Uşaq əməyindən istifadə edən Azərbaycan pambıqçılığı

Beləliklə, pambığın əkin sahələrinin azaldılması hansı məqsədlə həyata keçiriib?

Dekabrın 19-da ölkə başçısı İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlərlə bağlı müşavirə keçirilib. Müşavirədə İlham Əliyev pambıqçılıq sahəsində bu il görülmüş işlərə yekun vuraraq deyib: ”Pambıq yığımı demək olar ki, başa çatıbdır. Bu il rekord göstərici əldə olunub, 294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu, doğrudan da çox böyük göstəricidir və onu göstərir ki, son illər ərzində pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir”.

Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri qeyd edib ki, “cari ildə artımın yalnız yüksək məhsuldarlıq hesabına əldə olunması hədəf seçilib, pambığın yalnız əkinəyararlı torpaq sahələrində əkilməsi qərara alınıb”. Daha sonra nazir ölkə başçısına müraciət edərək deyib: “Möhtərəm cənab Prezident, Sizin qarşımızda qoyduğunuz əsas hədəf məhz məhsuldarlığın yüksəldilməsi hesabına istehsalın artırılması olub”.

Hələ keçən ilin noyabr ayının 27-də kənd təsərrüfatı naziri Masallı rayonundakı Dövlət Aqrar Mərkəzinin açılışında demişdir ki, bu il Azərbaycanda 132 min hektar ərazidə pambıq əkilib. Gələn il (2019-cu il- V.M.) isə 100 min hektar sahədə pambıq əkini nəzərdə tutulur. Paradoksdur, deyilmi? Kənd təsərrüfatı nazirinin özünün də dediyi kimi prezidentin kənd təsərrüfatı nazirliyi qarşısında qoyduğu “əsas hədəf” pambığın əkin sahəsinin azaldılması deyil, “məhz məhsuldarlığın yüksəldilməsi hesabına istehsalın artırılması olub”.

Bəs pambığın əkin sahəsi nəyə görə azaldılır?! Həm də 2018-ci ilin noyabr ayının 27-də nazir necə müəyyən edə bilərdi ki, 2019-cu ildə 100 min hektar sahədə pambıq əkiləcək. Axı Kənd Təsərrüfatı Nazirliyi pambıq əkini ilə məşğul olmur. Axı Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyətçisi, torpaq sahibi deyil. Axı pambıq əkini ilə məşğul olan on minlərlə sahibkarlara necə demək olar ki, sən bu il az sahədə pambıq ək və yaxud əkmə. Nazirin “pambığın yalnız əkinəyararlı torpaq sahələrində əkilməsi qərara alınıb” deməsi də başa düşülən deyil. Azərbaycanda əkin, səpin işləri bütün zamanlarda əkinəyararlı torpaq sahələrində aparılıb.

Bəs nə baş verib? Necə olur ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bir sıra rayonlarda: Bərdə rayonunda 2000 hektar, Biləsuvar rayonunda 5000 hektar, Hacıqabul rayonunda 4800 hektar ərazilərdə pambıqçılıq üzrə aqroparkların yaradılması, sahələrin genişləndirilməsi nəzərdə tutulduğu halda, pambığın əkin sahəsi bir ildə 31 min hektar azaldılır? Necə olur ki, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nda 2022-ci ildə xam pambıq istehsalını 500 min tona çatdırılması nəzərdə tutulduğu halda, pambığın əkin əraziləri 30 faizdən çox azldılır? Necə olur ki, son üç il ərzində pambıqçılıqda istifadə üçün texnikanın alınmasına 500 milyon manatdan çox büdcə vəsait ixərclənir, həm də əkin sahələri azaldılır.

İlham Əliyev pambıqçılığın inkişafı üçün böyük məbləğdə dövlət vəsaitlərinin xərcləndiyini etiraf edərək demişdir: “Biz indi pambıq tədarükü üçün ən müasir texnika alırıq, – Amerika istehsalı olan “John Deere” kombaynları, – 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik”. Kənd təsərrüfatı naziri müşavirədə çıxışında İlham Əliyevin səsləndirdiyi rəqəmləri dəqiqləşdirərək demişdir: “Son üç ildə 529 milyon manat dəyərində 15 min 700 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 403 pambıqyığan kombayn alınıb”.

Beləliklə, son illər pambıqşılığın inkişafı adı ilə böyük məbləğdə dövlət vəsaiti xərclənib. Sual olunur, bu vəsaitlər səmərəli xərclənir? Baxın, ölkəyə idxal edilən Amerika istehsalı olan “John Deere” kombaynları çox bahalı olmaqla yanaşı həm də çox məhsuldar maşınlardır. Təəssüflər olsun ki, Azərbaycan şəraitində həmin texnikadan səmərəli istifadə olunmur. Hətta buna baxmayaraq, Azərbaycanda “John Deere” kombaynı ilə mövsümdə ən azı 1000 hektar ərazidə pambıq yığılır. Nəzərə alsaq ki, ölkədə pambıq maşınla 2 dəfə yığılır, mövcud olan 101 min hektar pambıq sahəsinin yığımı üçün cəmi 202 kombayn tələb olunur. Həmin kombaynların tam gücündən istifadə etməklə (“John Deere” kombaynları 24 saat işləyir) 100 ədəd kombaynla respublikada pambıq yığımını optimal müddətdə başa çatdırmaq mümkündür. Belə olan halda, təlabatdan dəfələrlə çox bahalı texnikanın alınmasına nə ehtiyac var idi? Onu da qeyd etməliyəm ki, ümumilikdə ölkədə pambıqyığan kombaynların sayı 500 ədəddən çoxdur.

Paradoksdur, respublikaya bu qədər pambıqyığan kombaynlar gətirildiyi halda, cəmi 101 min hektar ərazidə pambıq əkini həyata keçirilib və ölkə üzrə pambığın 87 faizi texnika ilə yığılıb. Bu azmış kimi, müşavirədə kənd təsərrüfatı naziri deyib ki, pambığın kombaynla yığılmasına üstünlük verilib. Belə ki, yığılan pambığın 87 faizi texnika ilə həyata keçirilib. Həmçinin nazir qeyd edir ki, texnikaların ərazilər üzrə səmərəli dislokasiyası təmin edilib. Əgər həqiqətən də nazir dediyi kimi ölkədə mövcud olan 500 pambıqyığan kombaynlardan səmərəli istifadə edilibsə və yığılan pambığın 87 faizi texnika ilə həyata keçirilibsə, deməli pambığın əkin sahəsi 101 min hektar deyi, daha çox olub. Onu da qeyd etməliyəm ki, pambıqçılıqda mövcud vəziyyəti öyrənmək məqsədilə bir qurup mütəxəssislərlə pambıq yığımı mövsümündə 6 dəfə Aran bölgəsinə səfər etdik. Səfər zamanı 4 rayonda 40-a yaxın fermerlə görüşdük. Salyan, Saatlı, İmişli, Hacıqabul rayonlarında görüşdə iştirak edən fermerlərin əksəriyyəti bu il taxılçılıqda və pambıqçılıqda məhsuldarlığın kəskin şəkildə aşağı düşdüyünü dedilər. Texnika, su, mütəxəssis çatışmazlığını, gübrə və pestisidlərin keyfiyyətinin aşağı olduğunu əsas səbəb kimi göstərdilər. Fermerlər onu da qeyd etdilər ki, bu il əkdikləri pambıq sahəsinin bir hissəsi qeydə alınmamışdır. Yəni çox ərazidə pambıq əkini həyata keçirildiyi halda, əkin sahəsi az göstərilmişdir. Bu səbəbdən onlara çatacaq gübrənin həcmi də azaldılmışdır. Onların sözlərinə görə, pambığın əkin sahələrinin az göstərilməsi yerli Aqrar İnkişaf Mərkəzləri tərəfindən həyata keçirilmişdir. Fermerlərin dediklərindən o da bəlli oldu ki, bu il taxıl sahələrində biçindən sonra pambıq əkini ilə məşğul olan fermerlərin, kəndlilərin əksəriyyətinin əkin sahələri qeydə alınmamışdır.

Bu il Aran bölgəsində pambıq tarlalarında yığım prosesini izləyən zaman əvvəlki illərdə olduğu kimi yenə də əl əməyindən geniş istifadə edildiyini müşahidə etdik. İmişli rayonunda sahələrə baxış zamanı “MKT İK” MMC-nin İmişli İnnovasiya filialına məxsus pambıq sahəsində məhsul yığımına 100-ə yaxın fəhlənin cəlb edildiyini və həmin fəhlələrin əllə pambıq yığdığının şahidi olduq. Çox təəssüflər olsun ki, bu il pambıq yığımında uşaq əməyindən də geniş istifadə edilmişdir. Belə ki, tarlalarında pambıq yığan fəhlələrin bir hissəsi yeniyetmə, 15 yaşınadək olan məktəbli uşaqlar idi. Şəkillər əlavə edilir.

Beləliklə, pambığın əkin sahələrinin azaldılması hansı məqsədlə həyata keçiriib? Kənd təsərrüfatı nazirinin “pambığın yalnız əkinəyararlı torpaq sahələrində əkilməsi qərara alınıb” deməsi əsla ciddi arqument deyil. Nəinki pambıq, bütün bitkilərin əkini əkinəyararlı torpaq sahələrində həyata keçirilir. Əvvəllər də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq.

Hələ keçən ilin noyabr ayının 27-də Kənd təsərrüfatı nazirinin “gələn il 100 min hektar sahədə pambıq əkini nəzərdə tutulur” deməkdə məqsədi nə olub? Prezidentə dediyi kimi “əsas hədəf məhz məhsuldarlığın yüksəldilməsi hesabına istehsalın artırılması”mı olub? Yox! Əgər həqiqətən də nazirliyin məqsədi istehsal artırına məhsuldarlığın yüksəldilməsi hesabına nail olmaq olubsa, onda hədəf əkin sahələrin azaldılması deyil, mövcud əkin sahələrində məhsuldarlığın artırilması olmalı idi.

Rəsmi məlumatlarda bu il pambıqçılıqda məhsuldarlığın artdğı qeyd edilsə də, bu ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid nəticəsində baş verməyib, əksinə, əkin sahələrinin genişləndirilməsi və ərazilərinin az göstərilməsi hesabına mümkün olmuşdur. Çox təəssüflər olsun ki, respublikada hələ də keçən əsrin 70-80-ci illərdə olduğu kimi statistik rəqəmləri manipulyasiya etməklə istehsalda artım görüntüsü yaradırlar. Statistik rəqəmlərin doğru-dürüst olmaması isə sahədə mövcud olan problemlərin müəyyən edilməsini, üzə çıxarılmasını çətinləşdirir.

Ana səhifəİqtisadiyyatUşaq əməyindən istifadə edən Azərbaycan pambıqçılığı