Türk iş adamı Emin Uçar Naxçıvanda sərvət sahibi olub
Yeni sənədlər və müsahibələr Uçarın dekabrın 21-də istefa verməzdən öncə Naxçıvan Muxtar Respublikasına 27 il rəhbərlik etmiş avtokrat lider Vasif Talıbovun ailəsinin qəyyumu kimi çıxış etmiş ola biləcəyini sübut edir.
Əsas məqamlar:
● Türkiyə vətəndaşı Emin Uçar son illərdə Gürcüstanda 270 milyon dollarlıq biznes və daşınmaz əmlak imperiyası qurub. Bu imperiyaya onun şirkətinin Fransanın yaşayış nəhəngi “Accor” ilə ortaq olaraq işlətdiyi üç otel də daxildir.
● Faktlar göstərir ki, Uçar Naxçıvanı yarım əsrdən çox idarə edən Vasif Talıbov və onun ailəsinin öndə olan adamıdır.
● Uçar açıq şəkildə Talıbovlar ailəsinə bağlı iri holdinqlərin tərkibində olan şirkətlərə rəhbərlik edir.
● Uçarın vəkilləri onun qəyyum olduğunu inkar edərək, sərvətinin kreditlərdən qazandığını deyiblər.
● Onun idarə etdiyi şirkətlər Azərbaycanda onlarla dövlət tenderi qazanıb.
Müəlliflər: OCCRP və iFact Georgia
Zəngin müdirlər Gürcüstanın Tbilisi şəhərində Opera binası ilə üzbəüz yerləşən “Dinehall” adlı dəbdəbəli restoranda yerli və beynəlxalq mətbəxin təamlarından zövq alırlar. Həmin restoranın şüarı belədir:
“Yaxşı yemək insanın haqqıdır”.
Yaxınlıqda isə Fransanın qonaqpərvərlik nəhəngi “Accor”un əməkdaşlığı ilə beşulduzlu otel tikilir.
Otel və restoran bu kiçik Qafqaz ölkəsində 270 milyon dollar dəyərindəki biznes imperiyasının bir hissəsidir. O Emin Uçar adlı Türkiyə vətəndaşı tərəfindən idarə edilir (ən azından kağız üzərində). Bununla yanaşı, OCCRP Uçarın dekabrın 21-də anidən istefa verənə qədər 27 il ərzində Azərbaycanın təcrid olunmuş bölgəsini idarə edən avtokratik başçı Vasif Talıbovun ailəsinə qəyyumluq etməsi ehtimalı ilə bağlı sübutlar üzə çıxarıb.
Uçar vəkili vasitəsilə şirkətinin Talıbovlar ailəsinə məxsus aktivlərinin olduğunu təkzib edərək, sərvətinin kreditlərdən qazandığını deyib. “Accor”-dan OCCRP-yə bildirilib ki, Talıbovla əlaqələri olduğu deyilən Uçar və onun şirkəti ilə münasibətləri yenidən dəyərləndirirlər.
Ölkənin eks prezidenti Heydər Əliyevin qohumu ilə evləndikdən sonra, 1995-ci ilin dekabr ayında başçı təyin edilən Vasif Talıbov “Azərbaycanın Şimali Koreyası” adlandırılan Naxçıvanı dəmir yumruqla idarə edib.
Siyasi cəhətdən Azərbaycanın tərkib hissəsi olan və muxtar respublika statusuna sahib Naxçıvanı coğrafi baxımdan ölkənin əsas hissəsindən Ermənistandan keçən quru dəhlizi ayırır və Naxçıvan qərbdə İranla həmsərhəddir.
OCCRP 2022-ci ilin fevralında müstəqil medianı susduran, müxalifləri ruhi dispanserlərə göndərən, dəfələrlə məhbusları döyüb işgəncələrə məruz qoyduğu görülən Talıbovlar ailəsi ilə Uçarın əlaqələrini ortaya çıxarıb. Reportyorlar həmçinin aşkar ediblər ki, Talıbov vəzifədə olduğu müddətdə illik rəsmi maaşı cəmi 26 min dollar olmasına baxmayaraq, o, özünə sərvət toplayıb.
Hazırda isə OCCRP Talıbovun holdinqlərinin böyük bir hissəsinin Gürcüstanda otellərə və başqa mülklərə, eləcə də Türkiyədə tikinti materialları istehsal edən şirkətlərə sahib olan Uçarın idarə etdiyi bir qrup şirkət tərəfindən gizlədildiyinə dair yeni sübutlar ortaya çıxarıb.
Azərbaycanda “Gəmiqaya” və Gürcüstanda “Maqro Qrup” kimi tanınan bir neçə şirkətin daxil olduğu bu korporativ şəbəkə Azərbaycanda onlarla dövlət tenderi qazanıb. İlk şirkətlər 2000-ci illərin əvvəllərində qeydiyyata alınıb.
Lakin Azərbaycanın mərkəzi hökumətinin siyasi təzyiqləri fonunda Naxçıvanın diktator liderinin istefa verməsiylə
Talıbovlar ailəsinin sərvəti son həftələrdə kəskin şəkildə azalıb.
“Gəmiqaya”nın mülkiyyəti hələ də sirli olaraq qalır. Talıbovun istefasından bir həftə sonra “Gəmiqaya”nın adı dəyişdirilərək “Arkoz” olub. Bu Uçara bağlı olan digər şirkətin adıdır.
İnsan haqları təşkilatları uzun müddətdir ki, “Gəmiqaya” şirkətinin Talıbovlar tərəfindən idarə edildiyini iddia edirdilər, lakin Azərbaycanda şirkətin mülkiyyəti haqqında məlumat açıq şəkildə bildirilməyib, bu da görünür iddianın sübuta yetirilməsini mümkünsüz edib. Amma “Gəmiqaya”nın keçmiş əməkdaşı OCCRP-yə şirkətin təhlükəsizliyi ilə bağlı müşahidələrinə əsaslanaraq bildirib ki, Uçar Talıbovdan sifariş alıb.
““Gəmiqaya” holdinqini ona həvalə ediblər. Amma hər şey Vasif Talıbovun göstərişi ilə edilib”, – Nadir Məmmədov Almaniyadan video zəngə qoşularaq bildirib. O, polis tərəfindən şiddətə məruz qaldığı üçün Naxçıvandan qaçaraq Almaniyada məskunlaşıb.
Yeni üzə çıxan sənədlərdən görünür ki, Uçar qonşu Gürcüstanda da Talıbovun maraqlarına uyğun şəkildə hərəkət edib. O, Naxçıvanın keçmiş rəhbərinin oğlu Rza Talıbovun adından Gürcüstanda daşınmaz əmlak alıb və onlar birgə şirkət sahibi olublar.
Rza suallara cavab verməsə də, Uçarın “Maqro” şirkətinin və Talıbovun kiçik oğlu Seymurun vəkilləri Uçarla ailənin biznes əlaqələri ilə bağlı ziddiyyətli açıqlamalar veriblər.
Seymurun vəkili Rza Talıbov və Uçarın Naxçıvanda “Gəmiqaya” adı altında birləşən müxtəlif şirkətlərin ortaq sahibləri olduqlarını və münasibətlərin davam etdiyini bildirib.
Lakin “Maqro” şirkətinin və Uçarın vəkili “bu iddianı qeyd-şərtsiz qəbul etmədiklərini” bildirib.
“Cənab Emin Uçarın bu gün Talıbovlar ailəsinin heç bir üzvü ilə heç bir biznes əlaqəsi yoxdur”, – deyə vəkil bildirib.
O əlavə edib ki, Uçar əvvəllər Rza Talıbovla ortaq olub, lakin 2021-ci ilin sonlarında başlayan “yenidən strukturlaşma prosesi” ilə bu münasibətləri bitirməyə başlayıb. Deyib ki, OCCRP-nin Talıbovlarla bağlı əvvəlki hesabatını 2022-ci ilin fevral ayında yayımlamasından sonra bu proses sürətlənib.
O əlavə edib ki, heç kim “2022-ci ilin sonundan etibarən heç bir sənədlə tərəfdaşlığı sübut edə bilməz”.
2012-ci ildən Azərbaycanda qüvvəyə minən “Kommersiya sirri” qanunu o mənaya gəlir ki, jurnalistlər və vətəndaşlar səhmdarlar haqqında məlumatı əldə edə bilməzlər. Vəkil qeyd edib ki, bu qanuna uyğun olaraq, Uçar və Talıbovun şərik olduqları şirkətlərin necə qurulduğu barədə ətraflı məlumat verməsi mümkün deyil.
Vəkilin sözlərinə görə, Uçar “nə keçmişdə, nə də indi özündən başqa heç kimin işinin qəyyumu olmayıb” və həmişə qanun çərçivəsində hərəkət edib.
Onun sözlərinə görə, OCCRP tərəfindən müəyyən edilmiş müxtəlif investisiyaların mənbələri banklardan alınan və hələ də ödənilməyə davam edilən kreditlərdir.
Uçarın təkamülü
2010-cu ildə Türkiyə mətbuatında nəşr olunan xəbərdə Uçar “Vasif Talıbovun çox güvəndiyi adam” kimi təsvir edilib. Lakin onun biznes keçmişi və görünən böyük sərvətini necə əldə etdiyi barədə çox az şey məlumdur.
Türkiyədə bir regional mətbuat orqanının yazdığına görə, Emin Uçar ilk dəfə 1999-cu ildə Naxçıvanda tikinti işi ilə məşğul olub.
Türkiyənin korporativ sənədlərində Uçarın 2001-ci ildə topdansatış şirkəti yaratdığı göstərilir. Onun adı 2004-cü ildə Azərbaycan dövlət mətbuatında Naxçıvanda “Türk şirkəti” tərəfindən məktəbin tikilməsi ilə bağlı yayılan məlumatda çəkilib. 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Bu medal “Azərbaycan regionlarının sosial tərəqqi proqramının həyata keçirilməsində fərqlənən sahibkarlar”a verilib.
Korporativ qeydlər göstərir ki, Uçar 2008-ci ilin aprelində yaradılmış “Naxçıvanbank”ın arxasında duran komandanın tərkibində Talıbovlar ailəsinin tanınmış tərəfdaşıdır.
Rza Talıbov, onun anası və əmisi oğlu, eləcə də bir neçə iş adamı da razılaşmaya qoşulub. 2017-ci ilin sonuna olan illik hesabatlar göstərir ki, bankın səhmlərinin əksəriyyəti Talıbovlar ailəsinin üzvlərinə məxsusdur, Uçarın isə heç bir səhmi yoxdur. Talıbovlara qarşı son siyasi reaksiyalar fonunda, yanvarın 12-də keçmiş başçının qızı Baharxanım Talıbova da bankın idarə heyətindən xaric edilib.
“Maqro”nun vəkili Uçarın “bir müddət “Naxçıvanbank” səhmlərinin kiçik bir faizinin sahibi olduğunu”, lakin sonradan şirkəti tərk etdiyini təsdiqləyib. Vəkil “səhmlərini heç kimə satmadığını, sadəcə imtina etdiyini” və “səhmlərinə uyğun dəyərdə əmlak aldığını” vurğulayıb.
2009-cu ildə Uçar “Gemikaya Turizm” adlı başqa bir şirkətin qurucu ortağı olub. Həmin il Türkiyənin Bakırköy şəhərində “Blue Regency” adlı oteli açıb. 2019-cu ildə otelin adı “Accor” ilə əməkdaşlıq çərçivəsində dördulduzlu “Mercure İstanbul Bakırköy” olaraq yenidən brendləşdirilib.
Gürcüstanda genişlənmə
2012-ci ilin yanvarında Vasif Talıbov “regionun iqtisadi və turizm potensialı ilə tanış olmaq” üçün 420 kilometr şimala, Gürcüstanın Qara dəniz sahilində yerləşən kurort şəhəri Batumiyə səfər edib. Bu barədə yerli hakimiyyət orqanlarına məxsus mətbuatda yazılıb. Bu səfərdən bir ay sonra isə Talıbovun o zaman 29 yaşında olan böyük oğlu Rza orada 1,5 milyon dollara tarixi bina satın alıb.
İndi isə OCCRP Uçarla Talıbovlar arasında yaxın əlaqəni ortaya qoyan ağ-qara yazıların olduğu sənədi ortaya çıxarıb. Məlum olub ki, Uçar Rzanın adından alqı-satqı sənədlərini imzalamaq üçün Batumiyə səyahət edib.
21 fevral 2012-ci il tarixindən etibarən Uçara bir aylıq etibarnamə verən Rza tərəfindən imzalanan sənəddə aşağıdakı qeydlər var:
“Mən onun Gürcüstanın Batumi şəhərində mənim adımdan hər hansı əmlak almasına etibar edirəm”.
Həmin ilin iyun ayında Rza Uçara yenidən, bu dəfə iki ay müddətinə etibarnamə verib. Beləliklə, o tarixi binaya bitişik 1,2 milyon dollardan çox dəyəri olan daşınmaz əmlak alıb və alqı-satqı sənədlərini öz nümayəndəsi kimi Uçara imzaladıb.
“Cənab Rza Talıbovun adından etibarnamə ilə daşınmaz əmlakın alınması onların biznesdə şərik olduqları vaxta təsadüf edir”, – deyə “Maqro” şirkətinin hüquq şöbəsinin müdiri elektron poçtla bildirib: “Tərəfdaşlardan birinin digərinə bu kimi məsələlərdə kömək etməsi üçün müraciət etməsi tamamilə təbii idi”.
Alqı-satqıdan bir ay sonra tikinti yerində zəmin çöküb. Təməlqoyma mərasimi ilə bağlı mətbuatda yayılan xəbərdə tikintinin Azərbaycanın “Gəmiqaya” adlı konqlomeratı tərəfindən aparıldığı bildirilir. Rzanın adı çəkilməsə belə, o, tədbirdə çəkilmiş fotoda görünür.
Beşulduzlu “Divan Suites Batumi” oteli iki il sonra, 2014-cü ildə Rza tərəfindən alınan binalardan birinin içərisində açılıb. O, lentkəsmə mərasiminin fotosunu “Facebook”da yerləşdirərək, özünü “Gəmiqaya Holdinq”in rəhbəri kimi təqdim edib. Ancaq bu,
Azərbaycan mediasının yaydığı xəbərlərdə Uçarın korporativ qrupun sədri kimi təqdim edilməsi ilə ziddiyyət təşkil edir.
Gürcüstandakı qeydlər göstərir ki, Rza ilk olaraq bu mülkə şəxsən sahib olub.
Korporativ sənədlər onun mülkiyyət hüququnu 2014-cü ildə otel açılanda yerli “Kervan Turizm LTD” şirkətinə ötürdüyünü göstərir. Amma 2017-ci ilə qədər otel “Gəmiqaya”nın internet saytında onun mülkü kimi göstərilib və bu, Rzanın şirkətlə davam edən əlaqələrinə işarədir.
Azərbaycan mərkəzi hökumətinin təzyiqləri dekabrın 21-də Vasif Talıbovun istefası ilə nəticələndikdən sonra Rza “Divan” otelini 18 milyon dollara satışa çıxarıb.
Gürcüstanda “Maqro” şirkəti
“Gəmiqaya” Gürcüstanda ilk biznesinə 2012-ci ildə Batumidə mebel fabriki açmaqla başlayıb. Növbəti il bu şirkət ölkədə “Maqro” olaraq adını dəyişdirib və tikinti, iaşə və turizm kimi sənaye sahələrinə qədər genişlənib.
Uçar və Rzanın birgə biznes qurduğu 2012-2016-cı illərdə “Maqro” 27 milyon dollar dəyərində mülklər alıb ki, bu da “Maqro”nun Gürcüstandakı investisiyalarının Talıbovla əlaqəli olduğunu ortaya çıxaran digər göstəricidir.
“Maqro”dan bildirilib ki, bu və bir neçə başqa obyektin tikintisi üçün 270 milyon dollar investisiya yatırılıb.
[[[ÇİÇƏKLƏNƏN DAŞINMAZ ƏMLAK QALEREYASINI BURAYA ƏLAVƏ EDİN]]]
“Maqro” şirkəti Tbilisinin mərkəzinə yaxın 350 mənzili olan orta səviyyəli yaşayış kompleksi “Yaşıl Budapeşt”in sahibidir. Şəhər mərkəzindən kənarda “Yaşıl Almaz” adlı 120 milyon dollar dəyərində daha böyük bir layihə tikilir.
Tikintisi davam edən “Swissotel”dən başqa, “Maqro” şirkəti “Accor” ilə Tbilisinin “köhnə şəhər”ində daha iki otel üzrə əməkdaşlıq edib: 2015-ci ildə açılmış “Merkuri” və 2017-ci ildə qonaqları qəbul etməyə başlayan “Ibis” oteli.
Uçarla tərəfdaşlıqları və Talıbovlar ailəsi ilə əlaqələri ilə bağlı suallara cavab verən “Accor”-un sözçüsü isə bildirib ki, qrup “hər hansı yeni otel layihələrinə imza atmadan öncə ciddi şəkildə lazımi araşdırma prosedurlarını (Qarşı tərəfi tanıma prosesi – QTT) həyata keçirir”.
“Bu spesifik məsələdə isə son QTT prosesi beynəlxalq vasitəçi firma (yəni Dow Jones Risk Center-Dov Cons Risk Mərkəzi) tərəfindən 2020-ci ildə həyata keçirilib və o zaman heç bir narahatçılıq üzə çıxmayıb”.
“Son ictimai hesabatları nəzərə alaraq, biz hazırda qarşı tərəfi yenidən dəyərləndiririk və yenilənmiş lazımi məlumatlar və əlavə araşdırmalar tələb etdik”, – sözçü bildirib.
“Transparency İnternational” təşkilatının anti-korrupsiya üzrə eksperti Sandro Kevxişvilinin sözlərinə görə, Azərbaycanda potensial korrupsiya yolu ilə əldə edilən pulların investisiyası “Gürcüstan üçün də korrupsiya riski deməkdir”.
“Korrupsiya yolu ilə sərvət yığan şəxs həmin pulunu yatırdığı ölkədə də eyni metodlardan istifadə etməyə çalışacaq, xüsusilə də həmin ölkədə korrupsiyaya qarşı güclü mübarizə mexanizmləri və bu riskləri azaltmaq üçün qərar qəbuletmə sistemi yoxdursa”, – deyə Kevxişvili Tbilisidə verdiyi müsahibəsində deyib.
“Gürcüstanda isə belə bir şey yoxdur”.
Sement və daşınmaz əmlak
Tbilisidəki “Swissotel” adlı otelin inşaat sahəsində “Gəmiqaya”nın türk sərmayələrinin izləri var: tikinti materialları ilə dolu qutular qırmızı plastikə bükülüb, üzərinə “Arkoz” yazılıb.
“Arkoz Gazbeton” və “Arkoz Ağrı Sement” “Gəmiqaya Holdinq”in Türkiyədə yerləşən iki fabrikində istehsal olunan sementin brendləridir. Bu fabriklərdə tikinti materialları və sement istehsal olunur. Şirkətin və yerli hökumətin rəsmi məlumatına görə, ikisinin birlikdə sərvətinin dəyəri 100 milyon dollardan çoxdur.
Fabriklərin Talıbovlar ilə əlaqəsi sənəd üzərində görünmür. Ancaq başqa bir türk şirkəti Uçarla Rzanı əlaqələndirir.
Şirkətin qeydiyyat sənədləri göstərir ki, bu iki şəxs 2010-cu ildə Türkiyədə birlikdə eyni ad altında şirkət yaradıblar. Lakin bu şirkət “Gemikaya” kimi qeyd olunub. Sənədlərdən görünür ki, Rza 2017-ci ildə həmin şirkətdən ayrılıb.
“Gemikaya” şirkətinin sahib olduğu mülklər haqqında məlumatlar ictimaiyyətə açıq deyil, lakin Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş şirkətlə eyni adı daşıyır. Talıbovun kiçik oğlu Seymur daşınmaz əmlakın alqı-satqısı və icarəsi üçün lisenziyaya malik olan “Gemikaya” şirkətinin ortağıdır.
Seymur Talıbovun vəkili onun Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlak şirkətinin səhmdarı olduğunu təsdiqləyib, lakin şirkətin bankrot olduğunu və bağlandığını qeyd edib.