Bu gündən manat üzəcək. Mərkəzi Bank 21 dekabrda üzən məzənnəyə keçib. Nəticədə manat 47 faizə qədər devalvasiyaya uğrayıb. Dollar bahalaşaraq, 1 dollar – 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qədər qalxıb. Səhər saatlarından başlayaraq valyuta məntəqələri qiymətlər müəyyən olunana qədər qapılarını açmadılar.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda üzən məzənnəyə keçmək üçün heç bir şərait yoxdur. Burada inzibati yolla məzənnə təyin olunur.
Ekspertin fikrincə, insanların sosial problemləri artacaq. Bir çox insan iş yerini itirəcək. Mərkəzi Bank artıq valyutanın kursuna müdaxilə etməyəcək və beləliklə, dollar sürətlə bahalaşacaq, manat isə sürətlə ucuzlaşacaq. Banka dollarla kredit borcu olanlar da çətin günlər yaşayacaq.
Natiq Cəfərli vurğulayır ki, Azərbaycan idxaldan asılı olan ölkə olduğu üçün bazarlarda da qiymətlər qalxacaq. O, ərzaq, geyim, texnikada qiymət artımını proqnozlaşdırır.
Manat ucuzlaşandan sonra bəzi mağazalar bağlandı, digərlərində isə siqaret qəhətə çəkildi.
Manat bu ilin fevralında da 34 faiz ucuzlaşmışdı. Ekspertin fikrincə, manatın ucuzlaşmasından fayda götürən sadəcə hökumətdir. O hesab edir ki, bu fayda da müəyyən müddətdən sonra ziyanla əvəzlənəcək. “Manatın üzməsi üçün hovuz yoxdur. Ona görə də manat üzə bilməyəcək. Üzmək istəsə belə, batacaq”-Natiq Cəfərli deyib.