Rac Kapurlu, Nərgizli, Cimili, Şakalı, Zita-gitalı hind kinosu
“Cimi-cimi, haca-haca”, “Bobbi”, “Qanq, suların bulanıqdır”, “Toz içində çiçək”… 7-8 milyon azərbaycanlının arasında sorğu aparılsa, hər beş adamdan ikisi bu sözləri eşidəndə mütləq həsrətlə, şirin-şirin qımışacaq. Baxmayaraq ki, o filmlərdə ton-ton göz yaşı axıdılır, qəddar valideynlər sevənləri qovuşmağa qoymur, kədər dizdən yapışır, hicran boğazdan… Məhz, onlar – Rac Kapurlu, Nərgizli, Cimili, Şakalı, Zita-gitalı hind kinosu bizim uşaqlığımızın, yeniyetməliyimizin vazkeçilməzidi. Ancaq sayı bir milyarda çatmış, hərəsi bir dildə danışan hindlilər də daxil olmaqda çox az insan bilir ki, hind kinosu təkcə zita-gitalardan, bulanıq axan qanqlardan ibarət deyil. Onun bir də astarı var. Peşəkarların təbirincə, qeyri-ənənəvi, realist hind kinosu.
Hind filmləri, hər il Berlin, Kann, Venesiya kinofestivallarında mükafatlar qazanırdı
“Hind yeni dalğası” adlanan bu kino 50-ci illərin əvvəllərində, İtaliya neorealizminin mühüm filmlərindən biri- “Velosiped oğruları”nın (Vittoriyo De Sika) Hindistanda nümayişindən sonra meydana çıxıb. Bu o dövr idi ki, SSRİ-nin başçısı Nikita Xruşşov Cavaharlal Neru ilə görüşürdü, 15 respublikanın kinoteatrları hind filmləri ilə dolub-daşırdı, onların populyarlığına özənən SSRİ, o cümlədən, Azərbaycan kinosunda bir-birinin ardınca musiqili filmlər istehsal olunurdu.
Hindistanda isə Bimal Roy , Satyacit Ray, Mrinal Sen, Ritvik Qxatak kimi rejissorlar neorealizmdən təsirlənərək “hind dalğası”nın bünövrəsini qoyurdular, hind filmləri, demək olar ki, hər il Berlin, Kann, Venesiya kinofestivallarında iştirak eləyir və fərqli mükafatlar qazanırdı.
Adları sadalanan rejissorlar arasında ən məşhuru və neorelistlərə ən yaxını Satyacit Raydır. O, “əyalət kinosu” statusu daşıyan hind kinematoqrafiyasını dünyaya tanıdan ilk rejissor hesab olunur.
Bütün dövrlərin və xalqların “100 ən yaxşı rejissoru”ndan biri
Rejissor, ssenarist, bəstəkar, prodüser, kino tənqidçisi, “Oskar” mükafatının ilk hindli laureatı hələ tələbə vaxtından kinoya aşiq idi. 1947-ci ildə isə bəstəkar Çidananda Qupta ilə birlikdə ölkədə ilk kinoklubu yaradan S.Ray bir müddət sonra Avropaya səyahət eləyir, orda saysız-hesabsız filmə baxır və benqal yazıçısı Bandopadxyanın kəndli ailənin həyatından bəhs eləyən “Yol nəğmələri” əsərini ekranlaşdırmaq qərarına gəlir. 1955-ci ildə ekranlara çıxan eyniadlı film həm öz ölkəsində böyük uğur qazanır, həm də 1956-cı ildə Kann festivalında “İnsan haqqında ilin ən yaxşı sənəd” mükafatına layiq görülür. “Yol nəğmələri”nin müvəffəqiyyətindən ruhlanan rejissor əvvəlcə “Sarsılmaz” (Venesiyada “Qızıl şir” mükafatını qazanıb), dörd il sonra da “Apunun dünyası” filmlərini çəkir və onları “Apu haqqında trilogiya” başlığı altında birləşdirir. Sonuncu film də “ən yaxşı əcnəbi film” nominasiyasında “Oskar”a laureat olub, bir çox Avropa kinofestivallarında mükafatlar qazanıb.
Ümumiyyətlə, Satyacit Rayın 70-ci illərin axırlarına- xəstələnib kinodan uzaqlaşana qədər çəkdiyi filmlərin, az qala, hamısı festivallarda məmnuniyyətlə qarşılanıb, müxtəlif prizlərə layiq görülüb, amma məhz, “Apu haqqında trilogiya” müəllif kinosunun klassikası, rejissorun özü isə bütün dövrlərin və xalqların “100 ən yaxşı rejissoru”ndan biri sayılır.
Çünki neorealist stildə çəkilmiş bu ağ-qara filmlər sadəcə yoxsul hindlilərin ağır həyatından bəhs eləyən sosial dramlar deyil, həm də bir insanı doğuşdan- bilgisizlikdən kamilliyə qədər keçdiyi yolun təsviridi. Bir növ Buddanın həyatının interpretasiyasıdı. Müəllif, Apunun hekayətini danışanda tamaşaçını kədərləndirmək, ağlatmaq fikrindən uzaqdı, heç nəyi bəzəyib-düzəmir. Yalnız gerçəkləri göstərir. Nağılı nağıl, ağrını ağrı, küləyi, yağışı varlılar üçün romantik ola bilən, yoxsulun isə vəziyyətini daha da çətinləşdirən adi təbiət hadisəsi kimi.. Operator Subrata Mitranın kamerası isə bu işdə rejissorun ən yaxın köməkçisidi- yeri düşəndə əlindən heç nə gəlmədiyindən bir qıraqda dayanıb çarəsiz baxmağa məcbur müşahidəçi olur, yeri düşəndə işıq-kölgə oyunu quraraq tamaşaçını əyləndirir. “Yol nəğmələri” filmində qoca qarının balaca Apu ilə Durqaya qorxulu nağıl danışdığı epizodda birinci divardakı əcaib kölgə hərəkətə gəlir, sonra nağılı eşidirik.
Satyacit Ray 1992-ci ildə-ölümünə bir neçə ay qalmış dünya kinematoqrafiyasına xidmətlərinə görə ABŞ kinoakademikləri tərəfindən “Oskar” mükafatı ilə təltif olunub.
Qıraqda dayanıb çarəsiz baxmağa məcbur müşahidəçi
Kinomanlar S.Rayı daha çox tanısalar da, “Hind yeni dalğası”nın digər nümayənələri Bimal Royla Mrinal Sen də ondan geri qalmırlar.
Adətən, poetik üsluba, metaforalara üstünlük verən Bimal Royun 1953-cü ildə çəkdiyi, torpağını mülkədara vermək istəməyən, boynuna qoyulmuş borcu ödəmək üçün şəhərə işləməyə gələn kəndli ailəsindən bəhs edən “İki arşın torpaq” filmi, “ən yaxşı rejissor işi” nominasiyasında Hind Oskarına- “
Filmfare
” mükafatına layiq görülüb.
Solçu rejissor Mrinal Sen isə 1968-ci ildə ənənəvi istehlakçı kinematoqrafiyasına qarşı yaradılmış “Yeni kinonun manifesti”inin müəlliflərindən biridi. Manifestin əsas tezisləri Hindistanın reallığına, aktual problemlərinə toxunan filmlər çəkmək, sosial protest kinosunun ənənələrini inkişaf etdirəmək idi. Bu prinsiplərə ən birinci özü əməl eləyən M.Sen “İş görüşməsi” (1971), “İş xətm olunur” (1982; Kann festivalının mükafatı), “Aclığın anatomiyası” (1981; Berlin festivalının xüsusi mükafatı) filmlərində bədii və sənədli kino elementlərini birləşdirməyə çalışıb.
Təbii ki, realist hind kinosunun mövcudluğunu mümkün eləyənlər təkcə bu üç isim deyil. S.Rayın xələfi kimi tanınan, 1989-cu ildə “Divar” filmi ilə Venesiya festivalının əsas mükafatını almış Adur Qopalakrişnan, “Doğuluş” adlı debüt filmi 42-ci Kann kinofestivalında “Qızıl kamera”qazanmış Şadji Karun, kifli adətlərin boyunduruğundan qurtulmağa çalışan hind qadınlarının ağır taleyinə həsr olunmuş “Torpaq”, “Od”, “Su” trilogiyasının müəllifi Dipa Mexta kimi başqa rejissorlar da var.
Orda da kasıblar və varlılar, haqsızlığa qarşı mübarizə aparanlar, sevgi- məhəbbət var.
Lakin hələlik realist hind kinosu kommersiya filmlərinə qalib gəlməyi bacarmır. Bolli-mollivud filmlərinə görə gecədən səhərə qədər kinoteatrların qarşısında növbə çəkən, axırıncı qəpiyini biletə verən sadə hindli “qeyri-ənənəvi” kinonu sevmir. Ona görə yox ki, o, uzun kadrlarla, ağır, əndrəbadi dialoqlarla, anlaşılmaz simvollarla doludu, rejissorlar da hər fürsətdə əllaməçilik eləməyə çalışırlar. Yox, əksinə. Orda da kasıblar və varlılar, haqsızlığa qarşı mübarizə aparanlar, sevgi- məhəbbət var. Ancaq bu filmlərdə problemlər ekzotika pərdəsi ilə örtülüb, üçüncü-dördüncü plana salınmayıb, ictimai-sosial bəla kimi və bütün çılpaqlığı ilə göstərilib. Kütlə isə həqiqətləri eşitməyi nəinki xoşlamır, hətta hərdən müəllifləri xalqı təhqir, minillik adət-ənənələr hörmətsizlikdə təqsirləndirir.
Ki, bu dünyanın özü qədər köhnə əhvalatdı..
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.