”Valyutadəyişmə məntəqəsini açmaq üçün tələb olunan depozit ləğv edilməlidir”

Vüqar Bayramov: “Valyutadəyişmə məntəqəsi yaratmaq üçün girova ehtiyac var”

Foto: Meydan TV
Vüqar Bayramov
Vüqar Bayramov


Vüqar Bayramov: “Valyutadəyişmə məntəqəsi yaratmaq üçün girova ehtiyac var”

“Valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlanması ilə bağlı qanunverici aktın qəbul edilməsindən 1 il və eləcə də bu məntəqələrin işləmə mexanizmlərinin müəyyənləşdirilməsindən yarım ildən çox keçməsinə baxmayaraq, hələ də valyuta satışı ilə yalnız banklar məşğul olur”.

Bunu iqtisadçı Vüqar Bayramov deyib.

Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasına mane olan amillərdən danışan iqtisadçı bunun üçün lazım olan depozit məbləğinin həddən artıq çox olduğunu söyləyir.

Məntəqələrin bağlanması 6 min iş yerinin qapanmasına səbəb oldu

“Bütün valyutadəyişmə məntəqələrinin bağlanması düzgün addım deyildi. Bu məntəqələrin o zaman bağlanması 6 min iş yerinin qapanmasına səbəb oldu. Valyutadəyişmə məntəqələrinin yenidən formalaşmamasının əsas səbəbi bu obyektlərin yaradılması üçün tələb olunan depozitin məbləğinin kifayət qədər böyük olmasıdır. Belə ki, valyutadəyişmə məntəqəsi yaratmaq üçün girova ehtiyac var”.

O qeyd edib ki, lisenziya almaq üçün girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir.

Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, o zaman 50 min manat və 50 min dollar girova ehtiyac olacaq. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyutadəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 min manat və 25 min dollar ödəməli olacaq. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 min manat və 10 min dollar ödəməlidirlər.

Tələblər kifayət qədər ağırdır

V.Bayramov belə yüksək depozit rəqəminin necə hesablandığının hələ də aydın olmadığını bildirir. O bildirib ki, valyutadəyişmə məntəqəsinin açılması üçün əlavə 500 manat da dövlət rüsumu tələb olunur:

“Bu prosesə kiçik və orta sahibkarlar cəlb edilməlidir. Onların belə böyük məbləğdə vəsaiti passivləşdirməsi, yəni, istifadə edə bilməməsi anlaşılan deyil. Valyutadəyişmə məntəqələrinin fəaliyyəti üçün təklif edilən yerlər də sahibkarlar üçün münasib deyil. Mövcud qaydalar çərçivəsində tələblər kifayət qədər ağır olduğu üçün sahibkarlar tərəfindən bəzi hallarda belə yerlərin tapılması ilə bağlı çətinliklər yaranır. Bu da təbii ki, valyutadəyişmə məntəqələrinin açılmasını uzadır”.

Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasına ehtiyac var

Vüqar Bayramov bildirib ki, bu işi gecikdirən amillərdən biri də valyutanın uzunmüddət sabit qalmasıdır.

“Məntəqələrin açılmasını gecikdirən digər əhəmiyyətli məqam valyuta bazarında aktivliyin aşağı olmasıdır. Bütövlükdə valyuta bazarında əvvəlki dövrdən fərqli olaraq məzənnənin demək olar ki, dəyişməməsidir. Bu hal isə valyutadəyişməsi ilə məşğul olanlar üçün rentabelliyi azaldıb.

Lakin bütün hallarda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasına ehtiyac var. Bu məntəqələrin bərpa edilməsi valyuta bazarında rəqabətin formalaşması üçün vacibdir”.

Məntəqələrin fəaliyyəti bərpa edilərsə, alış-satış kursu arasındakı fərq azalar

İqtisadçı valyutadəyişmə məntəqələrinin açılmasının alış-satış kursu arasındakı fərqin azalmasına da təsir edəcəyini deyib:

“Eyni zamanda, məntəqələrin fəaliyyətinin bərpası şənbə-bazar, bayram günlərində yerli və xarici qonaqların valyuta dəyişmək imkanlarının yaranması baxımından da önəmlidir. Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilərsə, alış-satış kursu arasındakı fərq daha da azalar”.

Daha yüngül şərtlərin tətbiqinə ehtiyac var

Vüqar Bayramov məntəqələrin açılmasında marağın artması üçün 3 əsas amilin olduğunu qeyd edib.

“Əvvəlla, valyutadəyişmə məntəqəsinin yaradılması üçün yalnız dövlət rüsumunun tələb olunması və depozit məbləğinin ləğv edilməsi məqsədəuyğundur. Depozitin tamamən ləğv edilməsinə ehtiyac var. İkincisi, valyutadəyişmə məntəqələrinin formalaşması mexanizmlərinin yumşaldılmasına və xüsusən də, yer, sahə və digər texniki kriteriyalar üzrə daha yüngül şərtlərin tətbiqinə ehtiyac var. Üçüncüsü, xarici valyutanın alqı-satqısının daha da liberlaşması vacibdir”.

Azərbaycanda valyutadəyişmə məntəqələri Mərkəzi Bankın qərarı ilə 2016-cı ilin yanvarında bağlanıb. Buna səbəb kimi, valyutadəyişmə məntəqələrinin 4 faizlik marjaya əməl etməməsi göstərilib. Sonradan Mərkəzi Bankın özü 4 faizlik marjanı ləğv edib. 2017-ci ildə “Valyuta tənzimi haqqında” qanuna yenidən dəyişiklik

edilib

 və valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatasının həyata keçirməsi müəyyənləşib. Qanuna dəyişikliyində valyutadəyişmə məntəqələrinin açılmasına qərar verilsə də, hələ də bu funksiyanı yalnız banklar həyata keçirir.

Ana səhifəXəbərlər”Valyutadəyişmə məntəqəsini açmaq üçün tələb olunan depozit ləğv edilməlidir”