Ötən həftə manatın yenidən dəyər itirməsi ilə bitdi. İlk kəskin devalvasiya qərarından ötən 1 il 9 ay ərzində manatın rəsmi məzənnəsi heç vaxt indiki həddə – 1.6596 manat =1 dollara düşməmişdi.
Valyuta bazarında yaranan ajiotajın dəqiq səbəbləri ilə bağlı müstəqil ekspertlərdən kimsənin tam etibarlı rəy söyləyəcəyi real deyil. Məsələnin peşəkarlıqla əlaqəsi yoxdu, problem informasiya qıtlığı ilə bağlıdır. Valyutaya tələbi və təklifi formalaşdıran amillərin hər biriilə bağlı müfəssəl məlumatlar olsa, proqnozların etibarlılıq səviyyəsi də yüksələr.
İl ərzində hansı xarici kredit müqavilələrinin imzalandığından xəbərsizik
Doğrudur, Neft Fondu bazara çıxardığı valyutanın həcmi ilə bağlı müntəzəm, operativ məlumat verir. Ancaq valyuta bazarında təklifi təkcə Neft Fondu formalaşdırmır. Xarici kredit müqavilələri əsasında gələn, pul baratları formasında daxil olan, xarici sərmayə, xidmət ixracı formasında gələn valyuta – bunların hər biri çox dəqiq informasiya tələb edir. Məsələn, il ərzində hansı xarici kredit müqavilələrinin imzalandığından xəbərsizik. Yaxud xarici sərmayə qoyuluşu ilə bağlı təsərrüfat subyektləri arasında bağlanan müqavilə üzrə vəsaitlərin qoyulması hansı qrafiklə həyata keçiriləcək – bunu da bilmirik. Kim deyə bilər ki, yaxın 1 ayda bağlanmış kredit və ya sərmayə müqavilələri üzrə iqtisadiyyata əlavə valyuta daxil olmayacaq?
Eyni vəziyyət xarici valyutaya tələbə də aiddir. Valyutaya tələbi təkcə əmtəə idxalı formalaşdırmır. Gömrük Komitəsinin aylıq statistikasına əsasən idxal üçün valyutaya tələbatı 5 aşağı 5 yuxarı proqnoz etmək olur. Hökumətin, bankların, SOCAR-ın hesabına yaxın 2 ayda ölkədən çıxacaq xarici valyutanın həcmi barədə məlumatlıyıqmı? Deyilik. Məsələn, Rusiya Mərkəzi bankı hökumətin və dövlət şirkətlərinin, bankların qarşıdakı rübdə qaytarılacaq həcmi ilə bağlı məlumatı ictimaiyyət üçün açıqlayır. Odur ki, sadə vətəndaş belə valyuta bazarının yaxın aylardakı durumunu təsəvvür edə bilir.Bu praktika bizim Mərkəzi Banka aiddirmi? Deyil. Bir qurum deyə ki, xalis daxili və xarici aktivlərin strukturu dövlət sirridi, ondan gərəkli məlumat və şəffaflıq gözləməyin yeri yoxdur.
Amma elə məlumatlar var ki, onu müstəqil ekspertlər təhlil edə, həmin məlumatlar əsasında valyuta bazarının durumu ilə bağlı gözləntiləri əsaslandıra bilir. Məsələn, büdcə xərcləmələrinin dinamikası və miqyası belə göstəricilərdən biri kimi istifadə edilə bilər. Azərbaycan hökuməti 2016-cı ilin 9 ayında dövlət büdcəsi vasitəsilə 10.6 milyard manat xərcləyib. Bu, illik büdcə proqnozunun 57 faizinə bərabərdir. Bu o deməkdir ki, hökumət büdcəni nəzərdə tutulan səviyyədə xərcləməli olsa, sonuncu rübdə az qala əvvəlki 3 rübdə xərclədiyi qədər vəsait xərcləməli olacaq.
Bu nə deməkdir?
Arxada qalan 9 ayda hər rüb üzrə orta hesabla 3.5 milyard manat xərclənib, amma təkcə son rübdə 8 milyard manat xərcləmək lazım gələcək. Aydındır ki, bu qədər vəsaitin qısa müddətdə iqtisadiyyata yönəlməsi (fərqi yoxdu maaş kimi, mal və xidmətlərin haqqının ödənilməsi formasında) likvidliyi kəskin artırmaqla manata təzyiqi də gücləndirər.
Mərkəzi Bank bank sektorunun vəziyyəti ilə bağlı məlumatları da operativ açıqlamır
Başqa bir göstərici xidmət ixracından valyuta daxil olmalarının həcmi ilə bağlı gözləntilər ola bilər. Belə ki, iqlimdən asılı olaraq Azərbaycanda turizm xidmətlərinin axınından daxilolmalar rüblər üzrə fərqlənir. Ötən illərin statistikasına baxsaq, rüblər üzrə bu göstəricinin məbləği arasında 100-150, bəzi hallarda 250-300 milyon dollar fərq yarandığını görmək mümkündür. Azərbaycana xarici turist axınının yaz-yay aylarında daha geniş miqyaslı olduğunu nəzərə alsaq, ehtimal etmək olar ki, son 3 ayda turizmin gətirdiyi xarici valyuta azalacaq.
Müstəqil təhlillər əhəmiyyətli və vacibdir. Lakin Mərkəzi Bankın və Maliyyə Nazirliyinin daha şəffaf informasiya siyasəti yürütməsi bu təhlillərin sambalını daha da artıra bilər. Məsələn, Rusiyada, Estoniyada olduğu kimi Mərkəzi Bank tədiyyə balansının ən vacib göstəricilərini rüblük deyil, aylıq açıqlaya bilər. Mərkəzi Bank bank sektorunun vəziyyəti ilə bağlı məlumatları da operativ açıqlamır. Artıq noyabrın ilk 10 günlüyü bitir, amma ən son məlumatlar avqusta aiddir. Halbuki cari ayın 10-dan gec olmayaraq əvvəlki ay üzrə pul-kredit göstəriciləri açıqlanmalı idi. Bizim Mərkəzi Bank isə cari ayda 2 ay öncəki ayın informasiyalarını icitmailəşdirir.
Yaxud Maliyyə Nazirliyi büdcə xərclərinin və gəlirlərinin icra vəziyyətini, proqnozlara əməl edilmə səviyyəsini rüblük yox, aylıq açıqlaya bilər.