“USAİD Azərbaycanla əməkdaşlığını gücləndirməyə çalışır”

Marqo Ellis: “QHT-lərin qeydiyyatı bizim üçün mühüm önəm daşıyır”

Source:
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Marqo Ellis
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Marqo Ellis

Mayın 18-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Marqo Ellis bu ölkənin Bakıdakı səfirliyində mətbuat konfransı keçirib.

O, Azərbaycanda olduğu 3 gündə xarici işlər nazirinin müavini Xələf Xələfov və QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə, eyni zamanda bir sıra təşkilatların nümayəndələrilə səmərəli görüşlər keçirdiyini deyir.

“ABŞ və Azərbaycan arasında 25 illik əməkdaşlıq əlaqələri mövcuddur. Bu müddətdə Amerika Azərbaycana 1,3 milyard dollar yardım edib. Bu yardımlar Azərbaycan xalqının firavanlığının gücləndirilməsi istiqamətində olub. Həmin məbləğdən 400 milyon dolları USAİD vasitəsilə Azərbaycana təqdim edilib. Bu tərəfdaşlıq çoxdavamlılığı ilə seçilir ki, bunun nəticəsində biz Azərbaycanın daha firavan və demokratik olmasına yardım edirik”.

“USAİD 2018-ci ildə Azərbaycanda fəaliyyətini davam etdirəcək, yoxsa ofisini bağlayacaq? Rəsmi Bakı bununla bağlı nə düşünür” sualına Marqo Ellis cavab verib ki, USAİD-in Azərbaycanda maliyyəsinin dayandırılması haqda müəyyən şayiələr yayılmışdı:

“ABŞ-ın 2018-ci ilin maliyyə büdcəsi üçün ilkin variantı hazırdır və həmin sənəddə xarici yardımların kəsilməsi öz əksini tapıb. Sadəcə, bu, ümumi büdcə variantı versiyasıdır, hər bir dövlətə aid olan yardımlar haqda daha ətraflı detallar bir neçə ay sonra məlum olunacaq. Lakin bu vaxta qədər USAİD Azərbaycanla mövcud olan tərəfdaşlığını dərinləşdirmək istiqamətində fəaliyyətini gücləndirməyə çalışır”.

“Son illər beynəlxalq təşkilatların hesabatlarında və müstəqil yerli vətəndaş cəmiyyətinin nümayəndələrinin çıxışlarında qanunvericilikdə məhdudiyyətlər barədə narazılıqlar öz əksini tapıb. Rəsmilərlə görüşdə bu məsələni qaldırmısınızmı” sualına Marqo Ellisin reaksiyası belə olub:

“Azərbaycan hökumətinin təmsilçilərilə görüşlərdə QHT-lərin qeydiyyatı məsələsinə toxunmuşuq. Ümumiyyətlə, hökumətin yanvar ayında QHT-lərin qeydiyyatının “vahid pəncərə” prinsipi əsasında həyata keçirməsi kimi addımlarını alqışlayırıq. Hökumətə dəfələrlə bildirmişik ki, USAİD istənilən dövlətdə öz fəaliyyətini icraat sahəsində olan tərəfdaşlarıyla və həm də cəmiyyəti təmsil edən QHT-lər vasitəsilə həyata keçirir. Ona görə də QHT-lərin qeydiyyat məsələsi bizim üşün mühüm önəm daşıyır. Azərbaycan hökuməti QHT-lərin qeydiyyatına aid olan məsələləri məhz bizim təşkilat üçün necə vacib olduğunu tam başa düşür”.

Layihələri sırasında demokratiya və insan haqlarına yer ayrılmasına gəlincə, Marqo Ellisin reaksiyası diplomatik olub:

“Müxtəlif səpkidə proqramlar həyata keçiririk, bunların sırasında məhz vətəndaş cəmiyyətinin tam şəkildə qatılması da var. Bu layihələr vasitəsilə paytaxtdan kənardakı yerli hakimiyyətlə ünsiyyətdə olur və proses zamanı icmaların qatılmasını təmin edirik. Yəni suyun, yolun çəkilməsində icmaların özü və yerli hökumətlə əməkdaşlıq şəklində qərar verir. Beləliklə, 150 minə yaxın insanın yaşayış şəraiti yaxşılaşdırılıb, saysız iş yerləri açılıb. Sadaladıqlarım faəliyyətdə olan demokratiyanın əyani təzahürüdür. Bu isə iqtisadi sahəyə qatılmaqla demokratiyanın inkişafını təmin edən layihələrdir”.

USAİD nümayəndəsi Azərbaycanın iqtisadi diverfikasiyası istiqamətində yardımlar göstərdiyini bildirdi.

“Biz sahibkarlığa və orta biznesin inkişafına təkan vermək istəyirik. Bir sıra layihələrimiz vasitəsilə orta və kiçik sahibkarlığa dəstək veririk. Əhalinin təxminən 50 faizi aqrar sektora qatıldığından bu istiqamətdə keçirdiyimiz proqramlar insanlara yaxşı inkişaf yollarını təqdim edir. Misal üçün nar, fındıq istehsalında yardımlarımız olub və yenə də gənclərə iş verə bilərik”.

Ana səhifəXəbərlər“USAİD Azərbaycanla əməkdaşlığını gücləndirməyə çalışır”