”Vaxtında oxusaydım, bu yola da düşməzdim”

Seks fəaliyyəti göstərən qadının həyat hekayəsi

Source:


Seks fəaliyyəti göstərən qadının həyat hekayəsi

Şəlalə xanımla tanışlığımız təsadüfən olmadı. Əslində, eyni şəhərdə, eyni məhəllədə uzun müddət yaşadığımız üçün, onu çoxdan tanıyırdım. Onun barəsində eşitməmək mümkün deyildi, bütün həyət yaxınlıqdakı binada yaşlı bir qadının uzun illərdir evində müştəri qəbul elədiyindən danışır, o, həyətdən keçəndə üzünə gülümsəyir, sonra arxasınca bu qadının bioqrafiyasını müxtəlif versiyalarda bir-birilərinə danışırdılar.

Vəziyyət elə gətirdi ki, Şəlalə xanımla bir neçə dəfə danışmalı oldum. İşimlə bağlı internet tez-tez lazım olurdu, məhəllədə mövcüd olan yeganə internet kluba qadınların girməyi mümkün deyildi. O həndəvərdə evində internet olan tək qonşu isə Şəlalə xanım idi. Mən bir neçə dəfə onun evinə gedib, internetdən istifadə edəndə, hamının pıçıltı ilə danışdığı qadını bir az tanımaq imkanım oldu.

Əvvəla, onu deyim ki, bu xanımın nə işlə məşğul olduğunu bilməsəm, heç vaxt ağlıma gəlməzdi ki, o, bədənini sataraq dolanır. Birincisi, kifayət qədər yaşlı idi. İkincisi, bəlli bir obrazı olan yüngüləxlaq qadına heç bir oxşarlığı yox idi. Nə danışığında, nə geyimində, nə davranışında. Evi təmiz, səliqəli idi, daima hazır bir neçə növ yemək görünərdi masada, geyimi isə həm kübar, həm bahalı, həm də yaşına uyğun ciddiyyətdə olurdu.

O, kifayət qədər açıq adam idi. Hamının onun nə işlə məşgul olduğundan xəbərdar olduğunu bilirdi. Buna görə də, heç nədən çəkinmirdi. Evində olanda bir neçə dəfə o özü söhbət salmışdı taleyindən. Məsələnin həssas, ağrılı olduğunu bildiyimdən, özüm heç vaxt bu barədə ona sual verməyə cəsarət etməzdim. O isə qırıq-qırıq söhbətlərlə, öz hekayəsini başdan-ayağa danışmağa imkan tapdı.

20 yaşı olanda əri və qucağındakı bir yaşlı körpəsi ilə rayonların birindən gəlmişdi Sumqayıta. O illərdə Sumqayıt gənclik, zavod, sənaye şəhəri idi. Gənc ailə də bu gənclik şəhərində öz gələcək taleyini görürmüş. Əri tez bir zamanda iş tapır. Amma heç bir il keçməmiş, iş yoldaşı ilə sözü düz gəlmir. Mübahisə şiddətli davaya çevrilir və bıçaqlaşmaya keçir. Şəlalənin əri həmin gün iş yoldaşını bıçaqlayır, özü milisə təslim olur, məhkəmə isə ona 15 il iş kəsir.

İndi əri həbsdə olan Şəlalənin iki yolu vardı: Ya körpəsini götürüb rayona, ailəsinin yanına qayıtmaq və həbsdə olan ərinə ərzaq, paltar gətirmək üçün yollardan qalmaq, ya da şəhərdə qalıb bir iş tapmaq. Gənc qadın birinci variantı tez beynindən silib atır. Deyir ki, ora qayıtsaydım, qohum-əqraba özümə, balama verdiyi bir tikə çörəyə görə minnət qoyacaqdı, hələ hardansa pul tapıb heç olmasa ayda bir dəfə yoldaşımın yanında türməyə də gəlməli idim. Bu pulu mənə kim verəcəkdi? Atamgil də, qaynatamgil də kasıb adamlar idi. Onlara yük olmağın bir adı yox idi.

İkinci varinat Sumqayıtda iş tapmaq idi. Amma heç bir təhsili olmayan, əlinin peşəsi olmayan gənc qadın harda işləyə bilərdi ki, həm özünü, həm körpəsini, həm zindandakı ərini dolandırsın. Şəlalə xanım deyirdi ki, mən ya qabyuyan, ya aşpaz, ya da süpürgəçi işləyə bilərdim. Maaş qəpik-quruş, evdə uşaq, özüm də gənc qadın. Kimsə ilişəcəkdi, yaxınlıq eləmək istəyəcəkdi, razı olmasam da, işdən qovacaqdılar. Odur ki, bu iş tapmaq məsələsin də qoydum qırağa. Ağlıma ancaq o gəlirdi ki, ən rahat yolu bu işdədir.

Sovet vaxtı belə şeylər az-az olurdu. Mehmanxanalara-zada da getməyi ağlıma gətirmədim. Geyinib-keçinib, toylara gedirdim, hündür, gözəl, tək qadın idim, mütləq tanış olmaq istəyən biri tapılırdı. Evimin nömrəsini verirdim, zəng edəndə də əvvəlcədən deyirdim ki, pulla görüşürəm. Bir dəfə gələn adam yarım il, bir il yanıma gəlib gedirdi. Belə şeylər tez yayılır. Qısa müddətdə hamı bildi ki, filan məhələdə filan evdə belə bir qadın var. Düzdü, bu, mənə həm çox müştəri gətirdi, amma həm də qonşularla problemlər başladı. Kişili-qadınli evimə gəlib, yolda qabağımı kəsib, deyələr oldu ki, özünü yığışdır, məhəlləyə, binaya yad adam gətirmə”.

Amma gənc qadın özünü itirməyib. “Uçastkovi” ilə danışıb, qazancından onun hesabını verəcəyinə əmin edib. Qonşulara isə sərt şəkildə bildirib ki, ona nəsə eləmək fikrinə düşməsinlər. Heç kimdən qorxmur, heç kimə də hörmətsizlik etmir. Deyib ki, evindən heç vaxt sərxoş məclis səsləri, qalmaqal eşidilməyəcək, məhəlləyə gələn müştərilər sakit və mümkün qədər həyətdə heç kimin olmadığı vaxtlarda gəlib gedəcəklər. Şəlalənin ciddi, qonşucanlı, əliaçıq qadın olması da məsələyə kömək edib. Deyir ki, bu illər ərzində bir qonşunun da toyundan-yasından qalmayıb. Kim borc istəyibsə, verib. Kim köməyə çağırıbsa, qaçıb. üstəlik, hər həftə ərinə baş çəkməyi, ona korluq verməməyi, uşağına yaxşı baxmağı da onu yaxşı qadın, qonşu adamı, ürəyiyanan adam kimi tanıdıb hamıya.

“Mən bir dəfə də olsun, açıq-saçıq geyinməmişəm, siqaret çəkməmişəm, bir qədəhdən artıq içki içməmişəm. Bu məhəlləyə, qonşularıma, onların fikirlərinə hörmət eləmişəm, məhəllədə hündür səslə danışmamışam. Yaşlıların hörmətini saxlamışam, kimin qayğıya ehtiyacı olubsa, əsirgəməmişəm. Hamı başa düşdü ki, mən bu yola kefimdən deyil, məcbur qaldığım üçün getmişəm, heç kimə ağız açmayım, ərim həbsxanada korluq çəkməsin, uşağım minətli çörək yeməsin deyə”.

Zamanla qonşular onun işinə alışıblar. Hətta kənardan kimsə Şəlalə barədə nəsə pis söz deyəndə, qonşular onu müdafiə ediblər. “Kaş elə bütün o yola gedən qadınlar onun kimi olaydı”, – deyiblər.

Şəlalə düz 15 il ərinin yanına gedib-gəlib. Qısa bir zamandan sonra ərinin ailəsi gəlinlərinin nə işlə məşğul olduğunu öyrənib. Amma bunu ərindən gizlədiblər. Şəlalə deyir ki, bilirdilər, bunu xəbər verəndən sonra yoldaşım məni görməkdən imtina edəcək, hər ay yanına gedib-gəlməli, ərzaq, siqaret, paltar aparmalı olacaqlar ona. Bunu eləməsinlər deyə, xəbəri ona ancaq türmədən çıxandan sonra verdilər.

Həyat yoldaşı arvadının nə işlə məşğul olduğunu öyrənəndən sonra nə qədər qəzəblənsə də, son on beş ili gözünün qarşısına gətirib. Arvadının ona hər həftə ərzaq daşımağı, bir insan kimi sadiqliyini qiymətləndirə bilib.

Üstəlik, rus bölməsində, əla qiymətlərlə oxuyan, tərbiyəli, mədəni bir oğul böyütməyi, qonşuların Şəlalə barədə dedikləri yaxşı sözlər onu yumşaldıb. O, evinə gələrək, arvadına boşanmaq istəmədiyini, onu bağışladığını, birlikdə yaşamaq istədiyini deyir. Amma Şəlalə xanım razı olmur. Deyir: “Belə şeyi unutmaq asan deyil. Bir il, iki il susacaqdı, sonra qohumları, yaxınları beynini dolduracaqdılar, küçədə insanlar sataşacaqdı, arvadın fahişədir, sən də başına papaq qoyursan deyəcəkdilər. Nə qədər dözəcəkdi ki. Axırda da ya məni döyməyə başlayacaqdı, ya öldürəcəkdi, ya intihar edəcəkdi. İstəmədim bunları. Dedim, yox, gəl mən sənə bir az pul verim. Get bir iş qur. İstəyirsən lap oğlumuzu da apar. Hər halda belə ad çıxaran ananın yanındansa, səninlə ona daha rahat olar.

Amma nə ərim razı oldu, nə oğlum onunla getdi. Yığdığım pullardan bir qədərini ona verdim, getdi rayonda bir balaca dükan açdı. Münasibətlərimiz də yaxşı qaldı. İndiyə qədər də qonaq kimi gəlir bura”.

Şəlalə xanım oğlunu rus bölməsində oxudub. Uşaqlıqdan ədəbiyyata, incəsənətə meyli olub oğlunun. Amma Şəlalə xanım ona hərbçi olmağı məsləhət görüb. Deyir, bunu ona görə edib ki, Sumqayıtda az qalsın. Hansısa başqa şəhərə, rayona versinlər təyinatını. O yerə ki, orda onun anasını heç kim tanımır. Oğlu da razılaşıb. İndi zabitdir. Yüksək rütbəsi var. Yaşı qırxa azalıb. Üç dəfə ailə qurub və bu evliliklərdən 4 övladı var. Bütün həyat yoldaşları ilə anasına görə boşanıb. Qudalar ilk vaxtlarda kürəkənlərinin anasının kim olduğunu bilməsələr də, sonradan öyrənəndə ondan anasından imtina etməsini tələb ediblər, əks halda qızlarını boşatdıracaqlarını deyiblər. Hər üç dəfə də oğlu Şəlalə xanımı seçib.

Məhkəmə Şəlalə xanıma nəvələrini, oğluna isə övladlarını görməyə günlər təyin edib. Bu günlərdə o nəvələri ilə vaxt keçirir. Onlarla əylənir, kinoya, dükanlara, parka aparır. Hədiyyələr alır, dərsləri ilə maraqlanır. Deyir ki, onların hamısını ali təhsilli görmək istəyir. Mütləq.

Şəlalə xanım deyir ki, oğlu bir dəfə də olsun onunla işi, həyat tərzi barədə danışmayıb. Bəlkə də ona görə ki, Şəlalə xanım o evdə olanda heç vaxt müştəri qəbul etməyib, qayğıkeş və mehriban ana olub, yaxşı oxudub, başqa dəyərlər aşılayıb, çalışıb mümkün qədər öz həyatından uzaq tutsun. Buna görə də, küçədə, həyətdə eşitdiyi tənələrə baxmayaraq, oğlu heç vaxt anasının işini üzünə vurmayıb.

Doğrudan da, bizim ölkə üçün olduqca qəribə haldır. Bir məhəllədə bir qadın seks xidmətləri göstərir. Amma qonşular da, oğlu da, keçmiş əri də onun tərəfini saxlayır, hörmət edir. Nə qədər yaşlansa da, keçirdiyi ağır illər nə üzündə, nə duruşunda kəskin izlər buraxııb. O, bizim öyrəşdiyimiz – yaşlanmış seks işçisinin əldən düşmüş, düşkünləşmiş, boyalı, vulqar obraza heç uyğun gəlmir. Əksinə, daha çox bir məmur qadına, hansısa varlı, kübar bir ailənin ağbirçəyinə oxşayır.

Belə şux qalmağının, insanların ona bəslədiyi hörmətin səbəbini Şəlalə xanım öz davranışlarında, tədbirli və mədəni insan olmasında görür:

“Əlbəttə, mən heç kimə bu yola düşməyi arzu eləmirəm, məsləhət görmürəm. Amma bəzən həyat buna məcbur edir. Bi halda ki, bu taledən qaçmaq mümkün olmadı, özünü başqa dərdə salmaq olmaz. Baxıram bu yola düşən gənc qızlara. İçkiyə qurşanırlar, narkotikə uyurlar, boyaları, açıq-saçıqlığı seçirlər. Söyüş söyürlər, özlərini çox kobud, tərbiyəsiz aparırlar. Bu yola düşmüsənsə, o demək deyil ki, mütləq belə görünməli, belə olmalısan. İçki, narkotik, əxlaqsız davranış həm özlərinin gəncliyini məhv edir, həm də başqalarının onlara nifrət etməsinə, təhqir eləməyinə şərait yaradır. Müştəriləri onları bəzən döyür, təhqir edir. Mənim geyimimə, danışığıma baxan heç vaxt özünə yaraşdırmayıb ki, pis söz desin, ya hörmətsiz davransın. Bu yolda düşmək o demək deyil ki, mütləq qohumlarından, qonşularından uzaqlaşasan. Başa düşürəm, müsəlmanıq, heç bir qohum, qonşu belə şeyə yaxşı baxmır. Amma hər şey adamın öz əlindədi. Mən həmişə bütün xeyir-şərə getmişəm. Yaxın adamların hüzrü olanda kömək eləmişəm. Hamıyla hörmətlə danışmışam. Heç kim bir az da olsa tərbiyəsizliyimi, hörmətsizliyimi görməyib. Həmişə soyuqqanlı olmuşam. Çalışmışam qazandığım pulu ağılla xərcləyim, qənaət edim, oğlumun, özümün sonrasını fikirləşim.

İnsanlığı heç vaxt unutmaq olmaz. Müştərilərim mənə daha çox insan olduğuma görə bağlanıb. Eləsi var, daha aramızda intim münasibət yoxdur, amma gəlib-gedir, nəsə problemim olanda həll edir. Çünki onlarla insan kimi davranmışam. Evimdə özlərini öz evlərindəki kimi hiss ediblər. Eləsi olub, deyib ki, arvadım xaş iyini götürmür, gəlim sənin evində xaş bişirim. Demişəm gəl. Eləsi olub, gəlib deyib ki, heç nə istəmirəm, eləcə uzanıb, sakit yatıb dincəlmək istəyirəm, evdə səs-küy var. Yer rahatlamışam, Eləsi olub, deyib filan şəhərə gedirəm, yolda darıxacam, gəl mənə yol yoldaşı ol”.

Şəlalə xanım özünü bədbəxt saymır. Deyir ki, ömrünün axırına kimi ona yetəcək qədər pul yığıb. Oğlunun yaxşı işi var. Nəvələri yaxşı təhsil alır. Amma özünü xoşbəxt də saymır. Deyir ki, ən böyük səhvi təhsil almamaqla edib:

“Vaxtında oxusaydım, bu yola da düşməzdim. Yenə məktəbdə pis-yaxşı oxumuşdum deyə, özümü itirmədim, bu yolda düşsəm də, çox səhv eləmədim, özümü çoxu kimi gülünc günə qoymadım, kimsəsiz qalmadım. Amma yenə də adamın içində bir sızıltı qalır, fikirləşirsən ki, axı hər şey başqa cürə ola bilərdi…”

Ana səhifəXəbərlər”Vaxtında oxusaydım, bu yola da düşməzdim”