“Ulu öndərin davamçısı, səndən imdad diləyirəm”

Nizami rayonu, Babək prospekti 87 ünvanının sakinləri yaşadıqları yataqxananın uçacağından narahatdırlar. Onların sözlərinə görə, qaçqın və məcburi köçkünlərin də məskunlaşdığı bu köhnə bina “Yusifoğlu” MMC şirkətinin yaxınlıqda apardığı tikinti işlərindən sonra qəzalı vəziyyətə düşüb. Hətta Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazini xüsusi lentlə bağlayaraq təhlükəli olduğunu deyiblər. Lakin sonradan həmin lent çıxarılıb. Müxtəlif qurumlara üz tutan sakinlər səslərinin eşidilmədiyini deyirlər. Onlar bu səbəbdən yanvarın 22-də yolu bağlayaraq aksiya keçiriblər.

Bina sakini Sara İsmayılova deyir ki, burada 62 yerli sakin, 50 qaçqın yaşayır: “Baxın, bina qəzalı vəziyyətdədir. Uşaqlarımızın həyatı təhlükədədir. Azərbaycanın birinci xanımı Mehriban xanımdan, prezidentimizdən xahiş edirik, bizim həyatımızla maraqlansın. Uşaqlar həyətə düşür oynamağa, biz hər an həyəcan keçiririk ki, başına kubik düşəcək. Uşaqlarımız ayaqyoluna gedir, evə gəlincə biz həyəcan keçiririk ki, görəsən, bina uçdumu? Uşaqlarımızın başına nə gəldi? Bütün bina sakinləri adından xahiş edirik, gəlib bizim vəziyyətimizlə maraqlansınlar. Binanın sakinləri Hacıbala müəllimin qəbulunda olublar. O, bizə deyib ki, binanın tikintisini dayadırmışıq, amma yanımızda tikinti gedir. Bunlar da deyirlər: “Bizə sərəncam veriblər ki, gedin tikin”. Bizim həyatımız ortada qalıb. O, onun üstünə atır, bu da onun. Ciddi maraqlanan yoxdur”.

Digər şikayətçi Əsgərxan Fərzəliyev də prezidentdən imdad diləyir:

“Mən bu müraciəti heç kimə etmirəm. Birbaşa cənab İlham Əliyevə edirəm. Ulu öndərin davamçısı, səndən imdad diləyirəm. Qurban olum sənə, amanın bir günüdü, bizə kömək et. Biz səndən kömək istəyirik. Əgər sənin də xalqa, qaçqına, yataqxana imkansızlarına kömək etməyə imkanın yoxdursa, başqa dövlət səfirliklərindən sığınacaq istəyək. Amma mən də bilirəm ki, prezidentin xəbəri yoxdur. Xahiş edirəm, bir də xahiş edirəm, qurban olum, ayağının altında ölüm, ay dövlət məmurları, imkan verin bu birotaqlı, yataqxana tipli binada yaşayaq”.

Kəmalə Əliyeva deyir ki, Hacıbala Abutalıbovun qəbulunda olublar: “Bizə dedi ki, gedin ipoteka götürün. 18 kvadratmetr onlar verəcək, qalanını da ipoteka götürün, ödəyin. Hansı pulla? Hamımızın yoldaşı veteran, Qarabağ əlili, müharibə veteranıdır. Hardan alaq biz o pulu? Hardan ipoteka götürüb Əlisahibə verək ki, bizə ev versin? Hamımız kasıb adamlarıq. Evimizə gələn 150 manat pensiya ilə ödəyək onu? İşıqpulunu, qazpulunu verə bilmiriksə, ipotekanın pulunu haradan alıb verək? Mənim yoldaşım veterandır, evimdə xəstədir. Mən hansı pulla ödəməliyəm o ipotekanı? Mənim evim başıma uçur”.

“Yusifoğlu MMC”-nin rəhbərlərindən biri Əlisahib Hüseynov isə Meydan TV-yə açıqlamasında sakinlərin dediklərini təkzib etdi:

“30-40 illik bir mühəndis kimi deyə bilərəm ki, bizim tikdiyimiz binanın əgər o binaya təsiri olsaydı, bu qədər müvafiq qurumlar var, hansı ki, bu işdən məsuldu, mənə orada tikintiyə icazə verməzdi. Bizim onlara nə ziyanımız ola bilər? Təhlükəsizlik tədbiri görməsək, daş düşər, kran aşar, belə səbəblərdən ziyanımız dəyə bilər. Amma belə heç bir ziyanı yoxdur”.

Yanvarın 23-də müxtəlif dövlət qurumlarına şikayətə gedən sakinlərə Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, gün ərzində onların problemləri ilə maraqlanacaqlar. Şikayətçilər Prezident Administrasiyası və Nazirlər Kabinetində də olublar. Onlara vəd verilib ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sakinlərlə görüşüb, problemlərini dinləyəcək.

Ana səhifəVideo“Ulu öndərin davamçısı, səndən imdad diləyirəm”