Vedant Patel yaxın zamanlarda danışıqlarla bağlı yeni məlumatlar açıqlayacağını bildirib
Yaxın vaxtlarda ABŞ-ın Ermənistan-Azərbaycan danışıqları ilə bağlı daha çox bölüşməli məlumatı olacaq.
Bunu aprelin 20-də Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Vedant Patel bildirib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh prosesində dərindən iştirak edir:
“Ermənistan və Azərbaycan arasında, əsasən Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasının təmin edilməsi dövlət katibi Entoni Blinken üçün əvvəlkitək böyük əhəmiyyət daşıyır”.
Bakı və Yerevanda danışıqların təfərrüatları ilə bağlı sualın cavabında V.Patel konkret məlumat verə bilməyəcəyini söyləyib.
O xatırladıb ki, bir neçə həftə öncə Münhen Təhlükəsizlik Konfransında dövlət katibinin bu ölkələrin liderlərilə görüşmək imkanı olub.
V.Patel “Bu həftə danışıqlardan sonra Ermənistan və Azərbaycan nümayəndələrinin daha bir görüşünü gözləmək mümkün olarmı?” sualına konkret cavab verməyib:
“Mən hadisələri qabaqlamayacağam, amma əminəm ki, yaxın vaxtlarda sizinlə bölüşmək üçün daha çox məlumatımız olacaq”.
Bu həftə ABŞ-ın Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Luis Bono, habelə dövlət katibinin köməkçisinin müavini Erika Olson ayrı-ayrılıqda bölgəyə səfər ediblər.
Onlar hər iki ölkənin liderləri ilə görüşüblər.
Tarixçə
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.