Vahid Məhərrəmov: ”Göstərişlə ucuz çörək olmur”

”ƏDV-nin ləğv edilməsi ilə un və çörək məhsullarında problemlər aradan qalxmayacaq”

Source:


”ƏDV-nin ləğv edilməsi ilə un və çörək məhsullarında problemlər aradan qalxmayacaq”

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə prezidentin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub.

Prezidentin göstərişini Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, ciddi araşdırma aparmadan hökumətin belə addım atması təəccüblüdür. Söhbət ölkəyə gətirilən buğdanın dəyəri, daşınma, emal xərcləri, çörək istehsal edən zavodların, kiçik müəssisələrin imkanlarının öyrənilməsindən gedir: “Əvvəla, un və çörək məhsullarının qiymətini dövlət yox, bazar tənzimləyir. Əgər dövlət bu sahəyə müdaxilə edib qiymət müəyyənləşdirirsə, mütləq araşdırma aparmalıdır. Əks təqdirdə sahibkarların hüququ pozulacaq”.

Vahid Məhərrəmov hesab edir ki, sahibkarların zərərə məruz qalmaması üçün dövlət dəstək göstərməlidir: “Dövlət xərclərin müəyyən hissəsini üzərinə götürüb dotasiya verməlidir. Göstərişlə ucuz çörək olmur. Ucuz çörək üçün dövlət xüsusi proqram qəbul etməlidir ki, bunun daxilində subsidiya və dotasiya olmalıdır. Yalnız bundan sonra ucuz çörək ola bilər. Bir daha deyirəm, dövlət xüsusi qiymət siyasəti həyata keçirmirsə, müdaxilə etməyə ixtiyarı yoxdur. Mövcud qanunlar buğdanın, unun və çörəyin qiymətini süni olaraq endirməyə imkan vermir, bu, hökumətin səlahiyyətində olan məsələ deyil. Ölkəyə buğda və un idxal edən inhisarçılar qalıb bir tərəfdə, Bərdə və Mingəçevirdə çörək bişirən və satan kiçik müəssisələrə cinayət işi açılır. Bu anlaşılmazdır. Qanunda belə şey yoxdur, sahibkar istehsal etdiyi 500 qramlıq çörəyi min manata da sata bilər, əgər alıcı varsa, satılacaq, əks təqdirdə zərərə düşüb bankrot olacaq. Hökumətin çörəyə qiymət qoyması tamamilə qeyri-qanunidir”.

Mütəxəssis düşünür ki, ƏDV-nin ləğv edilməsi ilə un və çörək məhsullarında problemlər aradan qalxmayacaq: “Çünki Azərbaycan özünün təlabatı qədər xaricdən buğda istehsal edir. Uzun müdətdir monopolistlər gizli şəkildə işləyirlər, bu barədə mətbuatda dəfələrlə danışsaq da, hökumət heç bir addım atmır. İdxal olunan buğda və un üyüdən şirkətlər də inhisarçıların nəzarətindədir. İnhisarçıların yalnız gəliri yox, xərci də çox olur. Görün nə qədər şirkət və sahibkarlar var, bunlar idarə olunmalıdır. Bu baxımdan düşünmürəm ki, ƏDV-nin ləğvi ilə çörəyin qiymətini endirib indiki həddə saxlamaq mümkün olacaq. Səbəb də odur ki, ölkə idxaldan asılıdır və bu sahədə inhisarçılıq hökm sürür. Əgər buğda tələbatını daxili istehsal hesabına ödəyə bilərdisə və əvvəllər mövcud olan dəyirmanlar işləsəydi, bu barədə danışmaq olardı. Fəlakət ondadır ki, ölkədə olan minə yaxın dəyirman inhisarçılar tərəfindən ləğv olundu. Məqsəd un üyütmə şirkətlərini bir əldə cəmləşdirmək idi. Kəndlərdə kəndçiyə un üyütmə dəyirmanından istifadəyə imkan verilərsə, kəndçi özü istehsal edər, bir hissəsini də qonşusuna satar. Ölkənin kənddə yaşayan əhalisi bu imkandan məhrum olunub. Baxın, dünya bazarında buğdanın qiyməti tədricən artacaq, çünki buğda neft deyil, onu əvəz edən başqa məhsul yoxdur. Bu il istehsalla bağlı dünya bazarında ciddi problem yaranarsa, daxildə qiymət sıçrayışla qalxar. Bir həftədə dünya bazarında ərzaq buğdası 187 dollardan 197 dollara qalxıb, neftin qiyməti düşür, amma ərzaq buğdası qalxır. Bu ondan xəbər verir ki, ciddi problemlərlə üzləşə bilərik. Bir tərəfdən neftin qiyməti enir, başqa tərəfdən də buğdanın qiyməti artır. Bizim də buğdaya olan ehtiyacımız artır, çünki əhali də artır. Bizdə dayanıqlı istehsal olmadığından bu cür problemlər olacaq”.

Ana səhifəXəbərlərVahid Məhərrəmov: ”Göstərişlə ucuz çörək olmur”