***
Azərbaycan Müdafiə Nazirliyi Tovuz rayonu istiqamətində gedən döyüşlər barədə növbəti
məlumat
ını yayıb.
Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə məruz qoyan Ermənistan silahlı qüvvələri bölmələrinin uzunmüddətli atəş nöqtəsi məhv edilib.
***
Azərbaycan hərbçiləri Ermənistana aid pilotsuz uçuş aparatı vurub
Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilir. Məlumatı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı öz “Facebook” səhifəsində yayıb:
“Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib”.
Vaqif Dərgahlı erməni tərəfinin Azərbaycana məxsus PUA vurmasını təkzib edib və bildirib ki, bu dezinformasiyadır:
“Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur”.
İyulun 12-dən başlayaraq Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət gərginləşib və döyüşlər başlayıb. Azərbaycan 11 hərbçisini itirib, o cümlədən general-mayor Polad Həşimovun həlak olduğunu bəyan edib. Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin 100-dən çox canlı qüvvəsinin öldürüldüyünü deyib və qeyd edib ki, Ermənistan öz itkilərini gizlədir.
Ermənistan Müdafiə Nazirliyi iyulun 14-də iki hərbçisinin öldüyünü təsdiq edib.