”Valyuta bazarında sonuncu güllələr havaya atılır”

Qubad İbadoğlu: ”Mərkəzi Bankın son addımları iqtisadi böhrandan çıxışa deyil, onun dərinləşməsinə xidmət edəcək”

Source:


Qubad İbadoğlu: ”Mərkəzi Bankın son addımları iqtisadi böhrandan çıxışa deyil, onun dərinləşməsinə xidmət edəcək”

Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu hesab edir ki, Mərkəzi Bank manatın məzənnəsini inzibatı yolla tənzimləmə siyasətində son 10 gündə etdiyi dəyişiklik qısa müddətli dövrdə manatın xeyrinə olsa da, bütövlükdə bazar münasibətlərinin ziyanınadır. Məqsədi panikaların idarəedilməsi olan bu siyasətlə heç vaxt hədəfə çatmaq mümkün deyil. Nə qədər ki, iqtisadiyyatda böhran simtompları və pisləşən trendlər var, bir o qədər də bazarlarda panikalar müşahidə olunacaq. Bu milli valyutası sürətlə dəyərsizləşən, xüsusilə də tez-tez böyük faizlərlə devalvasiya ilə qarşılaşan ölkələrin əhalisi üçün həsas və xarakterikdir. Bir də unutmaq olmaz ki, panikalar idarə olunmur.

İqtisadçı öz Facebook səhifəsində bu barədə yazır.

O, yanvarın 25-dən başlayaraq davamlı olaraq manatın məzənnəsini ABŞ dollarına nisbətdə bahalaşdıran Mərkəzi Bankın yeni siyasətinin arxasında iqtisadi məntiqin olmadığını hesab edir: “Hətta bunu Maliyyə Nazirliyinin “istiqraz siyasəti”nə dəstək kimi də qiymətləndirmək mümkün deyil. Çünki yenə də valyuta bazarında starteji ehtiyatlar “küləyə sovrulur və hərbi dildə ifadə etsək sonuncu güllələr havaya atılır”.

ADR sədrinin fikrincə, manatın məzənnəsini bir və ya bir neçə gün əvvəldən elan etməklə yanaşı, daxili bazarda valyuta satışını məhdudlaşdıran Mərkəzi Bankın başqa bir yanaşması məntiqsiz və sistemsiz siyasətin tərkib hissəsidir. Diqqət edin, 21 dekabr devalvasiyasindan dərhal sonra açıqlama verən Mərkəzi Bank sədri qeyd edirdi ki, “bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın valyuta olan tələbini tam ödəyirdik. Lakin bundan sonar biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq.” Görəsən, bir və ya bir neçə gün əvvəldən məzənnənin müəyyənləşdirən Mərkəzi Bank tələb-təklif proporsiyasına əvvəlcədən necə nəzər salır? Olmaya Mərkəzi Bank da falçılıqla məşğuldur, öncədən görmə qabliyyətinə malikdir, yoxsa sabahlı məzənnəni bu gün necə bilmək olar ki?

Qubad İbadoğlu bir daha xatırladır ki, manatın sabitləşməsi və ona etimadın bərpa olunması üçün yeganə yol onun digər valyutalara nəzərən gerçək məzənnəsinin müəyyənləşdirilməsindən asılıdır. Bu isə yalnız valyuta bazarının liberallaşmasından və manatın məzənnəsinin tələb-təklif əsasında real həraclar vasitəsilə təyin edilməsi ilə mümkündür. Nə qədər ki, manatın gerçək məzənnəsi bəlli deyil, bir o qədər də manata inam bərpa olunmayacaq və panikalar bazarlarda aparıcı rol oynayacaq. Eyni zamanda, gerçək məzənnə bilinməyincə ölkədə sabit maliyyə və mötəbər bank sistemi formalaşmayacaq, investisiya və işgüzar fəallıq aşağı düşəcək. Bütün bunlar isə iqtisadi böhrandan çıxışa deyil, onun dərinləşməsinə xidmət edəcək.

Ana səhifəXəbərlər”Valyuta bazarında sonuncu güllələr havaya atılır”