Ekspert hesab edir ki, məmurlar vətəndaşların bilgisizliyində istifadə etməklə yalan məlumatlar yayır
İstehsalçıların Hüquqlarının Müdafiə Komitəsinın rəhbəri Eyyub Hüseynov Azərbaycana gətirilən kənd təsərrüfat məhsularından pomidorların 80, qarpızların 70, kartofların 40, qırmızı bibərlərin isə 98 faizinin geni modifikasiya olunması (GMO) barədə açıqlama verib.
Deyilənləri şərh etmək üçün Meydan TV kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmova müraciət edib.
V.Məhərrəmov GMO məhsullarını gözlə müəyyən etməyin qeyri-mümkün olduğunu düşünür: “Yəni gözlə müəyyən etmək mümkün deyil. Bu cür məhsullar laboratoriya şəraitində müəyyən olunmalıdır, təəssüflər ki, Azərbaycanda onları tam müəyyən edəcək labarotoriya yoxdur. Mövcud olanlar isə 4-5 xətti müəyyən edə bilir. Halbuki bir sıra məhsullarda 20-dən artıq xətti müəyyən etməyə ehtiyac var. Hətta Rusiya kimi ölkənin laboratoriyalarında 17 xətti müəyyən etmək mümkündür. Xətt deyəndə, geni dəyişdirilmiş bir neçə bitki sortundan söhbət gedir. Burada torpaq-iqlim şəraiti və regionların xüsusiyyəti də nəzərə alınır. Regionda bitkilərin zərərvericiləri, xəstəlikləri nəzərə alınaraq, bu işlər spesifiq qaydada aparılır. Bütün bunları isə müəyyən edəcək mükəmməl laboratoriya yoxdur. Bu mənada ciddi mütəxəssis belə adi gözlə geni dəyişdirilmiş məhsul barədə qəti fikir yürüdə bilməz. Hətta Azərbaycanda adi hibriddən alınan məhsullardan da şübhələnib, onları GMO məhsulları kimi ictimaiyyətə təqdim edirlər, bu, düzgün deyil. İstənilən müətəxəssis elmi cəhətdən analiz nəticəsində sübuta yetirilmiş faktlarla danışmalıdır. Şayiələrlə, insanları qorxutmaqla gündəmdə qalmaq ciddi iş deyil”.
Vahid Məhərrəm Azərbaycanda GMO məhsulların olduğunu deyir: “Ola bilməz ki, o cür məhsullar olmasın, çünki elə bir ölkə yoxdur ki, GMO bitkilər ora gedib çıxmasın. Ümumiyyətlə, son zamanlar dünyada bu sahədə istehsal çox sürətlə artıb. Həm əkin ərazisi, həm istehsal artır və bu istehsalla məşğul olan ölkələr kifayət qədər inkişaf etdiklərindən dünya bazarına çıxarılan məhsulların həcmi də artır. Bu mənada ola bilməz ki, Azərbaycana gətirilən toxum materiallarının geni modifikasiya olunmasın. Məsələn, bəzi məhsulların tamı ilə bunu müəyyən etmək olur, xiyar və pomidorun balıq tamı verməsində də bu özünü göstərir. Təəssüf ki, sahibkarlarımız da şimal bölgəsi üçün hazırlanmış toxum materiallarını ölkəmizə gətirirlər. Amma Azərbaycanda havalar kəskin soyuq keçmədiyindən buna ehtiyac yoxdur”.
GMO məhsullarının insan orqanizminə zərəri haqqında fikirlərə gəldikdə, mütəxəssis həm insan orqanizmi, həm ətraf mühitə təsiri barədə deyilənlərin heç birinin təsdiqinin tapmadığını bildirdi: “Əksinə, daha çox ənənəvi qaydada əldə olunan məhsulların insan orqanizminə mənfi təsirini elm sübut edib. İnsan orqanizmi üçün zərərli olan məhsullar kimyəvi maddələrin tətbiqi nəticəsində əldə olunan məhsullardır. Bu gün fermer yüksək məhsul əldə etmək üçün daha çox mineral gübrədən, bitkini xəstəlik və ziyanvericilərdən qorumaq üçün zəhərli kimyəvi maddələrdən, pestisidlərdən istifadə edir, bu isə əldə olunan məhsulda toplanır və insan orqanizmində zərərli toksik maddələrin miqdarını artırır. Fermerlər bu prosesi qaydasında idarə etməkdə acizdir. Süni yaradılmış gübrələrdən ideal şəkildə istifadə edərək, prosesi normal idarə etmək çox çətindir. Bitki süni yolla yaradılmış mineral maddələri daha çox mənimsəyir, havalar çox isti keçən zaman və gecələr fotosintez prosesi dayandıqda, qeyri-üzvi maddələrin üzvi maddələrə çevrilməsi prosesi dayanır. Nəticədə bitkidə və onun meyvəsində çoxlu miqdarda toksik maddələr toplanır. Bu mənada GMO məhsullarının insan orqanizmi üçün heç bir zərəri yoxdur. Ona görə də Amerika, İsrail, Kanada, Yaponiya bu sahəyə ciddi fikir verir. Avropa ölkələri də son zamanlar bu sahənin inkişafına ciddi önəm verirlər. Artıq “sarı mətbuat”ın, psevdoalimlərin GMO əleyhinə apardıqları əsassız təbliğat ifşa olunub. Elmin geridə qaldığı ölkələrdə isə hökumət “sarı mətbuat”ın və psevdoaliimlərin apardığı təbliğatın girovuna çevrilir. Hazırda Rusiyada, Qazaxıstanda, Belarusda və Ukraynada bu sahə ilə geniş məşğul olurlar. Azərbaycanda istehsal və idxal olsa da, konkret rəqəmlər deyə bilmərik. Amma Azərbaycanda soya yağı varsa, bu, modifikasiya yolu ilə əldə olunan soyadan alınan məhsuldur, buna 100 faiz əmin ola bilərsiniz. Ümumiyyətlə, GMO məhsulları sağlam olur. Bu da yaxşı göstəricidir. Bütün kənd təsərrüfatı məhsullarını, ərzaq mallarını, hətta südün də GMO olduğunu iddia edən dövlət məmurlarına xitabən deyirəm ki, əhalinin məlumatsız olduğundan istifadə edib, dezinformasiya yaymasınlar. GMO məhsullarını gözəyarı müəyyən etmək qeyri-mümkündür. Hanı sizin külli miqdarda maliyyə xərcləyib ölkəyə gətirdiyiniz avadanlıqlar? Hanı sizin labaratoriyalar? Hanı sizin analizlərin cavabı? Əlinizdə dəqiq sübut varsa, qoyun ortaya!
Buyurun, BMT-nin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dünyada aşağıdakı transgen bitkiləri qeydə alıb:11 soya xətləri, 24 kartof xətləri, 32 qarğıdalı xətləri, 3 şəkər çuğunduru xətləri, 5 düyü xətləri, 8 pomidor xətləri, 32 raps xətləri, 3 buğda xətləri, 2 yemiş xətləri, 2 balqabaq xətləri, 1 kətan xətti, 9 pambıq xətləri, 1 kasnı xətti, 2 papayi xətti. Bunların arasında ən çox yetişdirilən soya, qarğıdalı, raps (kanola) və pambıqdır”.
Buyurun, BMT-nin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dünyada aşağıdakı transgen bitkiləri qeydə alıb:11 soya xətləri, 24 kartof xətləri, 32 qarğıdalı xətləri, 3 şəkər çuğunduru xətləri, 5 düyü xətləri, 8 pomidor xətləri, 32 raps xətləri, 3 buğda xətləri, 2 yemiş xətləri, 2 balqabaq xətləri, 1 kətan xətti, 9 pambıq xətləri, 1 kasnı xətti, 2 papayi xətti. Bunların arasında ən çox yetişdirilən soya, qarğıdalı, raps (kanola) və pambıqdır”.