”Un, çörək və ət bahalaşa bilər”

”Son 2 ayda ərzaq buğdasının qiyməti 50 faiz artıb”

Source:


”Son 2 ayda ərzaq buğdasının qiyməti 50 faiz artıb”

“Dünya bazarında ərzaq buğdasının qiyməti 2016-cı ilin dekabrında 122,8 dollar, 2017-ci ilin yanvarında 137 dollar, bu gün isə 206,22 dollardır. Bu da çörəyin qiymətinin qalxacağını göstərir”, – kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözləridir.

V. Məhərrəmov bahalaşmanın səbəbini də izah edir. Deyir, Azərbaycan özünün ərzaq buğdasına olan tələbatını ödəyə bilmir. Ehtiyacını idxal hesabına ödəyir. Odur ki, dünya bazarında buğdanın bahalaşması ölkədə çörəyin qiymətinin qalxmasına gətirib çıxaracaq:

“206,22 dollar son 4 ilin ən yüksək qiymətidir. İki ay ərzində ərzaq buğdası 50 faiz bahalaşıb. Azərbaycan özünün ərzaq buğdasına olan ehtiyacını tam idxalın hesabına ödəyir. Keçən il ölkəyə 1 milyon 599 min ton buğda idxal olunub. Bütün bunlar Azərbaycanda unun, çörəyin, yemin, ətin, südün, yumurtanın və sair ərzaq mallarının bahalaşacağını göstərir”.

Dünya bazarında neftin qiyməti ucuzlaşandan sonra Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirmək sahəsində tədbirlərə başladı. Pambıq istehsalı da bunlardan biridir.  Vahid Məhərrəmov deyir ki, pambıq əkinindən də çox gəlir gözləmək lazım deyil. Çünki dünya bazarında pambığın qiyməti ucuzlaşmaqda davam edir.

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda 2016-cı ilin aqrar sektorun inkişafında dönüş ili olduğunu söyləmişdi. Bildirmişdi ki, kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat olub, əvvəlki illə müqayisədə 2,6 faiz artıb:

“Bu artım əksər məhsullarda müşahidə edilib. Barama üzrə 300, soya üzrə 2,8, pambıq üzrə 2,5 dəfə, yaşıl çay yarpağı üzrə 75, şəkər çuğunduru üzrə 73, düyü üzrə 72, buğda üzrə 9,8, kartof üzrə 7,5 faiz olub. İxracın həcmi əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq 426 milyon ABŞ dolları olub”.

2 ay sonra, 10 aprel müşavirəsində isə o,  Azərbaycanın yeganə zəif yerinin taxılçılıq olduğunu söyləmişdi:

“Bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq mən taxılçılığın inkişafı və ilk növbədə təhlilin aparılması ilə bağlı müvafiq sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik?!”

Ana səhifəXəbərlər”Un, çörək və ət bahalaşa bilər”