“Vaqner” Baxmutu aldığını açıqladı, Zelenski inkar etdi

Baxmut. Foto: “Reuters”

Ukrayna Prezidenti: “Şəhər Rusiyanın nəzarətinə keçməyib”

Rusiyanın muzdlu döyüşçülərdən ibarət “Vaqner” qüvvələrinin komandanı Ukraynanın şərqindəki Baxmut şəhərini nəzarətə aldıqlarını açıqlayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski isə xəbəri təkzib edib:

Doğrudur, Baxmut şəhəri ətrafında gedən döyüşlər xüsusilə isti olaraq qalır, lakin şəhər Rusiyanın nəzarətinə keçməyib”.

“Vaqner”in qurucusu Yevgeni Priqojinin sözlərinə görə, onun qoşunları bombalanmış Baxmut şəhərini mühasirəyə alıb.

Onun sözlərinə görə, şəhəri ələ keçirmək üçün aylardır ki, səy göstərirlər. Nəhayət, Baxmutun inzibati binasına Rusiya bayrağı sancılıb.

“Hüquqi nöqteyi-nəzərdən Baxmut götürülüb. Düşmən qərb bölgələrində cəmləşib”, – Priqojin mətbuat xidmətinin aprelin 2-də “Telegram” hesabında yerləşdirdiyi videoda bildirib.

Ukrayna rəsmi saytlarında 70.000 nəfərlik əhalisi olan Baxmutun rusların əlinə keçməsinə dair heç bir məlumat yoxdur.

Daha öncə də Baxmutun Rusiyanın nəzarətinə keçməsi ilə bağlı məlumatlar yayılıb. Hətta Priqojin əvvəllər də Baxmutu götürdükləri ilə bağlı iddialar səsləndirib. Lakin sonradan şəhər uğrunda döyüşlər getdiyi məlum olub.

Ukrayna hökuməti aprelin 3-də açıqlayıb ki, Baxmut və Avdiivka da daxil olmaqla bir sıra digər şəhərlər “döyüşlərin episentri”ndədir.

Həmin açıqlamada Baxmutun Rusiya nəzarətinə keçməsi barədə hər hansı məlumat verilmir.

Qeyd edilir ki, Rusiya Baxmut şəhərinə hücumunu davam etdirir:

“Bununla belə, müdafiəçilər şəhəri cəsarətlə saxlayırlar”.

Zelenski isə aprelin 2-də axşam saatlarında etdiyi videomüraciətində Avdiivka, Maryinka və Baxmutda döyüşən əsgərlərə təşəkkür edib.

Xüsusən də Baxmut. Orada vəziyyət xüsusilə istidir”, – deyib.

Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar daha əvvəl verdiyi açıqlamada Baxmutdakı vəziyyəti “gərgin” adlandırmışdı.

Maliar bildirmişdi ki, Ukrayna qüvvələri öz mövqelərini müdafiə edir, Rusiya isə hücum zamanı itkilərə az əhəmiyyət verir.

Ukrayna Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, döyüşlərin getdiyi şərq və cənub bölgələrdə dinc sakinlər öldürülüb:

Şəhərlərin Rusiya tərəfindən atəşə tutulması nəticəsində azı 20 nəfər dinc sakin həyatını itirib, onlarla insan yaralanıb”.

Ana səhifəDünya“Vaqner” Baxmutu aldığını açıqladı, Zelenski inkar etdi