”Uşaqlar məktəbdən qayıdanda his iyi verirlər”

Sakinlər kənddəki məktəbin əsaslı təmirini, ya da yenisinin tikilməsini istəyir

Source:


Sakinlər kənddəki məktəbin əsaslı təmirini, ya da yenisinin tikilməsini istəyir


“44 ildir bu məktəbdə bircə dəfə əsaslı təmir işləri aparılmayıb. Pəncərələri çürüyüb, şüşələri tökülüb, döşəmələri dağılıb. Soyuqlar başlayır, uşaqlar yenə sinif otaqlarında üşüyə-üşüyə oturacaqlar. Qışda 3 gün məktəbə gedən uşaq dördüncü gün xəstələnib evə yüksək hərarətlə qayıdır”.

Hacıqabulun Nəvai kəndinin sakinləri Meydan TV-yə kənd məktəbi haqqında danışırlar. Bildirirlər ki, 44 il əvvəl tikilib istifadəyə verilən məktəb istismara yararsızdır, şəraitsizdir, təhsil üçün yetərli deyil, ancaq aidiyyəti qurumlar nə məktəbi təmir edir, nə də kənddə yenisini tikir. Nəvai sakini Nüsrət Yusifov deyir, yaxşı məktəb həm də yaxşı təhsil deməkdir. Ancaq kənddəki məktəb elə vəziyyətdədir ki, orada yaxşı təhsildən söhbət gedə bilməz:

Odunun hisi ciyərlərinə, geyimlərinə hopur

“Məktəbdə istilik sistemi yoxdur, siniflər sobayla qızdırılır. Bir azdan yenə direktor uşaqları məktəbin qapısından evlərinə qaytaracaq ki, gedin, odun gətirin. Bütün qışı sinif otaqları uşaqların evdən daşıdıqları odun hesabına qızdırılır. Səhər təmiz geyimdə məktəbə yola saldığımız uşaqlar günorta qapıdan içəri girəndə hisin-pasın iyindən yanlarında durmaq olmur. Odunun hisi uşaqların ciyərlərinə, geyiminə hopur. Həm sağlamlıqları əldən gedir, həm geyimləri… Geyimlərini hər gün yuyuruq, gündəlik yuyulan geyim də tez dağılır”.

Ayaqları, geyimləri nəcisə bulaşır

10 il əvvəl məktəbin çürümüş, sıradan çıxmış dam örtüyü təzələnib. Aidiyyəti qurumlar işlərini bununla bitmiş hesab edib. Valideynlər kənddəki məktəb probleminin həlli üçün yerli icra hakimiyyətinə və təhsil şöbəsinə dəfələrlə müraciət ediblər. Ancaq demələrinə görə, bu qurumlar nəinki məktəb problemini, illərdir ki, heç məktəbdəki tualet problemini də çözmür. Nəticədə, uşaqlar məktəbdən ayaqları nəcisə bulaşmış halda qayıdırlar.

Kənd sakini Nazilə Ələkbərova:

“Məktəb özü 44 il əvvəl tikilib, tualeti yox idi, valideynlərin illərlə etdikləri şikayətlərdən sonra nəhayət, 15 il əvvəl məktəbin binasından kənarda bir tualet düzəltdilər. Nəcisin, sidiyin axıb gedəcəyi arx, quyu da qoymayıblar, tualetin yaxınlığından keçmək mümkün deyil. Aşağı sinifdə oxuyan uşaqlar tualetə girəndə ayaqları, geyimləri nəcisə bulaşır. Bir tualet nədir ki, onu da tikib düzəltmirlər”.

Rəsmi qurum deyir, hər şey yaxşı olacaq

Hacıqabul Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, son 10 ildə bir neçə kənddə yeni müasir, şəraitli, çoxyerlik məktəb binaları tikilib, köhnə məktəb binaları əsaslı təmir olunub: “Udullu, Qubalı, Qızılburun, Padar, Tava, Qaraçu, Kürçülü, Prsaat, Tağılı və başqa kəndlərdə yeni məktəb binaları inşa olunub. Ağacanlı, Atbulaq, Rəncbər, Meynəman və başqa kəndlərdəki məktəblər əsaslı təmir olunub. Həmin məktəblərdə əlavə sinif otaqları tikilib, istifadəyə verilib. Yeni tikilən və əsaslı təmir olunan məktəblər hər cür texniki avadanlıqlarla, dərs ləvazimatları ilə təmin olunub. Bu işlər növbəli şəkildə görülür və yəqin ki, yaxın vaxtlarda Nəvaidəki məktəblilər də şəraitli, təmirli məktəbə gedəcəklər”.

Nəvai kənd məktəbi 11 illikdir, burada təxminən 300 şagird təhsil alır.

Kənd sakinlərinin isə beynində bir sual dolaşır – qarşıdan gələn qışı övladlarını soyuq, şəraitsiz, tualetsiz məktəbə göndərsinlərmi?

Ana səhifəBölgə”Uşaqlar məktəbdən qayıdanda his iyi verirlər”