Uşaqlar prezidentlərin oyuncaqları kimi…

Təbliğat maşınları necə işləyir…

Source:

Əyninə ən azı bir ölçü böyük, çiyinlərindən sürüşən kostyum, qara qalstuk, yana daranmış saçlar, sovet şinelindən çıxsa da, sovet düçüncəsini hələ də başından çıxara bilməyən  ata-babalarına bənzədilən uşaq…  Kənardan bu mənzərəni izləyib ona çiyninə qoyulan prezident əlinin məsuliyyətini zorla dərk etdirməyə çalışan böyüklər. Və ölkə başçısının donuq baxışları. Bu, yanvarın 6-da Rusiya prezidenti Putinin qış tətilini Voronojdə keçirmək üçün gələn luqansklı uşaqlarla görüşündən yadımda qalan yeganə səhnə oldu. O səhnəyə baxa-baxa dövlət başçılarının uşaq məsumiyyətindən hər zaman təbliğat məqsədilə istifadə etdiyini və bunun həmişə olmasa da, çox zaman yayarlı olduğunu düşündüm. Əslində uşaqlar przidentlərin həmişə sevimli “oyuncaqları” olub. Onlarla kamera qarşısına keçib, xoşbəxtlik pozları verəndə də uşaqların gələcəyəni yox, özlərini siyasi gələcəklərini düşünüblər. Bu uşaqlar həmin siyasi gələcəyin davamlı ola bilməsi üçün çox yaxşı düşünülmüş təbliğatın tərkib hissəsidir. Kimi bu təbliğatı daha səmimi, inandırcı aparıb, kimi də Putin kimi uşağın əyninə böyük kostyumunun çiynindən sürüşdürüb düşürüb.

Ermənistan prezidenti Serj Sarkisyan yeni il şənliyində aralarında Qarabağdan gedən uşaqların da olduğu “balaca dostlarını” qəbul edəndə Putindən daha səmimi görünürdü.

Obamanın Limuzini saxlatdıraraq yolda təsadüfən  gördüyü 2 uşağı götürməsi, daha sonra uşaqlardan birinin prezidentin qulağına tutduğu telefonla anasına zəng edib “Mənim yanımda Obama var” deyərək gülümsəməsi də “uşaqların yad adamın maşınına minməməsi gərəkdiyi” barədə valideyn nəsihətlərini ictimaiyyət qarşısında alt-üst edirdi. Sırf prezidentin piarı xatirınə valideynlərin uşaqların həyatı üçün vacib olan məsləhəti qulaqardına vurulurdu.  Həm də ölkənini birinci adamı tərəfindən.

Almaniya kansleri Angela Merkel ayağının sınmasına və qoltuq ağacı ilə gəzməsinə baxmayaraq uşaqlara verdiyi vədi unutmamışdı. Onlarla görüşmüş, hətta bir yerdə mahnı oxumuşdu. Təbliğat maşını yenə iş başındaydı. Merkelin uşaqlarla olan görüşdən başqa bütün görüşləri təxirə saldığı, bütün işləri evdən idarə etdiyi dəfələrlə vurğulanırdıı. Kansler özü də çıxışında ayaq üstə zorla dayandığını deyib uşaqları sanki minnət duyğusuna saldı.

Uşaqlardan gen-bol istifadə etmək baxımından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir çox həmkarını kölgədə qoyar. O, uşaqlardan məharətlə yararlanmaqda mahirdir. Çıxışının ən gur yerində “qəfildən” kürsüyə yaxınlaşan uşağı qucağına alıb oxşaya, hətta ağlaya bilər. Fiziki, əqli məhdudiyyəti olan uşaqları bağrına basır, sarayının qapılarını onlara açır, onlarla söhbətləşir, hətta maşınının baqajında yolda rast gələ biləcəyi uşaqlar üçün hədiyyə gəzdirir. Prezidentin mühafizəçilərini hər an küçədə əlində oyuncaq ora-bura açan görmək  mümkündür. Bu, Türkiyə prezidentinin geniş kütlələrə hesablanmş təbliğatıdır və etiraf etmək lazımdır ki, Ərdoğan bunu yaxşı bacarır.

Prezidentlə görüşdürülən uşaqların əvvəlcədən hazırlaşdırılması normaldır, bəlkə hətta protokol gərəyidir. Ancaq normal olmayan bir şey var, azyaşlıların böyüklər kimi geyinməyə, danışmağa, davranmağa vadar edilməsi. Avropa və Qərb liderləri bunu etdirməyə çalışmır, çünki bu, onlara lazım deyil. Əgər amerikalı uşaq Obamayla basketbol oynamaqdansa, ona İranın nüvə şalışması, 5+1 görüşləri barədə sual versə, ya o uşaq dahi kimi bütün mətbuatın diqqətində olacaq, ya da Obama uşağı cansıxıcı siyasətə qarışmağa məcbur etdiyinə görə tənqid hədəfinə çevriləcək.  Amerika prezidentinə isə nə birincisi, nə də ikincisi lazımdır. Ona sadəcə hərdən uşaqlarla kameraya “yaxalanmaq” gərəkdir ki, bunu da təbiilik qatdığı  bacarıqla edir. Hətta Putin belə çiyni çiynindən aşağı dayanan ukraynalı uşaqla görüşəndə, onu özünə tərəf sıxıb şəkil çəkdirəndə qayğıkeş görünməyə çalışır.

Bizdə də Gəncədən olan 11 yaşlı uşaqla prezidentin görüşündə maraqlı məqamlar gözləmək olardı. Hətta  uşağın qara kostyum və qalstukuna da söz yoxdur. Amma sifətinə ciddi ifadə verməyə çalışıb “Cənab Prezident, səhv etmirəmsə, Siz bu il martın 17-də Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməlini qoydunuz. Mən Sizə, ölkəmizə uğurlar arzu edirəm. Mehriban xanım, Siz də dünən cənab Prezident ilə bərabər Bakı Olimpiya Stadionunun açılışında iştirak etdiniz. Mən Sizi televiziya vasitəsilə izlədim. Sizi birinci Avropa Oyunları münasibətilə təbrik edirəm. Bu Oyunlar ilk dəfə bizdə keçirilir. Ölkəmizin idmançılarını təbrik edir, onlara uğurlar arzulayıram” deməsi bir az artıq olmadımı, cənablar? Xüsusən də hazırda 5-ci sinifdə oxuyan uşaq  özü “Mən dördüncü sinfədək zəif idim” deyə prezidentə etiraf edirsə?  Bu uşağa elə özü kimi olmağa imkan verməməklə, təbliğatı antitəbliğata çevirməkdə nə qazandınız, cənablar?

Bəlkə deputat Hadı Rəcəbli müəllimlər üçün “işdən sonra iş” təklifini gerçəkləşdirmək üçün bu uşağın etirafından yararlansın? Nə də olsa uşaq özü “4-cü sinfə qədər zəif idim” deyir. Başqa sözlə, ibtidai sinif müəllimini yerdən-yerə vurur. Əgər bu uşaq 1 ildə TANAP-la bağlı danışacaq qədər savadlanıbsa, deməli bütün günahlar ona 4-cü sinfədək dərs deyən müəllimdədir. Əgər müəllim uşağın istedadını vaxtında aşkar etsəydi, indi o təkcə TANAP-dan yox, Konqresə seçkilərdə respublikaçıların qələbəsinin dünya siyasətinə nəticələrindən də danışardı.

Yeni çıxışın yeri görünür,  Hadı Rəcəbli!

Ana səhifəMənim FikrimcəUşaqlar prezidentlərin oyuncaqları kimi…