Deputat vəzifəli şəxslərin gəlir bəyannaməsi verməsi ilə bağlı Baş nazirə müraciət etdi
"Azərbaycanda tenderler düzgün keçirilmir. Hətta burada korrupsiya faktları da aşkarlanıb. Bu sahəyə ciddi nəzarət olmalı, şəffaflıq təmin edilməlidir".
Milli Məclisdə 2020-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deputat Vahid Əhmədov belə deyib.
O, həmçinin vurğulayıb ki, məmurların gəlir deklarasiyası verməsi ilə bağlı normativ sənəd 10 ildən artıqdır ki, hazırlanmır. Deputat Baş nazirə müraciət edərək, bu sənədin hazırlanması və növbəti ilin yanvarından qüvvəyə minməsi ilə bağlı müfaviq addımların atılmasını xahiş edib. V.Əhmədov maliyyə amnistiyası verilməsinin vacibliyini də vurğulayıb.
2005-ci ildə “Gəlir bəyannaməsi haqqında” qanun ölkə başçısı tərəfindən imzalanıb və bəyannamə forması hazırlamaq üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Ancaq prezidentin tapşırığı hələ də yerinə yetirilməyib və buna görə, vəzifəli şəxslər ildə bir dəfə gəlirləri barədə məlumat verməsi mexanizmi tətbiq edilmir.
Deputat çıxışında bildirib ki, qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılmalı, bu sahədə əsaslı vəsait qoyuluşuna daha geniş imkan yaradılmalıdır: "Son illər ölkəmizdə sənaye parkları istifadəyə verilən sənaye parklarının istifadəsinə 3,3 milyard dollar vəsait xərclənib. Bu parklarda 1,5 milyard manata yaxın məhsul istehsal edilib, 306 milyon manata yaxın məhsul isə xaricə ixrac edilib. Biz sənaye müəssisələrini 7 il müddətinə vergidən azad etmişik. Yeni İqtisadiyyat naziri bu müəssisələri daha 3 il müddətinə vergidən azad edilməsini təklif edir. Düşünürəm ki, 7 il bəs edər ki, həmin sənaye müəssisələri kifayət qədər effektiv işləsinlər və Azərbaycanın dövlət büdcəsinə vergi versinlər. Bu, çox ciddi məsələdir və Azərbaycan hökumətinə bu məsələnin üzərində işləməyi təklif edirəm”.