Vahid Məhərrəmov: Zərərə düşmüş fermərlərə dəstək verilməlidir

”Təəssüfedici məqam təsərrüfatların sığortalanmasının çox zəif olmasıdır”

Source:


”Təəssüfedici məqam təsərrüfatların sığortalanmasının çox zəif olmasıdır”


“Son bir neçə gündə qeyri-sabit hava şəraitində zərər çəkən fermerlərə hökumətin dəstək verməsi vacibdir”. Bu sözləri kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir.

O, bu barədə Meydan TV-yə danışarkən bildirib ki, bütün sivil ölkələrdə hökumətlər apardıqları aqrar siyasət nəticəsində fermerlərin, kəndlilərin zərərə məruz qalmamasına çalışırlar. Fors-major halları baş verəndə fermerlər təsərrüfatlarını sığortaladıqlarından az ziyanla çıxırlar, yaxud hökumətin xüsusi proqramı nəticəsində yardımlar alır.

Ekspert bu istiqamətdə hökumətin birinci vəzifəsi risklərin qarşısını almaq olduğunu deyib: “Əvvəlcədən maarifləndirmə işi aparır, onların hansı addımlara atacağı barədə informasiya ötürülür. Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu əvvəlcədən harada dolu düşəcəyi, intensiv yağışlar yağacağı, şiddətli küləklər olacağı barədə məlumat verməliydi ki, fermerlər önləyici tədbirlər həyata keçirsin. Təəssüf ki, Azərbaycanda digər ölkələrdən fərqli olaraq heç bir iş görülmür. Təsəvvür edin, hökumət təbliğatının israrla geridə qaldığını ictimaiyyətə təlqin edilən Ermənistanda 270-dən çox xüsusi toplar alınıb. Məqsəd dolunu, buz parçalarını neytrallaşdırıb yağışa çevirməkdir. Belə olan halda sahələrə heç vaxt dolu düşmür və fermerlər ciddi zərərə məruz qalmır”.

Vahid Məhərrəmov təsərrüfatların sığortalanmasını xüsusi qeyd etdi: “Təəssüfedici məqam təsərrüfatların sığortalanmasının çox zəif olmasıdır. Fermerlər əkin işi aparmazdan əvvəl sahələrin ətrafında qoruyucu meşə zolağı salmalıdır. Bu, şiddətli küləyin qarşısını almaq üçündür. İkinci, meyvə bağlarında havaların şaxtalı olması ağaclara çox ziyan vurur, bu il bəzi rayonlarda nar və ərik ağaclarına zərər dəydi. Əgər qoruyucu meşə zolağı salınıbsa, orda ocaq qalanıb tüstüyə verilir. Havanın temperaturu -5 varsa, təsərrüfata heç bir ziyan dəymir. Yalnız bu tədbirlər nəticəsində riskləri minimuma endirmək olur. Təəssüf ki, Azərbaycanda nə maarifləndirmə işləri aparılır, nə təsərrüfatlar sığorlanır”.

Mütəxəssis zərər çəkən fermerlərə hökumətin maliyyə yardımı edib-etməməsi barədə suala belə cavab verdi: “Əgər təsərrüfatlar sığortalanmayıbsa, maliyyə yardımı mütləq vacibdir. Dövlət belə vəziyyətlərdə zərəri nəzərə almalı və müəyyən hissəni ödəməlidir. Ümumiyyətlə, ölkənin ərzaq təhlükəsizliyi yalnız fermerlərin qarşısında dayanan vəzifə deyil. Hökumət çalışmalıdır ki, fermerlər zərərə məruz qalmayıb növbəti ildə də öz işlərini davam etdirsinlər. Əks təqdirdə, onlar gələcəkdə aqrar sahə ilə məşğul olmaqdan yayına bilərlər”.

Ana səhifəXəbərlərVahid Məhərrəmov: Zərərə düşmüş fermərlərə dəstək verilməlidir