”Ürəyində problem olan jurnalist hərbi xidmətə aparılıb”

Gülmirə Aslanova: “Açıq şəkildə dedilər ki, jurnalist olduğu üçün bu yolla cəzalandırırlar”

Foto: Polad Aslanovun şəxsi arxivindən
Polad Aslanov
Polad Aslanov


Gülmirə Aslanova: “Açıq şəkildə dedilər ki, jurnalist olduğu üçün bu yolla cəzalandırırlar”

Ürəyindəki damar tıxanması səbəbilə hərbi xidmətə yararsız hesab edilən və hərbi bileti olan jurnalist, 29 yaşlı Polad Aslanov qəfildən əsgərliyə aparılıb. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova aprelin 26-da siyasi məhbusların səhhətindəki problemlərlə bağlı keçirilən tədbirdə məlumat verib. Tədbiri Məhbus Ailələri Koordinasiya Mərkəzi və Azərbaycan Ziyalılar Birliyi təşkil edib. Müzakirələr əsasən, həbsdəki ictimai-siyasi fəalların səhhətindəki problemlər, onların müalicəsiz qalması haqda olsa da, narahatlıq doğuran başqa problemlərdən də danışılıb.

Gülmirə Aslanova bildirib ki, həyat yoldaşını aprelin 19-da səhər saatlarında gözlənilmədən Nərimanov rayon hərbi komissarlığına çağırıblar: “Dedilər ki, hərbi xidmətə getməlisən. Əvvəldən bizim evə heç bir bildiriş gəlməmişdi. İki saatın içində hərbi komissarlıq vasitəsilə Naxçıvana göndərdilər. Bundan əvvəl müayinə olunmuşdu, xəstəliyi təsdiqlənmişdi. Ürək damarının birində blok vardı. Çəkisi ilə boyu uyğun gəlmirdi. Təzyiqi yuxarı olurdu, güclü başağrıları vardı”.

Həyat yoldaşının sözlərinə görə, P.Aslanova açıq şəkildə deyiblər ki, onu jurnalist fəaliyyətinə görə bu yolla cəzalandırırlar. G.Aslanova bildirib ki, həyat yoldaşı hərbi xidmətə aparılmamışdan öncə onun ölkədən çıxışına qadağa qoyulmuşdu: “İndi də hərbi hissənin tibb-sanitar bölməsindədir. Gündə beş dəfə iynə-dərman eləyirlər. Amma bilmirik ki, nə dərmanlardır, nədən müalicə eləyirlər. Hələ də mülki geyimdədir”.

Keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazandan sonra narkotik ittihamı ilə həbs olunan Qiyas İbrahimovun anası Şura Əmiraslanova oğluna apardığı kitabların buraxılmamasından danışıb. Bildirib ki, bir aydır belə qadağa var – Qiyasa apardığı kitablar geri qaytarılır. Ş.Əmiraslanova problemlə əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə müraciət edəcəyini qeyd edib.

AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur səhhətində problemlər olan məhbuslar haqda məlumat verib. Bildirib ki, Nardaran məhbuslarından Cabbar Cabbarov qaraciyər serrozundan əziyyət çəkir, amma saxlandığı Qobustan həbsxanasında ona heç bir yardım göstərilmir. Şamil Abduləliyevin ayağında olan güllələr 2 il yarımdır çıxarılmadığından fəsadlar verib: “Güllə olan ayağı tamam arıqlayıb, 10 santimetr də qısalıb”.

Həbsdə olan jurnalist Əfqan Sadıqlının həyat yoldaşı Sevinc Sadıqova onun durumunun kritik olduğunu, lakin cəzaçəkmə müəssisəsində müalicəsinə məsuliyyətlə yanaşılmadığını bildirib.

Müzakirələrin sonunda “Siyasi məhbusları müalicə edin!” adlı kampaniyaya başlamaq, siyasi məhbusların problemlərinin operativ şəkildə çatdırılması üçün “Qaynar xətt” yaratmaq, ictimai-siyasi fəallardan, hüquq müdafiəçilərindən ibarət qrup yaradıb, beynəlxalq təşkilatlara, Penitensiar Xidmətə müraciət etmək, səhhətində problem olan məhbusların saxlandığı cəzaçəkmə müəssisələrinə gedib, onlarla görüşməyə cəhd göstərmək qərara alınıb.

Ana səhifəXəbərlər”Ürəyində problem olan jurnalist hərbi xidmətə aparılıb”