Vahid Məhərrəmov: ”Zərərli bağacığın qarşısı alınmasa, Azərbaycanda mövcud olan sahələrə ziyan vura bilər”
ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan aqrar sektorunu xəbərdarlıq edən məlumat yayıb. Bildirilir ki, qəhvəyi qalxanlı zərərli bağacıq böcək təkcə 2017-ci ildə Gürcüstanda 100 milyon dollarlıq meyvə və fındığı məhv edib (“Turan” İA).
Şərqi Asiyaya məxsus böcək gün ərzində 100 km-dən yuxarı məsafəyə avtomobil və yük maşınlarında səyahət edir. Onların son zamanlar Şəmkirdə də aşkar edildiyi bildirilir. Əgər zərərli bağacıq Azərbaycanda da Gürcüstanda olduğu kimi eyni sürətlə yayılarsa, bu təhlükəni aradan qaldırmaqdan ötrü dövlət və özəl sektorun təcili olaraq birgə işləməsinə ehtiyac yaranacaq.
Artıq ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi (AgroCenter) ilə birgə Azərbaycan hökumətini və özəl sektoru kənd təsərrüfatına ciddi təhlükə ilə bağlı xəbərdar edib. Eyni zamanda, USAID və Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi bununla bağlı dinləmələr keçirib.
Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov Meydan TV-yə deyib ki, zərərli bağacıq karantin obyekti olduğundan çox ciddi ziyan vura bilər. İkinci təhlükəli tərəfi zərərli bağacıq çox sürətli və geniş şəkildə yayılmasıdır, təxminən 20-30 yumurta qoya bilir.
Vahid Məhərrəmov deyir ki, zərərli bağacıqın vətəni Cənub-Şərqi Asiyadır, əsasən, Çin, Yaponiya və Vyetnamdır:
“Zərərli bağacıq 1996-cı ildə Amerika ərazilərində müşahidə olunsa da, nisbətən qarşısını ala biliblər. Son 3 ildə MDB məkanında geniş yayılıb. Abxaziyada fındıq və digər kənd təsərrüfatı bitkilərində aşkar olunmuşdu”.
Ekspertin sözlərinə görə, zərərli bağacıq daha çox meyvə ağaclarına ziyan vurur, alma, armud, ərik, şaftalı, əncir, fındıq, tərəvəzlərə, sitrus bitkilərinin bütün növlərinə:
“Bu, o deməkdir ki, zərərli bağacığın qarşısı alınmasa, Azərbaycanda mövcud olan sahələrə ziyan vura bilər və nəticədə məhsuldarlıq aşağı düşəcək, bitki məhv olacaq. O cümlədən, gələcəkdə həmin sahələrdən məhsul əldə etmək problemə çevriləcək və zərərli bağacığa qarşı kimyəvi maddələrdən istifadə ediləndə ətraf mühitə, insanların orqanizminə ziyan vuracaq. Son bir ayda 4-5 rayonda pambıq sahələrində insanların zəhərlənməsi, hökumətin aqrar sektorda gördüyü “işlər” zərərli bağacığın Azərbaycan üçün hansı təhlükə doğracağını göstərir. Pambıq sahələrindəki son bir aydakı hadisələri xatırlamaq yetər. Ona görə zərərli bağacığın qarşısını almaq üçün mexaniki və bioloji vasitələr axtarılmalıdır. Azərbaycan digər ölkələrin təcrübəsindən bəhrələnməlidir, əlbəttə, külli miqdarda maliyyəyə ehtiyac var. Əks təqdirdə, arzuolunmaz mənzərə yaranar”.