Üzeyir Cəfərov: Təxribatı Ermənistan tərəfinin təşkil etdiyini düşünürəm

Rauf Mirqədirov: ”Atəşkəsin pozulması beynəlxalq arenadakı qeyri-müəyyənliklə də bağlı ola bilər”

Source:


Rauf Mirqədirov: ”Atəşkəsin pozulması beynəlxalq arenadakı qeyri-müəyyənliklə də bağlı ola bilər”


Dekabrın 29-da səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhəddindəki atışma əticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz itkin düşüb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görəsə, 3 erməni hərbçisi həlak olub.

Cəbhə bölgəsində baş verənləri Meydan TV-yə şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi qanunlara görə, hücum edən tərəf daha çox itki verir:

“Ermənistan tərəf 1 zabit və 2 əsgərin itkisini təsdiq edir. Belə olan halda Azərbaycan tərəfinin pusquya düşməsindən necə danışmaq olar?”

O, təxribatın Ermənistan tərəfinin təşkil etdiyini düşünür:

“Ermənistanın ATƏT qarşısında minnətdarlıq borcu vardı. Bu borc ondan ibarət idi ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anje Kaspişik iki dövlət başçısının bir araya gətirilməsi üçün İrəvandan vəziyyəti gərginləşdirməyi xahiş etmişdi. Yəni vəziyyət gərginləşir və prezidentlər danışıqlar masası arxasında oturmağa məcbur olur. Mən Ermənistan mətbuatını daim izlədiyimdən qənaətimdə israrlıyam. Sankt-Peterburq görüşü Ermənistan üçün uğursuzluqla nəticələndikdən sonra prezident Sarkisyan vəziyyətin gərginləşməsinə göstəriş verdi. İkinci, biz dəfələrlə Kaspişikin Ermənistanın maraqlarına çalışdığını demişdik. Bu adam Qafqaz mentalitetinin mənfi cəhətlərini bilir və bundan öz maraqları üçün istifadə edir. ATƏT rəhbərliyi ilə dil tapıb vəziyyətin dəyişməsində maraqlı olmadığını gizlətmir”.

Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan qarşı tərəfin təxribata əl atacağından xəbərdar olub: “Ancaq böyük ehtimalla diversiya qrupu əsgər Qurbanovu əsir götürüb. Yaxın saatlarda məsələlərə aydınlıq gətiriləcək”.

Siyasi icmalçı Rauf Mirqədirov isə tərəflərin itkilərlə bağlı məlumatlarına şübhə ilə yanaşır:

“Çünki ilkin mərhələdə tərəflər məlumatları saxtalaşdırmasalar da, gerçək vəziyyətlə bağlı tam həqiqəti söyləmirlər. Aprel döyüşləri də bunu sübut etdi. İkinci, atəşkəsin kimin pozmasını da tərəflər etiraf etmirlər. Ona görə ki, etiraf beynəlxalq vasitəçilərlə münasibətlərdə problemlər yarada bilər. Azərbaycan hücum əməliyyatı keçirsə, bu, daxildə normal qəbul olunar, amma beynəlxalq vasitəçilərlə münasibətdə problemlər yaradar”.

Rauf Mirqədirov

R.Mirqədirov güman edir ki, hər iki tərəf bu və ya digər dərəcədə maraqlı ola bilər:

“Son danışıqların baş tutmadığını nəzərə aldıqda, vasitəçilər ən azından Hamburqda ATƏT-in sammitində XİN rəhbərlərinin görüşünü keçirməyə cəhd etdilər, alınmadı. Bağlı qapılar arxasında nə olduğunu bilməsək də, rəsmi Bakı ən azı təbliğat müstəvisində dedi ki, Azərbaycan danışıqlardan qaçmır, Ermənistan qaçır. Ermənilər də etiraf etdi ki, onlar rəsmi danışıqlarda maraqlı deyil, yaxud hazır deyillər, ya da şərait yoxdur. Belə şəraitdə hər iki tərəfin vəziyyəti gərginləşdirmək üçün maraqları olur. Bakı vəziyyəti gərginləşdirərək Qərbin problemə cəlb etmək istəyər. Ermənistan da bunu Bakının üstünə atar. Ümumiyyətlə, tərəflər bununla sülh danışqılarının qeyri-mümkünlüyünü sübut etməyə çalışarlar. Faktiki olaraq, aprel döyüşlərindən sonra qarşımızda iflasa uğrayan danışıqlar mərhələsi var. Əvvəl intensivləşmə oldu, gözləntilər, beynəlxalq maraq yarandı, amma yenə də bu maraq arxa plana keçir. Azərbaycan bu marağı canlandırmağa çalışsa da, alınmır”.

Siyasi icmalçı ehtimal edir ki, atəşkəsin pozulması beynəlxalq arenadakı qeyri-müəyyənliklə də bağlı ola bilər:

“Amerikada köhnə administrasiya işini bitirməyib və beynəlxalq aləmdə onu ciddi qəbul etməmək gündəmə gəlir, fəaliyyət dairəsi də məhdudlaşıb. Hətta Rusiyanın Xarici İşlər Nazirliyinin son bəyanatlarına baxın, Obama administrasiyasını az qala ələ salırlar. Belə bir şəraitdə ABŞ-nın real oyunçu kimi vəziyyətə müdaxilə imkanları məhduddur. Regionda marağı olan başqa qüvvələr bundan istifadə edərlər. Məsələ ondadır ki, yeni prezident Trampın İrana münasibəti yaxşı deyil və o, münasibətlərə yenidən baxacağını gizlətməyib. Belə vəziyyətdə regionda qüvvələr nisbətində müəyyən dəyişikliklər cəhdi mümkündür”.

Ana səhifəAnalitikaÜzeyir Cəfərov: Təxribatı Ermənistan tərəfinin təşkil etdiyini düşünürəm