Vardanyan işlə tanış olmaq üçün vaxt istəyib, məhkəmə vəsatəti rədd edib

Ruben Vardanyan. Foto: Meydan TV

 İşin məhkəmə baxışına verilməsi barədə qərar çıxarılıb

Qarabağda müxtəlif dövrlərdə separatçıların “prezidenti” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” Davit İşxanyan, “dövlət naziri”, milyarder Ruben Vardanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 16 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edib.

Ruben Vardanyan tək mühakimə olunur, qalan 15 nəfər isə birlikdə. Lakin məhkəmələr ayrı-ayrılıqda keçirilsə də, hamısının işinə eyni binada və eyni kollegiya – Bakı Hərbi Məhkəməsinin üç hakimi – Zeynal Ağayev, Camal Ramazanov və Anar Rzayevdən (ehtiyat hakim Günel Səmədova) ibarət tərkib baxır.

Harutyunyan, Babayan və digərlərinin işi üzrə məhkəmənin budəfəki hazırlıq iclasında vəkillər maddələrdən bir neçəsinin ittihamdan xaric olunması haqda vəsatət qaldırıblar.

Onlar bildiriblər ki, təqsirləndirilən şəxslərə verilən ittihamlardan bir hissəsinin onlara aidiyyəti yoxdur.

Prokurorlar və zərərçəkmişlər vəsatətlərin təmin olunmamasını xahiş edib.

Prokurorlar fikirlərini əsaslandırarkən bildirib ki, hələ məhkəmə istintaqı başlamayıb, ittihamlar, sübutlar araşdırılmayıb.

Arayik Harutyunyan məhkəməyə sənəd təqdim edərək cinayət işinin materiallarına əlavə olunmasını xahiş edib.

Buna isə dövlət ittihamçıları etiraz etməyiblər.

Prokurorlar işin məhkəmə baxışına verilərək araşdırılmasını təklif ediblər.

Hakimlər də Arayik Harutyunyanla bağlı sənədi iş materiallarına əlavə etməyə razılıq verib.

Bəzi ittihamlara xitam verilməsi barədə vəsatətlər təmin olunmayıb.

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmə baxışı fevralın 6-na təyin edilib.

Yanvarın 27-də Vladimir Putinin məsləhətçisi olmuş milyonçu, 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edib, noyabrdan qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” postunu tutmuş Ruben Vardanyanın işi üzrə hazırlıq iclası da davam edib.

Məhkəmədə Ruben Vardanyan vəsatət qaldıraraq, vaxt istəyib.

O bildirib ki, barəsindəki cinayət işinin materialları ilə ətraflı tanış ola bilməyib. Bu da müdafiə hüququnun pozuntusudur.

Təqsirləndirilən şəxs materiallarla tanış olmaq və müdafiəsinə hazırlaşmaq üçün ona 30 gün vaxt verilməsini istəyib.

Vəkili Avraam Berman da bildirib ki, müdafiə hüququ şəxsin təməl hüququdur və təmin olunmalıdır.

O, hüquqlarını müdafiə etdiyi şəxsə səmərəli müdafiənin təşkili üçün vaxt verilməsi barədə vəsatət qaldırıb.

Vəkilin daha bir vəsatəti isə Ruben Vardanyanın onun işinə aidiyyəti olan hüquqi bazaya çatımlılığının təmin olunmasıdır.

Müdafiəçinin sözlərinə görə, təqsirləndirilən şəxs müdafiəsini qura bilmək üçün bu ölkənin hüquqi bazası barədə məlumatlı olmalıdır.

Bu səbəbdən də ona qanunvericiliklə bağlı kitabların verilməsini xahiş edib.

Prokurorlar Ruben Vardanyana əlavə vaxt verilməsinə etiraz edib.

Dövlət ittihamçıları bildirib ki, ötən məhkəmədə o, vaxt istəmişdi və ona 10 gün verilmişdi.

Prokurorlar işin məhkəmə baxışına verilib araşdırılmasını təklif etsə də, Ruben Vardanyan və vəkili buna etiraz edib.

Onlar bildirib ki, hələ iş materialları ilə tam tanış olmadıqları halda, məhkəmə istintaqı başlanması yolverilməzdir.

Hakimlər onların əlavə 1 ay vaxt verilməsi barədə vəsatətini rədd edib.

Onlar etiraz etsə də, işin məhkəmə baxışına verilməsi barədə qərar çıxarılıb.

Digər 15 nəfərin işində olduğu kimi, Ruben Vardanyanın işi üzrə məhkəmə baxışı da fevralın 6-na təyin olunub.

Bu cinayət işi üzrə 530 min nəfərdən çox zərərçəkmiş var.

Onlar Qarabağ müharibəsində həlak olanların ailə üzvləri, sağlamlığını itirən, məcburi köçkün düşən şəxslərdən ibarətdir.

Bu işdə fiziki şəxslərlə yanaşı, Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov çıxış edir.

Bu məhkəmə prosesində dövlət ittihamını 6 prokuror, o cümlədən Baş prokuror Kamran Əliyevin iki köməkçisi müdafiə edir.

Adları çəkilən separatçılar 2023-cü ilin sentyabrında Qarabağda əməliyyat zamanı saxlanılaraq Bakıya gətirilib.

Onlar terrorçuluq, soyqırım, qəsdən adam öldürmə, təcavüzkar müharibə başlama, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə və başqa çoxsaylı maddələrlə ittiham olunur.

Bu maddələrin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası var.

Ana səhifəSiyasətVardanyan işlə tanış olmaq üçün vaxt istəyib, məhkəmə vəsatəti rədd edib