İcra Hakimiyyəti: ”Onlar bərbad halda olan məktəb görməyiblər”
“Məktəb deyil, mal tövləsidir. Neyləyək, göndərməyək, təhilsiz qalsınlar? Məcbur gedirlər, ancaq bütün qışı uşaqlarımız xəstə olur”.
Yevlaxın Mal Binəsi kəndini sakinləri Meydan TV-yə belə deyiblər. Valideynlər məktəbin təmirsiz, uçub-töküldüyünü, qışda istiliyinin olmadığını söyləyirlər:
“Müəllimlərdən razıyıq, təhsil pis deyil. Oxuyurlar, universitetə girənlər də olur. Sadəcə məktəb çox pis vəziyyətdədir. Döşəməsi, tavanı uçub-tökülür. Pəncərələri qırıq-qırıqdır, qapıları bərbad gündədir. İndi hansı dövrdür ki, uşaqlar odun qırıb, bütün günü soba qalamaqla məşğul olurlar?”
Sinif otaqlarında soyuqdan oturmaq mümkün deyil
Valideynlər deyirlər ki, dərs qalır kənarda, uşaqlar odun qırıb, daşıyır, soba qalayırlar:
“Daha nə etsinlər, yoxsa soyuqdan oturmaq mümkün deyil. Nə qədər yandırırlar, yandırsınlar, heç otaqlar isinir ki? Pəncərələr, qapılar hamısı qırıq-qırıqdır. Ancaq sobanın ətrafı isinir. O da ki, hər gün odun, neft pulu toplayırlar. Siz bir həmin məktəbə baxın, görün, müasir Azərbaycana yaraşan binadır o? Hər gün televiziyalarda eşidirik, deyirlər, müasir tipli məktəblər inşa edilir, nə bilim, ən ucqar kənddə belə təmirsiz məktəb qalmayıb və s. Bizim kəndimiz o qədər də ucqar deyil, bəs bu nə biabırçılıqdır?”
İstəyirik ki, övladlarımız normal yerdə təhsil alsın
Valideynlər artıq uşaqlarının qış uzunu xəstə olub, dərsdən qalmalarından usandıqlarını söyləyirlər:
“Məktəb çox şəraitsizdir. İstiliyi yoxdur, stol-stulları qırıq-qırıqdır. Hamımız bezmişik. Biz də istəyirik ki, övladlarımız normal yerdə təhsil alsın. Bəli, sözün həqiqi mənasında təhsil almalarını istəyirik. Yoxsa bizimkilər məktəbə gedirlər, bilmirlər odun doğrayalar, soba qalayalar, yoxsa qırılıb-tökülən sinif otaqlarına əl gəzdirələr. Xahiş edirik, bizim məktəbə də bir əncam çəkilsin. Böyük binadır, demirik, sökün, yenisini tikin və s. Heç olmasa, yaxşı bir təmir edilsin. Bu binanın normal vəziyyətə gəlməsi üçün valideyn və müəllimlərin öz aralarında toplayacaqları vəsait yetərli olmaz. Böyük məbləğ, əsaslı təmir lazımdır. Bizim gücümüz çatmaz”.
Deyildiyi kimi uçub-tökülmür
Meydan TV məsələyə münasibət öyrənmək üçün Yevlax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən Mal Binəsi kəndindəki məktəbin valideynlərin dediyi kimi bərbad durumda olmadığını söyləyiblər:
“Onlar bərbad halda olan məktəb görməyiblər yəqin. Bəli, ola bilsin, təmiri köhnədir, amma deyildiyi kimi uçub-tökülmür. Bir balaca əl gəzdirilsə, düzələcək. İcra Hakimiyyəti məktəb təmir etmir. Çalışacağıq ümumi plana daxil edib, yuxarılara bu barədə məlumat verək”.
15 ildə 3200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib
Regionların inkişafı ilə bağlı son 15 ildəki sayca 3-cü, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bugünlərdə başa çatdı. Proqramın icrasının yekunlarına həsr olunan konfransda prezident
İlham Əliyev
də iştirak etdi. O, buradakı çıxışında ölkənin iqtisadi göstəricilərindən danışıb. Azərbaycan son 15 ildə çox uğurla, inamla inkişaf etdiyini söyləyib:
“Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib. Bu, mövcud məktəb fondunun 73 faizi deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və bu işlər də növbəti dövlət proqramında nəzərdə tutulacaq”.