Yaxud 27 ildə baş verənləri indi “görürlər”?!
“İnsanların ikiüzlü olmağı sizi hələ də çaşdırırsa, demək, yaxşı adamsınız” (Tomas Eliot)
Dekabrın 21-də Naxçıvan Ali Məclisinin 6-cı çağırış 8-ci sessiyasında Ali Məclisin sədri Vasif Talıbovun səhhəti ilə bağlı istefa verməsi barədə məsələyə baxılıb. Yayılan xəbərdə sessiyanın kimlərin təşəbbüsü ilə çağırıldığı, iclasda neçə deputatın iştirak etməsi barədə məlumat verilməyib. Ali Məclisin saytında da bu barədə hər hansı xəbər yoxdur. Sayta sonuncu xəbər dekabrın 12-də qoyulub.
Naxçıvan Ali Məclisi və Nazirlər Kabinetinin təsisçisi olduğu “Şərq qapısı” qəzeti də yalnız kiçik rəsmi xəbərlə kifayətlənib. Həmin rəsmi məlumatda V.Talıbovun səhhəti ilə bağlı istefa verdiyi barədə yazılmayıb. Naxçıvan Konstitusiyasının 30-cu maddəsinə istinad edilib:
– Maddə 30. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.
Naxçıvan Ali Məclisi 5 il səlahiyyət müddəti olan 45 deputatdan ibarətdir. 31 deputatın səlahiyyəti təsdiqləndikdə Ali Məclis öz işinə başlaya bilər. V.Talıbovun istefa ərizəsinə baxılan sessiyada yetərsayın olub-olmadığı bəlli deyil. İclasdan yayılan kadrlardan da görünür ki, deputatlar sessiyaya könülsüz gəliblər, səsvermədə də candərdi iştirak ediblər, bəzilərisə, ümumiyyətlə, əlini qaldırmasa da, istefanın qəbul edildiyi bildirilib.
2020-ci il fevralın 9-da keçirilən son seçkidə Vasif Talıbov 7 saylı Yuxarı Aralıq seçki dairəsindən 94,6 faiz səslə qalib gələrək deputat seçilib. İstefasından sonra onun səlahiyyətlərini icra edən Azər Zeynalov isə 10 saylı Şərur seçki dairəsindən seçicilərin 91,4 faizinin səsini qazanmaqla deputat olub. Atasının istefasına hamıdan qabaq səs verən (çünki iclasa toplaşanların heç biri əlini ondan tez qaldırmağa cəsarət etmirdi) Seymur Talıbov 25 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 91,1 faiz səsini toplayaraq deputat olub.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası 1998-ci il dekabrın 29-da təsdiqlənib. 50 bəndlik Konstitusiyaya bu illər ərzində 30 əlavə və dəyişiklik edilib. Konstitusiyaya görə, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında qurulub. Naxçıvanda qanunverici hakimiyyət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyəti isə Naxçıvan Muxtar Respublikasının məhkəmələridir. Konstitusiya ilə bölgü belə aparılsa da, Azərbaycanda olduğu kimi, Naxçıvanda da təkhakimiyyətlilik olub, bütün hakimiyyətlərin başında Ali Məclisin sədri, yəni Vasif Talıbov dayanıb…
Konstitusiyanın 31-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifədən kənarlaşdırılması qaydası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilir. Daxili Nizamnamədə nə yazıldığından xəbərsizik, ancaq onu bilirik ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında Naxçıvan Muxtar Respublikasının Qanunu Konstitusiyadan qabaq – 1997-ci il martın 11-də Ali Məclisin sədri Vasif Talıbovun imzası ilə təsdiqlənib.
Görünür, 1998-ci il dekabrın 29-da təsdiqlənən Konstitusiya ilə qanun arasında uyğunsuzluq olmadığından onu yeniləməyə ehtiyac qalmayıb.
Vasif Talıbov 16 dekabr 1995-ci ildən 21 dekabr 2022-ci ilə qədər Naxçıvan Ali Məclisinə, yəni Naxçıvana rəhbərlik edib (yeri gəlmişkən, Əliyevlərin nəsə 21 rəqəminə xüsusi simpatiyası olduğu görünür, bunların bir sıra addımları 21 rəqəmi ilə bağlıdır). 27 illik rəhbərliyi zamanı Naxçıvanda ictimai-siyasi fəallara qarşı təzyiqlər, zorakılıqlar, təqiblər geniş miqyas alıb. Muxtar Respublikada əhali sayı azalıb, sakinlərin bir hissəsi qonşu Türkiyəyə, bir hissəsi Azərbaycana – Bakıya sığınıb. V.Talıbov eyni zamanda absurd qərarlarıyla ad çıxarıb: həyətlərdən təndirlər yığışdırılıb, eyvandan paltar asmaq qadağan edilib, büdcə təşkilatlarında çalışanlar – həkimlər, müəllimlər və başqaları şəhərin təmizlik işlərinə, iməciliklərə cəlb olunub. O, “Naxçıvan xanı” adlandırılıb. Müxalif düşüncəli sakinlər Naxçıvandan getmək zorunda qalıb. Bakıda vəzifə tutan naxçıvanlılar isə, demək olar, heç vaxt onu tənqid etməyib, “burda mən, Bağdadda kor xəlifə” idarəçiliyinə etiraz bildirməyib. İstefaya göndərildikdən sonra artıq bəzi naxçıvanlılar danışmağa, Vasif Talıbovun 27 ildə Naxçıvanda etdiklərini indi “görməyə” başlayıb. Elə İlham Əliyev də…