Ülviyyə Əli: “Həbsxanaya gələn ombudsman nümayəndələrinin siyahısına siyasi məhbuslar aid deyil”

Ülviyyə Əli. Foto: Facebook şəxsi səhifəsindən

Ombudsman gəlsin!

“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır:

Oktyabrın 9-da saxlanıldığım Bakı İstintaq Təcridxanasına Ombudsman Aparatının nümayəndələrinin gəldiyini eşitdim, amma mən eşidəndə gec idi, dedilər, artıq gediblər. Bunu eşidəndə duyuq düşdüm ki, onlara 5 aydır demək istədiyim, ürəyimdə yığılıb qalmış sözlər var. Lakin bu haqqımdan məhrum olundum. “Ümid sonda ölər” prinsipi ilə irəliləyərək nəfəsliyin ardından “Ombudsman gəlsin!” deyə ucadan səsləndim. Səsimi ucaltmağımın səbəbi isə həm də hiddətlənməyim idi. Öyrəndim ki, saxlanıldığım 24 nəfərlik qadın saxlama korpusunda yalnız müğənni Rəqsanə İsmayılovaya dəyib gediblər.

Hiddətimin səbəbi Ombudsman Aparatından gözləntim olduğuna görə deyildi. Ən azından çəkdiyim reportajlar, yazdığım xəbərlər və işıqlandırdığım insan hekayələri mənə qənim olar.

Səbəb isə 7 may 2025-ci ildə Bakı Şəhər Baş Polis İdarəsində polisin başımdan vurduğu 7 yumruq zərbəsinə görə səhhətimdə yaranan problemlərlə bağlı Kompüter Tomoqrafiyası və Maqnit Rezonans Tomoqrafiyasına ehtiyac duyduğum üçün anamın dəfələrlə Ombudsman Aparatına etdiyi şikayətlərin nəticəsiz qalması və bizi, yəni siyasi məhbusları saymadan, görməzdən gələrək getməkləri idi.

Əlqərəz, bir neçə dəqiqə sonra Ombudsman Aparatından gələn nümayəndələrin qəbuluna aparıldım. Elə dediyim ilk məsələ bu oldu ki, Bakı İstintaq Təcridxanasında 6 jurnalist, 6 inanclı qadın siyasi məhbuslar var, lakin onlar bizim heç birimizlə görüşməyiblər, şikayətlərimizi dinləməyiblər, anamın onlara ünvanladığı şikayətləri “araşdırarıq” deyərək yola veriblər. Ombudsman nümayəndələri isə Bakı İstintaq Təcridxanasında əlilliyi olan insanlarla maraqlanmaq üçün gəldiklərini, hər dəfə təcridxanada tematik məsələlərlə bağlı yoxlama apardıqlarını, anamın dəfələrlə etdiyi şikayətlərdən məlumatsız olduqlarını dedilər.

Belə başa düşdüm ki, onların kateqoriyalaşdırdığı mövzu başlıqlarının heç birinin siyahısına siyasi məhbuslar aid deyildi. Çünki gəlişlərinin səbəbi əlillik mövzusu olsa da, II qrup əlilliyi olan jurnalist Aynur Elgünəşə (Qənbərova) və ya III qrup əlilliyi olan inanclı məhbus Şərqiyyə Sadıqovaya baş çəkməmişdilər.

Görüşdə qeyd etdim ki, gələn dəfə göz və oynaq xəstəlikləri yoxlama aparacaqları o tematik mövzuya uyğun gəlsə siyasi məhbus Anar Məmmədli və polis zorakılığı nəticəsində görmə qabiliyyətini itirmək riski altında olan Əhməd Məmmədliyə də baş çəksinlər. Əslində səhhətində problem olan çox siyasi məhbusu sadalamaq olardı, lakin “qəbul”a çağırılacağımdan o qədər ümidsiz idim ki, siyahını uzatmağa fürsət tapmadım. Onların arasına Ələsgər Məmmədli, Ruslan İzzətli, Fərid İsmayılov, Afiəddin Məmmədov, Şəmşad Ağa və Polad Aslanovu da əlavə etmək olardı.

İndi isə ictimai olaraq deyirəm, həbsxanalara Ombudsman gəlsin və bütün siyasi məhbuslara baş çəksin!

Ülviyyə Əli

Bakı İstintaq Təcridxanası

Ana səhifəHəbsxanadan məktublarÜlviyyə Əli: “Həbsxanaya gələn ombudsman nümayəndələrinin siyahısına siyasi məhbuslar aid deyil”