Üzeyir Cəfərov: Fərman hərbi baza statusu ilə bağlı deyil

Hikmət Hacızadə: ”Azərbaycan Müdafiə Nazirliyinin Türkiyə Silahlı Qüvvələrilə əməkdaşlığı vacibdir”

Source:


Hikmət Hacızadə: ”Azərbaycan Müdafiə Nazirliyinin Türkiyə Silahlı Qüvvələrilə əməkdaşlığı vacibdir”

Azərbaycanın Rusiyadakı sabiq səfiri, siyasi şərhçi Hikmət Hacızadə prezident İlham Əliyevin Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında 2016-cı il 3 iyun protokolu haqqında fərmanını müsbət qiymətləndirib.

Bu barədə Hikmət Hacızadə Meydan TV-yə açıqlamasında bildirib.

O, deyib ki, bu istiqamətdə addımın atılmasını çoxdan gözləyirdi: “Azərbaycan Müdafiə Nazirliyinin Türkiyə Silahlı Qüvvələrilə əməkdaşlığı vacibdir. Birinci, ordumuz modernləşir və ardınca başqa vacib problemlərin həllinə dəstəkdir”.

Hərbi ekspert Üzeyr Cəfərov isə Meydan TV-yə fərmanda hərbi bazadan söhbət getmədiyini söyləyib: “Fərman hərbi baza statusuyla bağlı deyil. Söhbət Azərbaycanda olan Türkiyə silahlı qüvvələrinin bundan sonrakı həyat və fəaliyyətinin tənzimlənməsindən gedir. Onsuz da “Qızıl Şərq” hərbi şəhərciyində türk hərbçiləri təmsil olunurdu, onlar Müdafiə Nazirliyinin təlimatçıları rolundaydılar. Türk hərbçiləri 90-cı illərdən həmin hərbi şəhərçikdəydilər. H.Z.Tağıyev qəsəbəsindəki aerodroma gəlincə, iki ölkənin pilotları neçə illərdir birgə təlimlər keçirirlər. Bunları əsla hərbi baza kimi dəyərləndirmək olmaz. Hərbi baza üçün gərək hərbi doktrinaya və milli təhlükəsizlik konsepsiyasına dəyişiklik edək”.

Ü.Cəfərov düşünmür ki, bu məsələdə Azərbaycanın hansısa qazancı var: “Sadəcə, iki ölkə nazirlikləri arasında status məsələsinin dəqiqləşməsidir. Ümumiyyətlə, Türkiyə Silahlı Qüvvələri Azərbaycanda təmsil olunursa, bunun müsbət tərəfi həmişə var. Xüsusən də Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunda türk hərbçilərinin rolu əvəzsizdir. İkinci, bu status onlara verilirsə, yaxın bir neçə ildə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ordusunun yanında olması ən azı hüquqi bazayla tənzimlənir”.

Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında protokol 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanıb. Prezident iyulun 20-də həmin protokolu təsdiqləyən fərman imzalayıb.

Ana səhifəXəbərlərÜzeyir Cəfərov: Fərman hərbi baza statusu ilə bağlı deyil