Marneulidə seçki zamanı həbs edilən gənclərin ailələri danışdı
Marneulinin Qızılhacılı kəndinə gələn polis qüvvələri 6 gənci həbs edib. Belə ki, seçki günü 48-ci seçki dairəsində yaranmış iğtişaşlar nəticəsində bəzi polislər və mülki şəxslər zərər çəkib.Yerli sakinlər iddia edirdilər ki, “Gürcü arzusu” Partiyası inzibati resurslardan istifadə edərək seçicilərə basqı edib və öz namizədini – Tamaz Naverianini qalib elan etmək istəyib. Etirazlardan sonra hakimiyyət geri çəkilməyə məcbur olub, qalibin müəyyən olunması ikinci tura qalıb.
Saxlanılanlardan 1997-ci il təvəllüdlü Ruslan Zeynalovun bacısı Diana Zeynalova deyib ki, onun qardaşının günahı olmayıb. Hakimiyyətdə olan partiya zorakılıqla qalibiyyət qazanmağa çalışıb. Kənd camaatı da buna etiraz edib:
“Qardaşım gəncdir. Bizim hər birimizin istədiyimiz şəxsə səsvermə hüququmuz var. Ancaq “Gürcü Arzuları” Partiyası buna mane olmağa çalışıb. Gənclərimiz də buna görə etiraz edib”.
Diana deyir ki, Tbilisidə tələbə olduğu üçün ailəsindən ayrı yaşayır. Lakin o, evlərinin dağıdılmasını sosial şəbəkələrdə yayılan videolar vasitəsilə görüb:
“Videoya baxanda qanım dondu. Əli silahlı neçə nəfər maskalı polis evimizə girib. Atamın da qollarını tutublar, qardaşımı isə aparıblar. Hətta bir neçə polis həyətə də girib. Halbuki həyətimizdə itimizdən başqa heç nə olmayıb. Bu hadisədən sonra atamın pulu itib. Polislər bütün əşyalarımızı qarışdırıb, evimizi dağıdıblar. Lakin onlar bilmirlər ki, bizi yolumuzdan döndərə bilməyəcəklər. Biz yenə istədiyimiz namizədə səs verəcik”.
Qızılhacılı kənd sakinləri Məmmədovlar ailəsi isə deyir ki, polis onların evini dağıdıb, qapılarını qırıb. Evin yaşlı nümayəndəsi İmdad Məmmədov deyir ki, o, nəvəsi ilə yatdığı yerdə polislər gəlib:
“Biz hamımız yatmışdıq. Lap uşaqların günahları olsa da, sakitcə gəlib onları apara bilərdilər. Yaşlı adamam, məni itələdilər. Evimizi dağıtdılar. Bu, nəyə lazım idi?!”
Xəzangül Məmmədova isə deyir ki, gəlini hamilədir. Polislər əvvəl səhv edərək böyük oğlunun qolunu qandallayıb. Hamilə gəlinini isə itəliyiblər.
“Gəlinimi zorla müalicə ilə uşağını saxlayırıq. O uşağa bir şey olsaydı, mənə kim cavab verəcəkdi?! Millət vəkili seçilib öz cibini dolduracaq. Bizim cavanlar əziyyət çəkir”.
X.Məmmədova deyir ki, qonşunun da qızılları itib. Polislər heç gözləmiyib ki, insanlar paltarlarını geyinsinlər.
“Hamımız yatmışdıq. Çılpaq idik. Heç gözləmədilər əynimizə paltar geyinək. Uşaqları da çılpaq apardılar. Elə bil terrorçu aparırlar. Neçə silahlı birdən gəldi. Onlar istəyirlər bizim gözümüzü qorxudalar. Ancaq bu xalqı tanımırlar, bilmirlər ki, gözümüz qorxan deyil”.
Mənsurə Nurməmmədova isə deyir ki, onlar yollarından dönən deyil. İkinci turda yenə də Əhməd İmamquliyevi dəstəkləyəcəklər:
“Hamının öz hüququdur, kimə istəsə ona da səs verə bilər. Biz azərbaycanlı namizəd istəyirik. Uşaqlarımız tutulsa da, yolumuzdan dönən deyilik. Bu milləti əzə bilməyəcəklər”.
Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyev isə bildirib ki, “Gürcü arzuları” Partiyası bu hadisələri öncədən planlaşdırıb.
“Hakim partiya bizim qalib gələcəyimizi bilib seçkiləri saxtalaşdırmağa çalışdılar. Bizi qanun pozanları yaxşı tanıyırıq. Biz seçkini udduğumuz dairədə bu hərəkətlərə niyə yol verməliydik axı?! Aydındır ki, “Gürcü arzuları” Partiyası hərbə-zorba ilə seçkini qazanmağa çalışdı”.
Ə.İmamquliyev əlavə edir ki, saxlanılan gənclər üçün vəkil göndərilib və gənclərin ailələrinə qayıtmaları üçün əllərindən gələni edəcəklər:
“Təbii ki, biz əlimizdən gələni edəcəyik ki, gənclər azadlığa buraxılsın. Çünki qanunu pozanlar hal-hazırda sərbəst gəzirlər. Biz valideynlərlə danışanda onlar deyirlər ki, uşaqlarının tutulmasına baxmayaraq, onlar ikinci turda yenə öz haqlarını tələb edəcəklər. Təbii ki, biz hər bir vətəndaşın demokratik yolla səs verməsinə çalışırıq”.
Ə.İmamquliyev deyir ki, o Azərbaycan Respublikasından heç bir dəstək gözləmir:
“Azərbaycan Respublikası hakim partiyadan namizədliyini irəli sürən Ruslan Hacıyev və Savalan Mirzəyevə dəstək olsa da, bizə heç bir dəstək göstərməyib. Hətta Azərbaycan hökumətinin hakim dairələrində Tamaz Naverianini dəstəkləyənlər belə var. Mən başqa bir dövlətin vətəndaşıyam. Azərbaycan hökuməti bizim daxili işimizə qarışmamalıdır. Mən onlardan heç bir dəstək gözləmirəm”.
Ə.İmamquliyev bu sözləri jurnalistlərin və vətəndaşların suallarını cavablandırarkən deyib.
“Gürcü arzusu” Partiyasının Marneuli qərargahının mətbuat sözçüsü Magda Kotrikadze deyir ki, Marneuli rayonu terror təhdidi altındadır: Ə.İmamquliyevin tərəfdarları insanlara hədə-qorxu gəlməklə onlara səs vermələrini istəyirlər:
“Ə.İmamquliyev insanları məcbur edir ki, onlara səs versinlər. Bizim də tərəfdarlarımız həmin hadisələrdən əziyyət çəkib. Polislər ağır yaralanıb. Biz onların gələcək taleyindən narahatıq. Hadisələrin belə olması bizə sərf etmirdi. Çünki biz nəticəni dəyişməyə çalışmadıq. Gürcüstanda hər şey qanun çərçivəsində baş verir”.
Marneuli rayonu, Qızılhacılı kəndindəki 48-ci məntəqədə baş vermiş hadisəyə görə saxlanılan şəxslərin vəkili Davit Kakoişvilinin jurnalistlərə verdiyi məlumata əsasən saxlanınanlardan 3-ü polis tərəfindən döyülüb.
“Çünki onlar qanun pozuntusu etdiklərini etiraf etmirlər. Ona görə ki, onlar tərəfindən heç bir qanunazidd hərəkət olmayıb”- deyə vəkil bildirib.