”Hökumətin qeyri-peşəkarlığının nəticəsində vəziyyət indiki hala düşüb”
2016-cı ilin 10 ayı ərzində ölkəyə idxal olunan yeyinti məhsullarının həcmi keçən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə artıb.
Bu, Dövlət Gömrük Komitəsinin məlumatında öz əksini tapıb.
Məlumatdan bəlli olur ki, keçən ilin 10 ayı ərzində ölkəyə 806 milyon dollar dəyərində yeyinti məhsulları idxal olunduğu halda, bu il 32,88 faiz artaraq 1 milyard 71 milyon dollar təşkil edib. Aşağıda əsas ərzaq məhsulların idxal artımı keçən illə müqayisədə faizlə verilib.
Ət – 160 faiz, süd məhsulları – 60 faiz, buğda – 9 faiz, (106 min ton çox), çay – 84 faiz, bitki və heyvan mənşəli yağlar -15 faiz, şəkər – 56 faiz, tərəvəz -185 faiz, yeməli meyvələr – 92 faiz, balıq-102 faiz.
Məlumatı Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, Azərbaycanda yeyinti məhsullarının idxaldan aslılığı heç zaman bu həddə çatmayıb: “Alıcılıq qabiliyyətinin azaldığı halda idxalın bu dərəcədə artması kənd təsərrüfatı istehsalının kifayət qədər gerilədiyinin götəricisidir. Hətta 2015-ci ildə 2014-cü ilə nisbətən artım olmuşdu. İndi isə bir sıra kənd təsərrüfatı məhsullarının təminatı idxaldan asılı qlaıb, xüsusən buğda, bu il 1 milyon 268 min ton buğda idxal olunub. Bu, o deməkdir ki, 10 ayda birillik təlabatımızdan artıq buğda idxl olunub”.
Ekspert hökumətin ötən il kənd təsərrüfatı ili elan olunmasını xatırladıb sual etdi ki, bununla bağlı aqrar sektora ayrılan maliyyənin nəticəsi necə oldu? Həm daha çox buğda istehsal etdiklərini deyirlər, həm də ölkənin tələbatı və daha çox buğda idxal olunur. Bu, istehsalın olmadığının göstəricisidir, varsa da, emalda istifadə edilmir, keyfiyyəti aşağıdır: “Yaxud ət idxalı 160 faiz artıb, vaxtında örüş sahələrinin əkin üçün dövriyyəyə verilməməsini günəmə gətirdik, amma reaksiya olmadı və hazırda problem yaranıb. Balıq idxalı da artıb, çünki balıq göllərini ləğv edib xaricə ixrac etmək üçün qurbağa gölləri yaratdılar. Nəticədə hökumətin qeyri-peşəkarlığının nəticəsində vəziyyət indiki hala düşüb”.
Vahid Məhərrəmov hesab edir ki, idxaldan asılılıq valyuta ehtiyatımız azaldığı halda yaxşı heç nə vəd etmir: “Bu gedişat ölkəni aclığa aparır. Baxın, daxili istehsal zəifləyib, məsələ ondadır ki, pambıq və baramaya diqqət göstərmək ölkənin ərzaq təminatına heç nə vermir. Əgər valyuta gəliri azalırsa, ölkənin idxaldan asılılığı artırsa, bu, fəlakətə və aclığa gətirir”.