“Vasif Talıbovun qohumu qanunsuz tikinti apara bilməz” (VİDEO)

Azərbaycan hakimiyyətinin azad mətbuata, müstəqil QHT sektoruna hücuma keçməsi son günlərin ən çox müzakirə predmetinə çevrilən hadisələr sırasındadır. Ancaq bu müzakirələr nə daxili, nə də xarici ictimiayyət səviyyəsinə çatmayıb. Ayrı-ayrı bəyanatlar hadisələrin prosesə çevrilməsinə təkan vermir. Tanınmış vəkil Namizəd Səfərovla mövcud durumun yaratdığı suallara aydınlıq gətirməyə çalışdıq.



Namizəd müəllim, son vaxtlar sizin də, bizim də həmkarlarımız həbs olundu. Naxçıvanda jurnalist İlqar Nəsibov vəhşicəsinə döyüldü. Baş verən  hadisələrin fonunda və ölkədə qanunların işləməsi baxımından hüquqi vəziyyəti necə şərh edərdiniz?

–         Son 20 ildə Azərbaycanda fundamental insan hüquq və azadlığı, söz, mətbuat, seçki, sərbəst toplaşmaq, ədalətli məhkəmə çəkişməsinin hüquq və azadlıqları daim pozulub. Halbuki, bu hüquqlar beynəlxalq səviyyədə də qorunur. Azərbaycan da BMT başda olmaqla digər beynəlxalq qurumlara daxil olarkən öz üzərinə könüllü öhdəliklər götürüb. Lakin çox təəssüf ki, son 20 ildə tendensiya pisləşməyə doğru gedir. Xüsusən son zamanlarda baş verən həbslər gedişatın kulminasiya nöqtəsinə çatdığını göstərir, qanunlara münasibətdə həddini aşma var. Sualınıza gəldikdə, hüquq və demokratiyanın vəziyyəti, Azərbaycan Konstitusiyasında hakimiyyət bölgüsü var: icra, məhkəmə və qanunverici hakimiyyəti. Amma gözə görünən hakimiyyət yalnız prezidentin başında dayandığı icra hakimiyyətidir. Bununla da nə məhkəmə, nə də qanunverici hakimiyyətlər öz funksiyalarını yerinə yetirmir, hakimiyyətlərini könüllü surətdə icra hakimiyyətinə verib onun əmr və sərıncamlarını yerinə yetirir. Çox təəssüf ki, Azərbaycan vətəndaşları bugün məhkəmə müdafiəsindən məhrumdurlar. Artıq məhkəmələrin təşkili də, sonrakı fəaliyyəti də icra hakimiyyəti tərəfindən həyata keçirilir. Ona görə də hakimlərin müstəqilliyindən söhbət gedə bilməz. Belə şəraitdə isə insanların fundamental hüquq və azadlıqları, məhkəmə müdafiəsi yoxdur.



Həddini aşma məsələsinə toxundunuz, qanunvericilikdə bu barədə məsuliyyət necə qoyulur?

–         Həddini aşmaq deyəndə, son hadisələrin ictimaiyyətin gözü qarşısında baş verməsini nəzərdə tuturdum. Hakimiyyət də Leyla Yunusun, Arif Yunusun, İntiqam Əliyevin və digərlərinin həbsinin ictimaiyyət arasında etirazlarla qarşılanacağını bilirdi. O cümlədən, beynəlxalq təşkilatların da reaksiya verəcəyi məlum idi. Yəni həddini aşma deyəndə, mən bu məqamları nəzərdə tuturdum. O mənada hakimiyyət daxili və xarici ictimai rəyə hörmət etməlidir. Amma bu gün vətəndaşların nə kütləvi tədbirlər keçirmək hüququ təmin olunur, nə də televiziya kanallarında ictimai dinləmələr keçirilir. Yeganə sosial şəbəkələrdir ki, yalnız orada etirazlar olur. Amma hakimiyyət bu etirazlara da fikir vermir.



Gəlin, yazıçı Rüstəm İbrahimbəyovun “Azərbaycanda ictimai rəy yoxdur” fikrinə qayıdaq. Bu günlərdə RATİ-nin Avropa Şurasını hədəfə alaraq etiraz bəyanatlarının kağız üzərində olduğu barədə fikrini xatırladım.  Azərbaycanın noyabra qədər AŞ Nazirlər Kabinetinə sədrlik etməsini nəzərə alsaq, daxili ictimai rəy və beynəlxalq qurumların münasibətinin yox dərəcədə və zəif olması ilə razılaşırsınızmı?

–         Əslində, son olaylarla bağlı bir sıra partiya rəhbərlərinin, ictimai xadimlərin çıxışı var və bu, ictimai rəydir. Ondan başqa sosial şəbəkələrdə də jurnalistlər, bloqqerlər, gənclər öz fikirlərini bildirirlər. Elə beynəlxalq təşkilatlar da mövqelərini bildirdilər. Amma mən dünya birliyinin Ermənistanda, Rusiyada insan hüquqlarlının pozulmasına bu dərəcədə münasibət bildirdiyini görməmişəm. Baxmayaraq ki, yüngül formada münasibət sərgiləyirlər, amma yay vaxtında da bəyanatlarını çatdırırlarsa, bu, elə ictimai rəydir. Sadəcə, ictimai rəyi eşidən yoxdur.  Bəli, Azərbaycan Nazirlər Kabinetinə sədrlik edir, amma öz ölkəsindəki olaylara məsuliyyət hissi daşımır.



Nədən yarandı bu məsuliyyətsizlik?

–         Bayaq dedim, son 20 ildə ölkədə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması adi hal alıb. İntiqam Əliyevə, Anar Məmmədliyə, Leyla Yunusa, Nemət Pənahlıya, Sərdar Əlibəyliyə qarşı ittihamların qondarma olduğunu hamı bilir. Xüsusən, xuliqanlıq, narkotika və son zamanlar aktual olan “dövlətə xəyanət” ittihamının hüquqi baxımdan heç bir əsası yoxdur.



Mən sizin doğma yurdunuz Naxçıvandakı siyasi duruma qayıtmaq istəyirəm. Adətən deyirlər ki, Naxçıvanda həyata keçirilən siyasi üsullar sonradan Azərbaycana gətirilir. Sonunci hadisə həmkarımız İlqar Nəsibovun döyülməsi… Düzdür, Nəsibovlar ailəsinə əvvəllər də təzyiq olurdu. Bəs bu gün nə baş verir orda, Vasif Talıbov hansı rejim yaradıb?

–         Naxçıvanda hansısa rejimin yaradıldığını düşünmürəm. Naxçıvan Azərbaycanın bir bölgəsi olduğundan ordakı rejimin Bakıdakından fərqi yoxdur. Hazırda Naxçıvan anklavdadır, nəqliyyat əlaqəsi təyyarəylədir, bu mənada Muxtar Respublika Azərbaycandan kənar düşüb. Guya, Bakıda, rayonlarda partiyaların müstəqil fəaliyyətinə imkan verilirmi? Xatırlayırsızsa, Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkərana getməsinin qarşısı alındı. AXCP sədri Əli Kərimli 10 ildir xarici pasportunu ala bilməməsi səbəbindən ölkədən çıxa bilmir. Ən maraqlı məqam, paytaxtdakı partiyaların fəaliyyətinə normal yanaşma göstərilirmi? Məgər, onların Bakı üzrə rayon təşkilatlarının qərargahları varmı? Elə AXCP-ni götürək, 10 ildir qərargahları yoxdur, icarəyə götürdüklərini ya bağlayır, ya da partladırlar.  O cümlədən, QHT-lərə də oxşar münasibəti gördük.



Amma bütün bu proseslər Naxçıvandan başladı…

–         Əslində, Naxçıvanda baş verənlər digər bölgələrdə baş verənlərin eynidir.  Guya bu gün Naxçıvanda vətəndaşların seçki hüququ təmin olunsa, bu, Bakı tərəfindən qəbul olunacaq? Yaxud Naxçıvan şəhərində AXCP-yə yaxşı qərargah verildi, Bakıdan buna imkan verərlərmi? Çünki Bakıda AXCP-yə qərargah qadağası qoyulubsa, Naxçıvanda da imkan verməzlər.



Ancaq Vasif Talıbovun bir çox məsələlərdə Bakı ilə hesablaşmadığı bildirilir…

–         Mən bu fikirlə razılaşmıram. Çünki müəyyən məsələlərdə bölgə rəhbəri müstəqil ola bilır, amma ümumi siyasi məsələlərdə ölkə rəhbərliyi ilə razılaşırlar. Heç kim özbaşına addım atıla bilməz. Amma bir məqam var, paytaxt mülki və məişət problemləri Naxçıvanda olmur, yəni parkların özbaşına sökülməsi, yaşıllıqların məhv edilməsi. Bu, yaxşı bir haldır.



Nə mənada yoxdur?

–         Naxçıvanda nazirin oğlu, yaxud Talıbovun qohumu küçənin bir hissəsini, ya da boş torpaq hissəsini zəbt edib qanunsuz tikinti apara bilməz.



Bəlkə hər şeyin bölündüyü səbəbindən indiki vəziyyət yaranıb?

–         Yox, o cür deyil. Bəlkə insanlar arasında bir nəfərin rəhbərlik etməsi baxımından indiki durum yaranıb. Amma biz Bakıda elə özbaşınalıqlar görmüşük ki, bir nəfərin belə rəhbərliyindən də razıyıq. Adi bir misal, paytaxtın “Elmlər Akademiyası” metro stansiyasından yuxarıda “Şüşəli Bazar” yerləşirdi, ərazi boşaldılmışdı və yeni küçə salınacağı bildirilirdi, yəni Mətbuat prospektinı doğru küçə açılacaqdı və bu da tıxacı bir qədər aradan qaldıracaqdı. Amma kimsə “Şüşəli Bazar”ın yerində obyekt tikdiyi üçün küçəni tamam bağlayıb. Hətta rəsmi şəkildə prezidentə, baş prokurora və başqa müvafiq rəsmi qurumların rəhbərlərinə müraciət etsəm də, heç reaksiya da olmadı. Ancaq Naxçıvanda belə özbaşınalıq yoxdur, kimsə küçənin ortasında tikinti apara bilməz. Elə düşünməyin ki, mən kimisə müdafiə edirəm.



Amma Naxçıvanda vətəndaşlara eyvanlarından paltar asmaq da qadağan olunub…

–         Bu da yaxşıdır, çünki vətəndaşa daha yaxşı şərait yaradılmalıdır ki, küçənin ortasında paltar asılmasın. Hər kənddə, yaxud rayonda 5-6 çayxana və bir kafe vardı, vətəndaşlar səhərdən axşama qədər öz vaxtlarını boş-boşuna orda keçirirdilər. İndi hamısı bağlanıb.



Bu, yaxşı haldırmı?

–         Yaxşıdır.



Nə mənada?

–         Vətəndaşların öz vaxtını boş şeylərə sərf etməyə ehtiyac varmı? Kobud desək, bu qərar avaraçılığın qarşısını aldı.



Amma Naxçıvana qəzetlər də getmir…

–         Bu isə pisdir. Çünki söz, sərbəst toplaşmaq və mətbuat azadlığının pozulmasıdır.



Ancaq Muxtar Respublika sürətlə boşalır, insanlar İrana, Türkiyəyə işləməyə gedirlər, bu, doğrudurmu?

–         Bəli, bu problemlər var. Mən naxçıvanlı kimi yox, Azərbaycanın bir vətəndaşı kimi narahatam. Doğrudan da, vətəndaşlar özlərinə iş tapa bilmirlər.



Hətta Türkiyədə “Naxçıvan hambalları” deyilən bazarın olduğu bildirilir…

–         Bəli, var. Naxçıvanla həmsərhəd olan Türkiyə bölgələrində vətəndaşlarımız gedib onların mehtərləri, nökərləri kimi çalışırlar. Muxtar bölğənin əhalisinin üçdə bir hissəsi kənardadır, ya Bakıda, yaxud da başqa ölkələrə çörək qazanmaq arxasınca gediblər.



Siyasi baxımdan fəal olan naxçıvanlılar niyə 20 ildə indiki duruma düşdülər?

–         Siyasi baxımdan yenə fəaldırlar.



Vasif Talıbovun xofu yaratmayıbmı indiki vəziyyəti?

–         Vasif Talıbovun yox, ölkənin indiki rəhbərliyinin xofu var. Naxçıvanlılar siyasi baxımdan yetkin olublar, düzdür, bir hissəsi varlanıb…



Xüsusən də Bakıda varlanıblar…

–         Amma əhalinin əsas hissəsi yenə də kasıbdır. Əgər əhalinin əksəriyyəti Türkiyədə mehtərlik edirsə, bu, indiki durumun göstəricisidir. Başqa bir hissəsi də Bakıda fəhləlik edir, amma siyasi baxımdan fəallıqlarını saxlayırlar.



Deyilənə görə, bir çox naxçıvanlı nazirlər Vasif Talıbovun qorxusundan muxtar bölgəyə gedə bilmirlər. Bu barədə deyilənlər doğrudurmu?

–         Yox, bu, əhali arasında yaranan söz-söhbətlərdir. Bəzən siyasi fikrə təsir göstərmək üçün bu cür şeylər uydururlar. Amma mən inanmıram ki, nazirlərdən hansınınsa Talıbovla münaqişəsi olsun. Azərbaycan rəhbərliyi də buna imkan verməz.



Namizəd müəllim, siz 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarıldığınızdan yalnız mülki işlərdə kimi iştirak edirsiniz. Sualım mülki işlərlə bağlıdır, son aylar mülkiyyət toxunulmazlığı pozuntusu azalıb, yoxsa bu istiqamətdə fasilə verilib?

–         Yox, dövlətlə vətəndaşlar arasındakı mülki çəkişmələr xeyli artıb, hətta mən 100 faiz artım olduğunu düşünürəm. Məsələn, vaxtilə Bakıda 120 hakim fəaliyyət göstərirdi, onlar cinayət, inzibati və mülki işlərə baxırdılar. Bu gün onların sayı 10 dəfə artıb. Paytaxtın hər rayon məhkəməsinin hər birində 10-12 hakim var, bundan başqa ağır cinayət, apellyasiya, inzibati, iqtisadi məhkəmələr də fəaliyyət göstərir. 20 il əvvəl 7 milyon əhalimiz vardı, bu gün 9 milyonuq, onun da bir hissəsi kənardadır, yəni artım o qədər də yoxdur. Ancaq hakimlərin sayı 10 dəfə artıb, o cümlədən, mülki işlərin sayı da artıb.



Bəs ədalətin nisbəti də artıbmı?

–          Xeyr, ədalət artmayıb, xeyli azalıb. Azərbaycanda 1985-1995-ci illər məhkəmələrin “qızıl dövrü” idi. 1995-ci ildən sonra məhkəmlər tam şəkildə icra hakimiyyətinin təsir dairəsinə düşüb, könüllü surətdə öz səlahiyyətlərini icra strukturlarına verib. Bu vəziyyət də onları qane edib.

Ana səhifəVideo“Vasif Talıbovun qohumu qanunsuz tikinti apara bilməz” (VİDEO)