Ülvi Həsənlinin həyat yoldaşı: “Ülvi deyir ki, ona sanki on nəfəri öldürmüş cinayətkar kimi davranılır”

İllüstrasiya: Meydan TV

AbzasMedia-nın həbsdəki direktoru Ülvi Həsənli iyulun 20-də yenidən aclıq aksiyasına başlayıb. Səbəbi də birinci aclığında olduğu kimi, Bakı İstintaq Təcridxanasından Umbakı Penitensiar Kompleksinə qanunsuz köçürülməsinə etiraz etməsi ilə əlaqədardır. Ülvi Həsənli əvvəlki aclığına iyunun 26-da başlamışdı. Amma həbsdəki digər jurnalist həmkarlarının dəstəyi ilə bağlı narahatlığına görə iyulun 4-də aclığı dayandırmaq qərarına gəlmişdi. Ona dəstək olaraq AbzasMedia-nın və Meydan TV-nin həbsdə olan qadın əməkdaşları da aclığa qoşulmuşdular.

Xatırlatma:

AbzasMedia-nın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrında həbs olunub. O, media qurumunun digər əməkdaşları – Məhəmməd Kekalov, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı və Azadlıq Radiosunun əməkdaşı, iqtisadçı-jurnalist Fərid Mehralizadə “qaçaqmalçılıq” ittihamı ilə məsuliyyətə cəlb ediliblər. Bu iş beynəlxalq təşkilatlar və insan haqları müdafiəçiləri tərəfindən siyasi motivli hesab olunur və jurnalistlərin fəaliyyətinə qarşı repressiya kimi qiymətləndirilir.

2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsi onları 7–9 il arası azadlıqdan məhrum edib.

İyunun 26-da Ülvi Həsənli, Məhəmməd Kekalov, Fərid Mehralizadə və Hafiz Babalı Umbakı həbsxanasına köçürülüb. Ülvi Həsənli buna etiraz olaraq həmin gündən aclıq aksiyasına başlayıb.

Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva Meydan TV-yə Umbakıdakı saxlanma şəraitindən, məhbuslara münasibətdən danışır.

“Köçürülmə qərəzli olaraq qəsdən yubadılır”

“Ülvinin Umbakıdan Kürdəxanıya köçürülməsi üçün iyulun 3-dən Penitensiar Xidmətə müraciət edilib. Həmin tarixdən bu yana Ülviyə deyirlər ki, köçürülməyinlə bağlı məsələyə baxılıb və həll olunmalıdır. Artıq üç həftədir hər dəfə deyirlər ki, bu həftə köçürüləcəksən, gələn həftə köçürüləcəksən. Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov təsdiqi yubadır. Görünür ki, bu məsələ konkret olaraq qərəzli və sifarişlidir. Ülvi də görür ki, heç bir nəticəsi yoxdur, ona görə də yenidən aclığa başlamağa məcbur olub”.

“Yol uzaqdır, vəkillərin görüşü çətinləşir”

Rübabə Quliyeva Ülvi Həsənlinin yenidən Kürdəxanıya köçürülməsinin vacibliyini bir neçə səbəblə əsaslandırır:

“Birincisi, Umbakının yolu çox uzaqdır. Ülvinin vəkillərinin heç birinin də şəxsi avtomobili yoxdur, bu da vəziyyəti daha da çətinləşdirir. Hazırda Ülvi aclıq aksiyası keçirirsə, onun səhhətinin nəzarətdə saxlanılması vacibdir. Belə bir vəziyyətdə vəkillərinin həftədə bir və ya iki dəfə onun yanına gedib, vəziyyəti ilə maraqlanması mütləqdir. Ümumiyyətlə, yolun uzaq olması hər bir halda vəkillərin onunla hər həftə görüşməsinə maneçilik törədir”.

“Körpə uşaqla günün altında saatlarla görüşü gözləmək olmur”

Digər bir problem isə Ülvi Həsənlinin azyaşlı körpəsi ilə görüşdürülməsindədir:

“Bizim körpə uşağımız var və onu hər dəfə görüşə aparmaq mümkün olmur. Kürdəxanı təcridxanasında bu məsələləri həll etmişdik, uşaqla gələcəyimizi bildikləri üçün bizi uzun müddət gözlətmirdilər. Görüş məsələsi 10-15 dəqiqə ərzində həll olunurdu və içəri buraxılırdıq. Amma indi, artıq üçüncü həftədir ki, mən Umbakıya Ülvi ilə görüşə gedirəm və ən yaxşı halda bizi saat yarım sonra içəri buraxırlar. Bundan sonra da içəridə 30-40 dəqiqə gözləyirəm ki, ya Ülvini gətirsinlər, ya da məni görüş otağına aparsınlar. Uşaq bu qədər müddət günün altında və ya maşında gözləyə bilməz. Onun yemək, bez dəyişmə kimi ehtiyacları var və nəticədə görüşə belə çatmadan geri qayıtmaq məcburiyyətində qala bilərik”.

“Kameralar elə isti olur ki, Ülvi gecələr ürək döyüntüsünün səsinə oyanır”

Rübabə Quliyeva Umbakıdakı şəraitdən və dustaqlara münasibətdən də danışır:

“Deyirlər ki, Umbakıda yeni təmir aparılıb və şərait yaxşıdır, bu, yalnız görüş otaqlarına aiddir. Görüş yerləri təmiz, səliqəli və kondisionerlərlə təmin olunsa da, məhbusların saxlandığı kameralarda vəziyyət tamamilə fərqlidir, hətta dözülməzdir. Hazırda kameralarda çox isti olur. Ülvi deyir ki, gecələr istidən yata bilmir, tər içində olur, hətta istidən gecələr ürəyinin döyüntüsünün səsinə oyanır. Bundan başqa, kranlar işlək vəziyyətdə deyil, su sistemi bərbaddır, kameraların tavanından da su damır”.

“Məhbuslara verilən yeməklərin yağının və ətinin mənşəyi məlum deyil”

Ülvi Həsənli dustaqlara verilən yeməklərin  keyfiyyətindən də narazıdır:

“Həbsxana tərəfindən verilən yeməklərin keyfiyyəti məlum deyil. Ülvi deyir ki, həmin yeməkləri yemək olmur, hansı yağdan və ətdən bişirildiyi məlum deyil. Yeməkləri qızdırmaq və ya bişirmək üçün də heç bir şərait yoxdur. Biz hər dəfə fikirləşirik ki, Ülviyə necə bir yemək aparaq ki, onu soyuq halda yeyə bilsin. “Abzasçılar” Kürdəxanıda davamlı şikayətlər edərək şəraitin yaxşılaşdırılmasına nail olmuşdular. İndi isə Ülvi Umbakıda bu prosesi yenidən sıfırdan başlamağa məcburdur”.

 “Məhbusları alçaldır, təhqir edirlər”

Digər ciddi məsələ işçilərin məhbuslara qarşı davranışıdır. Rübabə Quiyevanın sözlərinə görə, Umbakıda bütün məhbuslara qarşı münasibət kobud və alçalcıdır:

“Ülvi deyir ki, ona sanki on nəfəri öldürmüş cinayətkar kimi davranılır. Onunla eyni kamerada olan digər məhbuslara da eyni şəkildə kobud rəftar edilir ki, bu, həm psixoloji, həm də fiziki baxımdan çox ağır bir vəziyyət yaradır. Onları alçaldır və təhqir edirlər”.

Telefon zəngindən sonra cərimə otağı ehtimalı

Rübabə Quliyeva bildirib ki, Ülvi Həsənli ilə ən son iyulun 21-də danışıb. Həyat yoldaşı ona ailəsi ilə danışmağa imkan verilmədiyini deyib:

“Dedi ki, bizə zəng etməyinə mane olublar və buna görə onlarla saatlarla mübahisə edib. Bildirdi ki, çox böyük ehtimalla zəngdən sonra onu cərimə otağına salacaqlar. Çünki əvvəllər də cərimə otağına aparan dəstə telefon danışığımız zamanı onu telefona gətirmişdi. Danışıqdan sonra da yenidən karserə aparılacağı ehtimalı böyükdür”.

Ülvi Həsənlinin aclıq aksiyasına Abzas Media-nın həbsdəki qadın əməkdaşları- Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və “Meydan TV işi” üzrə həbs edilən – Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova da qoşulub.

Ana səhifəTövsiyəÜlvi Həsənlinin həyat yoldaşı: “Ülvi deyir ki, ona sanki on nəfəri öldürmüş cinayətkar kimi davranılır”