Vahid Mustafayev: Bizi öldürməyin, qoyun yaşayaq

“Siz də heç olmasa, öz nökərlərinizi fikirləşin, adamları küçələrdə ac qoymayın”

Source:
Vahid Mustafayev və Mirşahin açıqlama verir
Vahid Mustafayev və Mirşahin açıqlama verir


“Siz də heç olmasa, öz nökərlərinizi fikirləşin, adamları küçələrdə ac qoymayın”

Sentyabrın 2-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətləri üzrə ayrı-ayrılıqda iki məhkəmə iclası keçirilib.

MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında “ANS ÇM Yayım və Media” Şirkətinə verilmiş lisenziyaya xitam verilməsi barədə qərar qəbul edilib. “ANS ÇM Yayım və Media” Şirkəti dəymiş maddi və mənəvi ziyana görə MTRŞ-dan 1 milyon manat təzminat tələb edir.

Biz bu gün sizə padşah kimi baxırıq

Həmin iddia üzrə keçirilən iclasda “ANS ÇM Yayım və Media” Şirkətinin vəkili Raqif Mustafayev vəsatət verib. O, bildirib ki, MTRŞ-ın qərarları nəticəsində şirkətə külli miqdarda maddi ziyan dəyib və işçilərə maaş vermək mümkün olmayıb: “Maddi ziyanın həcmi hər gün artır. Buna görə də biz sizə müraciət edirik ki, radionun fəaliyyətinin dərhal bərpa edilməsi haqda cavabdehin üzərinə vəzifə qoyasınız”.

Vəsatətə münasibət bildirən MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov isə onun əsassız olduğunu deyib və təmin edilməməsini xahiş edib.

Hakim vəsatətə növbəti iclasda baxılacağını bildirib.

Daha sonra vəkil R. Mustafayev radionun bağlanması ilə bağlı MTRŞ-ın qərarının indiyə kimi şirkətə təqdim etmədiyini deyib və ANS Şirkətlər Qrupunun 3-cü tərəf kimi işə cəlb olunması barədə vəsatət verib. Lakin məhkəmə bu vəsatəti də təmin etməyib. Vəkil R.Mustafayev hakimə vəsatətləri təmin etmədiyi üçün etiraz edib və etiraz məktubunun hazırlanması üçün məhkəmədən vaxt istəyib.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də vəsatətlərin qəbul edilməməsinə etiraz edib: “Biz bu gün sizə padşah kimi baxırıq. Siz də heç olmasa, öz nökərlərinizi fikirləşin, adamları küçələrdə ac qoymayın. Bizi öldürməyin, qoyun yaşayaq. Sabah yenə bizə ehtiyacınız olacaq. Xahiş edirik, bir az mərhəmətli olun, nəzərə alın ki, biz də adamıq, biz də vətəndaşlarınızıq. Yayımın dayandırılması barədə qərar indiyə qədər bizə verilməyib, ANS-in 1000-ə qədər əməkdaşı pis vəziyyətdə qalıb. Beynəlxalq şirkətlər Teleradio Şurasına qarşı beynəlxalq müstəvidə iddialar qaldıracaq. Çünki Azərbaycan ərazisində onların hüquqları pozulub, söhbət 100 minlərlə dollarla ölçülən itkilərdən gedir. Bizimlə müqaviləsi olmuş beynəlxalq strukturların qarşısını alırıq. Vəd veririk ki, dövlətimiz bu məsələnin qarşısını alacaq. Bu, həmin dövlətdir, həmin məhkəmədir ki, ona görə vuruşmuşuq. Biz döyüşlərdə olmuşuq, bədənim tikə-tikədi. Bizim nə günahımız var axı? Bu qurum nə haqla bizim lisenziyamızı əlimizdən alıb?! Onlar yaxşı bilsinlər ki, bu günün sabahı var. Bu, qanunsuzluqlar aradan qaldırılmalı və bizim şikayətimiz təmin edilməlidir. Siz tarixdə qalacaqsınız. Ona görə də diqqətlə düşünün. Biz Azərbaycan üçün çox şeylər eləmişik. Burda ciddi işlər gedir. Siz dövlət ittihamı verirsiz. Biz xarici holdinqləri ölkəmizə cəlb etmişik. Milyonlarla pul verilib. Onlar o boyda pulu iqtisadiyyatımıza yönəldiblər. Biz Azərbaycanı təmsil edirik. Başa düşürsünüz, bu adi bir iş deyil. Bu, mənim bütün həyatımdı. Həyatımı bu yolda qoymuşam. Xahiş edirəm, bir insan kimi başa düşün. Biz bir olaq, dövlətimizi inkişafa aparaq. İndi onlar bizdən pullarını tələb edirlər. Mən onlara nə cavab verim? Onlar sabah digər televiziyalardan, radiolardan da pullarını çəkəcəklər. Çünki artıq inanmırlar. Bizə deyirlər ki, necə ola bilər, bir günün içində televiziya bağlansın?! Bizə kömək edin, onlara bir cavab verək. Bizim digər şirkətlərimiz işləyir. Bizi bu ölkədə heç kim düşmən bilmir. Əməkdaşlarımızın çox problemləri var. Hərənin ailəsində xəstəsi var. Biz onların pulunu verə bilmirik. Xahiş edirəm ki, bizə kömək edin”.

Daha sonra iclasda fasilə elan edilib. Fasilədən sonra hakim qərarla tanış olmaq üçün ANS-ə vaxt verib. Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.

Mirşahin Ağayev: “Biz bu dövlətə inanırıq”

Daha sonra 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin MTRŞ-ya qarşı şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında “ANS Müstəqil Yayınm və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli lisenziyanın qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması barədə qərar qəbul edilib.

Bundan sonra ANS məhkəməyə müraciət edib. Televiziya yayımın bir ay müddətində dayandırılması barədə qərarın ləğv edilməsini istəyir.

Prosesdə “ANS Şirkətlər Qrupu”nun vitse-prezidenti Mirşahin Ağayev çıxış edərək deyib ki, MTRŞ-nın onları Fətullah Güləndən müsahibə almaqda ittiham etmək düzgün deyil: “Bizim müxbir Fətullah Gülənin mətbuat konfransında iştirak edib. Orada digər jurnalist də olub. Lakin biz həmin müsahibəni efirə verməmişik. Məhkəmədən xahiş edirik ki, ədalətli qərar çıxardasınız. Biz bu dövlətə inanırıq, yazılan və yazılmayan qanunların heç birini pozmamışıq. Biz cəbhələrdə olmuşuq, hər zaman dövlətin yanında olmuşuq. Həmin konfransda hamı kimi bizim də müxbirimiz olub”. O, MTRŞ-nın qərarının ləğvini istəyib.

MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov da çıxış edib: ” ANS Türkiyədə baş verən hadisə ilə bağlı FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənə dəstək verib”.

Bu zaman ANS Müstəqil Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev ona etiraz edib: “Biz terrorçu deyilik. Siz hansı haqla bizi terrorçu adlandırırsınız?” V. Mustafayev hakimdən T. Məmmədova irad tutmağı tələb edib: “Ona deyin danışığına fikir versin”. Hakim tərəfləri sakitləşdirib.

Daha sonra qərar elan edilib. Məhkəmənin qərarına əsasən ANS-in iddiası təmin edilməyib. V. Mustafayev isə işə düzgün baxılmadığını, vəsatətlərin heç birinin təmin edilmədiyini bildirib.

Ana səhifəXəbərlərVahid Mustafayev: Bizi öldürməyin, qoyun yaşayaq