar və s. nə varsa, hamısı istintaqa təhvil verilib”.

Nərimanov Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, Naidə İsayevanın intiharı faktı üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb: “İstintaq davam edir və bütün lazımi istintaq hərəkətləri aparılır”.

27 yaşlı Naidə İsayeva 2018-ci ildən Xəzər rayonundakı 121 saylı orta məktəbin ibtidai sinif müəllimi olub. O, sentyabrın 16-da intihar edib.

Ana səhifəSosial“Vaxtında tədbir görülsəydi, bacım bu gün sağ olardı…”