Vaqif Əsədov: İnformasiyanın adımdan bu formada yazılmasının qəti əleyhinəyəm

Vaqif Əsədov
Vaqif Əsədov


”İndiyədək praktikada söhbət edən sürücüyə protokol yazılmayıb”


Ötən həftə sosial şəbəkələrin ən çox müzakirə etdiyi məsələ Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun açıqlaması oldu. Vaqif Əsədov yerli mediaya açıqlamasında sükan arxasında olan sürücünün yanındakı ilə söhbət edərsə, cərimələnəcəyini demişdi. O, bunu söhbətin diqqəti yayındırması ilə əlaqələndirmişdi.


Meydan TV Vaqif Əsədovla əlaqə saxlayıb, onunla sual yaradan məqamlara aydınlıq gətirməyə çalışıb.



Vaqif müəllim, açıqlamanız geniş müzakirəyə səbəb olub. Fikrinizin bu dərəcədə müzakirə və mübahisəyə çevrilməsinin səbəbləri sizə aydındırmı?

– Həmin informasiyanın adımdan bu formada yazılmasının qəti əleyhinəyəm. İkinci, törədilən xətalarla bağlı praktikada hələ protokol yazılmayıb. Sadəcə, sizin kimi dostumuz olan jurnalist qardaşımız, bacımız mənə zəng edib, soruşub ki, yol polisi sükan arxasında olan sürücüyə danışdığına görə inzibati məsuliyyət tətbiq edib, bu, doğrudurmu. Mən izah etmişəm ki, “Yol hərəkəti haqqında” qanuna görə bu məsuliyyətlər nəzərdə tutulub. Bax, beləcə də demişəm, amma bundan sonra jurnalist dostlarımız informasiya qıtlığına görə bildiyi şəkildə yazıb.


– Yəni jurnalist fikrinizi təhrif edib?

– Sizin maşınızın var?



Yoxdur.

–  O zaman sərnişin kimi gedəndə sürücünün hansı vəziyyətdə maşını idarə etməsindən narahatlıq keçirmisiniz də?!



Bəli, belə narahatlıqlar olur.

– Mən də sizə dediyim formada həmin jurnalistə izah etmişəm. İndi mən nə edə bilərəm ki, informasiya yayılarkən qeyri-səmimi sözlər yazılır?! Mənim günahım nədir? Başqa bir xəbər deyim, oktyabrın 20-də sosial şəbəkələrdə “Mercedes” markalı avtomobilin arxasında nömrə nişanının yanında emblemin şəklini yayıblar. Və mənə də sual verirlər ki, ay Vaqif Əsədov, həmin şəkil Ermənistanın bayrağıdır, reaksiyanız nədir? Dərhal sürücünü tapıb soruşmuşam ki, nə məsələdir? Cavab verib ki, xaricdə yaşayır, maşını da orda alıb və üstündə həmin emblem var, amma özü də dəqiq bilmir nədir, deyəsən Kolumbiyanın bayrağıdır. Təəssüf ki, informasiyanı bu formada versəm də, sözün yerini dəyişir, vurğunu fərqli qoyur. Gələk, sizin suala, bütün yazılanlar informasiya qıtlığından doğur, yaxud informasiyası olmayanların narahatlıq hissinin təzahürüdür. Bir daha sual edirəm, praktikada söhbət edən sürücüyə protokol yazılıb? Yox, heç dünya praktikasında belə şey olmayıb.


– Ancaq siz qanundan çıxarış etdiniz, bunu necə izah edərdiniz?

– Əziz qardaşım, “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsində sürücünün hüquq və vəzifələri konkret göstərilib. Deyilir ki, sükan arxasında hərəkət zamanı, əldə mobil telefon saxlamaq və ondan istifadə, əllərini sükandan buraxmaq, eyni zamanda idarəetmədən diqqəti yayındıra biləcək hərəkətləri etmək inzibati xəta tərkibi yaradır. Bunu mən demirəm, qanun deyir. Bax, bu sualı verirlər, ardınca davam edirlər: Yol polisi bunu necə təyin edir? Gedib ondan soruşmaq lazımdır ki, necə təyin edirsiniz? Axı bugünə qədər praktikada, bu, təyin edilməyib.


– O zaman sual yaranır; məsələ sosial şəbəkələrə və mətbuat çıxıb, bəs bundan sonra protokol yazılacaqmı?

–  Təkrar edirəm, bunu hazırda yol polisi işləyənlərdən soruşmalısınız ki, hansı formada təyin etdiyini desin. Amma bugünə qədər kimsəyə sükan arxasında söhbət etdiyinə görə protokol təyin edilməyib, praktikada yoxdursa, onu necə təyin etmək sualı artıqdır. 6 ay əvvəl uşaqların oturacaqları ilə bağlı 10 gün müzakirə getdi, sonra sürət həddi haqda informasiyalar, apteçkalar, yanğınsöndürən balonlarla bağlı məsələlər müzakirə olundu. Yenə də həmin oxşar mənzərədir. İndi mən nə edim, telefonumu bağlayım, yaxud cavab verməyim? Onda da yazacaqsınız ki, Vaqif Əsədov telefona cavab vermədi. Məsələ ondadır ki, telefonum açıqdır və bütün suallara reaksiya verməyə çalışıram. Amma yazanlar narahatlıq yaradır. Yaxşı, bəlkə mən yalan danışıram, siz də qanunu açıb baxın, oxuyun da.


– Dediyinizdən belə çıxır ki, həmkarlarımız təhrif edir?

–  Təhrif edilmir. Yenə deyirəm, “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsində bu barədə yazılıb. İkinci, kimsə sosial şəbəkədə yazıb ki, sükanda olanda söhbət edirdim, yol polisi saxlayıb protokol yazıb. Bunu əsas götürüb mənə zəng edib sual veriblər ki, nə dərəcədə düzgündür. Cavab vermişəm ki, təəccüblənməyin, qanunun məlum maddəsində göstərildiyindən inzibati xəta tərkibi yaradır. Elə beləcə də yazıblar. Başqa bir həmkarınız da yazdı ki, əgər sürücü sərnişinlə danışsa, protokol yazılacaq. Elə söhbət bununla da başlandı. Nəhayət, mən cərimənin 40 manat olduğunu söyləməmişəm, “avtosfer.az” saytı qanunda cəriməni görüb, informasiyaya çevirib yazıb. Yenidən bu barədə sual verəndə, nə deməliydim, qanunu təhrif etməliydim? Təkrar edirəm, bugünə qədər sürücünün diqqətini yayındıran məsələlərlə bağlı inzibati protokol tərtib edilməyib. Amma mənim praktikamda diqqətin yayınması ilə bağlı baş vermiş yol-qəza hadisələrində 3-5 faiz belə faktlar var.

Bundan sonra da protokol yazılmaz. Təbii ki, hər hansı sürücü vətəndaşla söhbət etdiyini boynuna almaz. Yəni bunun sübut olunan, olunmayan tərəfləri var. Bəlkə yaydığınız informasiya hər hansı sabotaj yaradır.



Bəziləri toxundunuz aptecka, yanğına qarşı balon və s məsələlərlə bağlı bildirir ki, bütün bunlar yol polisi üçün əlavə rüşvət imkanları yaradır. Bu barədə nə deyə bilərsiz?

–  Xeyr, təəssüf ki, hərə öz bildiyi kimi başa düşür. Təkrar edirəm, sensasiya xarakterli informasiyalar ayda bir dəfə yazılır, onu da jurnalistlər yazır. Sizi nəzərdə tutub demirəm, olur da, insanlar arasında sərt reaksiya verənlər də var, güman ki, onlar qanunu öz başa düşdükləri kimi qəbul edib ictimailəşdirirlər. Sadəcə, cəmiyyətdə sərt reaksiyalar indiki ajiotajı yaratdı, yaxud xüsusi qalmaqal yaratmaq istəyənlər də ola bilər. Qanunu bilən, səmimi olan və dəqiq yanaşanlar narahat olmamalıdır.


– Bəzən yol polislərinin ağac, kolluq arxasında gizlənmiş şəkilləri də media və sosial şəbəkələrdə yayılır…

–  Yox, onlar ayrı şeylərdir. XXI əsrdə yaşayırıq, polislərin seçilməsi və göstəricilərini görürsünüz, nöqsanlar da aradan qaldırılır. Bunlar jurnalistlərin, cəmiyyətin vaxtilə yaydığı informasiyalardır. Bu gün yol polisi nümunəvi xidməti ilə göz önündədir. Belə bir hörməti olan yol polisi dediyiniz şeylərə gedərmi? Qanunda yazılıb ki, xüsusiləşdirilmiş dərman qutusu olmalıdır, əks təqdirdə cəza alar. Yanğınsöndürən balonun olması ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulub. Amma biz deyirik ki, istehsal edən zavod bəzən həmin balonu qoyur, qoymursa, mütəxəssislərlədən öyrənib təhciz edin. Allah uzaq etsin, təsadüfən olanda yerindəcə qarşısını alın ki maddi zərər olmasın. Yazdılar ki, kimsə balon, aptecka gətirib deyə məcbur edirlər.


– Bütün bunlarla bərabər Azərbaycanda yol qəzalarında ölənlərin sayı azalmır…

– İnformasiyanız səhvdir. 9 aylıq yekuna baxın, o zaman xəsarət alanların, ölənlərin sayının nə qədər aşağı düşdüyünü görəcəksiniz. Son 20 ilin göstərcilərinə baxaq, bu dövrdə avtomobillərin sayı artıb, yolların şəraiti yaxşılaşıb. Hadisələrin dinamikasına baxın, 20 il əvvəl 3 min adam ölürdü, indi 700-800 civarındadır, 20 il əvvəl 500 min maşın vardı, indi milyon yarım.Yaxud 20 il əvvəl paytaxtda yolun uzunluğu 2 min kilometr idisə, indi 2 min 300 kilometrdir, 20 il əvvəl 7 kilometr əraziyə bir yol polisi nəzarət edirdisə, indi 14 kilometrə baxır, bunları niyə nəzərə almayaq?


– Nəhayət, ona gələk, Gürcüstanda yol polisi yoxdur və gürcülər dediyiniz problemləri də yaşamır…

–  Ay sağ ol. Gürcüstan dövləti, gürcü milləti, onların düşüncəsi ilə bizimki bir deyil. Biz dünyanın bütün xalqlarından müsbət göstərcilərimizə görə fərqlənirik, özümüzəməxsus xüsusiyyətlərimiz var. Belə deyək, böyüyə, qadına, tanınmış şəxslərə hörmətlə yanaşmaq bizdədir, müəllimə sayğıyla yanaşmaq bizdədir.


– Necə yəni, başqa millətlərdə yoxdur?

– Bir dəqiqə, qonağa hörmət, qarnımıza yeməyib, qonağı yedizdirmək bizdədir. Belə bir göstəricisi olan millət yoxdur. Təbii ki, təhlükəli vərdişlərimiz də var: biz polis olmadan hərəkətimizi davam etdirə bilmirik, yaxud təhlükəsizliyimizi təmin etməyi bacarmırıq. Amma bu kəlməm hamıya aid deyil, içimizdə belələri var. Aramızda qanunların tələbinə uyğunlaşmaq istəməyənlər də var. Bircə gün, məsələn, 20 yanvar dairəsində polis olmasa, inanın ki, dayanma, durma tələblərini pozanlar avtomobillərin hərəkətini saxlayanlar nə qədər olar. İndi nə edək ki, ərazimiz, yollarımızın quruluşu belədir?!

Ana səhifəVideoVaqif Əsədov: İnformasiyanın adımdan bu formada yazılmasının qəti əleyhinəyəm