Universitetdə yanğın çıxdı, imtahan təxirə salındı (Yenilənib)

Abituriyentlərdən 4-ü tüstüdən zəhərlənib

Source:

Hadisə yerindən foto
Hadisə yerindən foto


Azərbaycan Kooperasiya Universitetində baş verən yanğında imtahanın gedişinə nəzarət edən 4 müəllim və 5 abituriyent tüstüdən zəhərlənib.

Məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı yayıb.

Nazirlikdən bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya kollecinə məxsus hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulan içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.

Yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


***


Abituriyentlərdən 4-ü tüstüdən zəhərlənib

İyulun 22-də Ziya Bünyadov prospektində yerləşən Kooperasiya Universitetinin binasında yanğın baş verib. Yanğın təhsil ocağının idman zalında qeydə alınıb.

“olke.az”-ın məlumatına görə, əraziyə təcili tibbi yardım maşınları və yanğından mühafizə idarəsinin əməkdaşları cəlb edilib. İdman zalının əlverişsiz yerdə yerləşməsi yanğınsöndürən maşınların hərəkətinə mane olur. Bu səbəbdən də yanğını tam söndürmək mümkün olmayıb.

Hadisə zamanı binada abituriyentlər olub. Onlar ali məktəblərə I və IV ixtisas üzrə keçirilən qəbul imtahanına gələnlərdir.

Tüstüdən zəhərlənən 4 abituriyent təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib.

Universitetin binasının qarşısında övladlarını gözləyən valideyinlərlə polislər arasında isə mübahisə yaranıb. Bəzi valideyinlər imtahanın dayandırılmasını, bəziləri isə uşaqlarının imtahandan çıxarılmasını tələb ediblər.

Hadisə yerinə gələn Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dərhal otaqların boşaldılmasını tələb edib.

O, imtahanın vaxtını təxirə salıb və qeyd edib ki, dəyişdirilən imtahan vaxtı haqqında bu yaxınlarda açıqlama veriləcək.

Ana səhifəXəbərlərUniversitetdə yanğın çıxdı, imtahan təxirə salındı (Yenilənib)