Vaqondan qaçan məhbus Əli Ağami: ”Bəlkə də tək özüm tutulsaydım…”

Məhkəmədə təqsirləndirilən şəxslər son söz deyirlər

Source:
Qocanın qaçması
Qocanın qaçması


Məhkəmədə təqsirləndirilən şəxslər son söz deyirlər

Dustaqların qaçmasına görə həbs olunan 13 nəfərin, o cümlədən müğənni Fədayə Laçının məhkəməsi sona yaxınlaşır. Artıq təqsirləndirilən şəxslər məhkəmədə son sözlərini deyirlər.

Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində müttəhimlərdən daha üç nəfər son sözünü deyib. Bir nəfər isə son söz deməkdən imtina edib. “Deməyə sözüm yoxdur”, – Anar Əsgərov bildirib.

Qaçan dustaqlardan “Qoca” ləqəbli Etibar Məmmədov sonuncu dəfə Bakıdan Qazax istiqamətində gedərkən A.Əsgərov da onunla birlikdə maşında olub.

E.Məmmədovun tutulması üçün keçirilən əməliyyat zamanı o öldürülüb, A.Əsgərov isə yaralanıb. Onun vəkili Gülşən Salmanova bildirmişdi ki, A.Əsgərov “Qoca”nı tanımayıb. Onun bir dostu birlikdə rayona getməyi təklif edib, o da razılaşıb. Yolda dostu maşını saxlayıb, E.Məmmədov maşının yük yerindən düşüb onların yanına gəlib.

Qaçan dustaqlardan Əli Ağami məhkəmədə son sözündə deyib ki, özünə görə yox, amma bu hadisəyə görə tutulanların düşdüyü vəziyyətə görə peşmandır:

“Düzdür, günahım var, qaçmışam. Bəlkə də təkcə mən tutulsaydım, peşman olmazdım. Lakin burada oturan adamlara görə çox peşmanam”.

Ə.Ağami və E.Məmmədov Biləcəri stansiyasında qatardan qaçandan sonra o ərazidə İsrəfil Soltanovun maşınına minib gediblər. İ.Soltanov məhkəmədə deyib ki, onların qaçdığını bilməyib, hər şey məhkəmədə ona aydın olub:

“Mən əslində nə baş verdiyini bura gələndən sonra bilmişəm. Sadəcə, Etibargil Biləcəridə gəlib mənim maşınıma miniblər. Xahiş edirəm, mənim ikinci qrup əlil olmağımı, iki azyaşlı övladımı nəzərə alasınız. Bilirəm, bu iş çox səs-küylüdür. Amma xahiş edirəm, səs-küyü yox, ədaləti əsas götürüb hökm çıxarasınız”.

Təqsirləndirilən Tərlan Zeynalov da son sözündə dustaqların qaçmasında, gizlənməsində heç bir günahı olmadığını bildirib. Deyib ki, özünü ancaq cinayəti bilib xəbər verməməyə görə günahkar sayır. Çünki E.Məmmədov qaçandan sonra gəlib ondan pul istəyib, o da verib: “Mən adam qaçırmamışam”.

Məhkəmə dekabrın 24-nə qədər təxirə salınıb.

Dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə 13 nəfər həbs olunub. Bunlar qaçan dustaqlardan biri Əli Ağami, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, “Qoca”ya yardım etmiş daha bir qadın Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. Daha bir nəfər axtarışdadır.

Bundan başqa, Penitensiar Xidmətin konvoy taborunun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ümumiyyətlə, ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. Penitensiar Xidmətin əməkdaşları həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir. Polkovnik B.Abdullayevə mənimsəmə ittihamı da elan olunub.

Ana səhifəXəbərlərVaqondan qaçan məhbus Əli Ağami: ”Bəlkə də tək özüm tutulsaydım…”