Üzeyir Cəfərov: “Çingiz Əsgərovun açıqlaması əcaibdir”

“Ümumiyyətlə, Avropa İnsan Hüquqları Məhkəməsinin maddi tərəfini kənara qoymaq lazımdır, insan həyatına sui-qəsd edənlər azadlıqda gəzirlər, əsas məsələ budur”

Source:


“Ümumiyyətlə, Avropa İnsan Hüquqları Məhkəməsinin maddi tərəfini kənara qoymaq lazımdır, insan həyatına sui-qəsd edənlər azadlıqda gəzirlər, əsas məsələ budur”

“Çingiz Əsgərovun Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tam şəkildə icra etməsi barədə açıqlaması mənim üçün anlaşılmazdır. Çingiz Əsgərov “Azərbaycan Avropa Məhkəməsinin qərarlarını tam şəkildə icra edir” deyəndə, nəyi nəzərdə tutur? 2007-ci ildə mənim həyatıma sui-qəsd edənlər hələ azadlıqda gəzirsə, hüquq-mühafizə orqanları Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına uyğun heç bir addım atmırlarsa, bu, cənab Əsgərovun dediyi kimi qərarın tam şəkildə icra olunmasıdırmı?”

Bu ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsində iddiası təmin olunan Üzeyir Cəfərov Meydan TV-yə belə deyib.

Hərbçi-ekspert Üzeyir Cəfərov Çingiz Əsgərovun yanaşmasını “əcaib” adlandırıb: “Kimsə kimisə vurub şikəst edəcək və hökumət buna görə 10-15 min manat cərimə olunacaq, məsələ bitəcək? Kökündən yanlışdır. Ümumiyyətlə, Avropa İnsan Hüquqları Məhkəməsinin maddi tərəfini kənara qoymaq lazımdır, insan həyatına sui-qəsd edənlər azadlıqda gəzirlər, əsas məsələ budur”.

Üzeyir Cəfərov bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin onunla bağlı qərarı hələ icra olunmayıb, yəni maddi təzminat hələ ödənməyib.

Yanvarın 29-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin keçmiş əməkdaşı Üzeyir Cəfərovun şikayəti üzrə qərar çıxarıb.

Avropa İnsan Haqları Məhkəməsi “Cəfərov Azərbaycana qarşı” işində Konvensiyanın 3-cü (işgəncələrin qadağan olunmas) maddəsinin pozulduğu qənaətinə gəlib.

Eyni zamanda, Avropa Məhkəməsi ərizəçinin onlara təqdim etdiyi 10-cu (fikri ifadə etmək azadlığı) maddəsinin tanınmasına ehtiyac olmadığını qeyd edib.

Məhkəmənin qərarı ilə Azərbaycan hökuməti Üzeyr Cəfərova mənəvi zərərə və məhkəmə xərcləri ilə birlikdə 14 min 400 avro kompensasiya ödəməlidir.

Ü.Cəfərov Avropa İnsan hüquqları Konvensiyasının 10-cu (fikrin ifadə olunması azadlığı), 6-cı (ədalətli məhkəmə çəkişməsi) və 2-ci (yaşamaq hüququ) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozulduğunu bildirib. Ü.Cəfərov ona dəyən fiziki və mənəvi zərərin, məhkəmə xərclərinin ödənilməsini tələb edirdi.

Ü.Cəfərov orduda nöqsanları və problemləri sərt tənqid etməsi ilə tanınır. 2007-ci ildə ordu haqqında tənqidi məqalə dərc etdirdiyinə görə döyülüb. Belə ki, İnşaatçılar prospektində naməlum şəxslər ona hücum edərək döyüblər.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində 132-ci maddə (döyülmə) üzrə cinayət işi qaldırılıb. Lakin iş sona çatdırılmayıb və heç kim cəzalandırılmayıb.

Ü.Cəfərovun polisin fəaliyyətsizliyi ilə bağlı şikayətləri təmin olunmayıb.

Ü.Cəfərov ona hücum edən şəxsi, polis əməkdaşı Nəbi Nəcəfovu tanıyıb. Ü.Cəfərov ona hücumu təşkil edən şəxslərin cəzalandırılmasına nail olmaq niyyətindədir.

Ana səhifəXəbərlərÜzeyir Cəfərov: “Çingiz Əsgərovun açıqlaması əcaibdir”