İlqar Vəlizadə: “MDB Azərbaycana üzv respublikalarla iqtisadi əlaqələri tənzimləməyə imkan verir”
Ukrayna prezidenti Petr Poroşenko mayın 19-da ukraynalıların MDB-nin strukturlarından geri çağırılması barədə sərəncam imzalayıb.
“MDB ukraynılalar üçün birdəfəlik keçmişdə qalıb. Bizim gələcəyimiz yalnız Avropa ilə bağlıdır”, – Ukrayna prezidenti bəyan edib.
Ukrayna həmçinin Azərbaycanla birgə GUAM üzvüdür və digər GUAM üzvü olan Gürcüstandan sonra MDB-ni tərk edən ikinci ölkədir.
Siyasi icmalçı Sülhəddin Əkbər hesab edir ki, Rusiya MDB-nin formal bir qurum olduğunun fərqindədir.
“İndiyə qədər MDB çərçivəsində qəbul olunan minlərlə sənədin mütləq əksəriyyəti kağız üzərində qalıb. Digər tərəfdən, Ukrayna Krım və Donbasın işğalından sonra Rusiya ilə əlaqələrini kəsmişdi. Artıq Poroşenko rəsmi olaraq MDB çərçivəsində təmsil olunan Ukrayna diplomatlarının geri çağrılması haqda sərəncam verib. Bu, Ukraynanın Avropa Birliyi və NATO çərçivəsində atdığı məntiqi addımdır. Ona görə Rəsmi Kiyevin addımı gözlənilən idi”.
Onun fikrincə, Moskva bundan sonra hər hansı cəbhədə Vaşinqtonla münasibətləri itirməkdə maraqlı olmayacaq.
“Rusiya hazırkı strateji qarşıdurmanın uzun müddət davam edəcəyini bilir. Belə bir qarşıdurmada strateji resurslar tələb olunur. Amerikanın, NATO-nun və Avropa Birliyinin strateji resurslarını Rusiya ilə müqayisə etdikdə, böyük fərq görünür. Məsələn, 2017-ci ildə ABŞ-ın hərbi xərcləri 610 milyard dollar olub, NATO-nun isə 900 milyard dollar. Amma Rusiyanın ötən il hərbi xərcləri 20 faiz azalaraq 63,3 milyard dollar düşüb. Əslində, Kremlin hərbi-syasi ritorikasını sərtləşdirməsi onun güclənməsi deyil, zəifliyinin və əsəbiliyinin əlamətidir. Ona görə Rusiya Qərbə hədələmə strategiyası yeritməyə çalışacaq. Həm də arxa qapıdan Qərblə dil tapmaq istəyəcək. Amma Qərb “soyuq savaş” dövründən bunları bildiyindən hansı addımları atacağını da bilir. Bu ilin fevralından Vaşinqtonla Kremlin xüsusi xidmət orqanları arasında gizli danışıqlar gedir. Danışıqların necə bitəcəyini gözləmək lazımdır”.
Sülhəddin Əkbər düşünmür ki, Ukraynanın qərarının Azərbaycana təsiri olacaq.
“Çünki Azərbaycanın dövlətçilik və milli maraqlarına zidd olmasına baxmayaraq, Rəsmi Bakı mümkün qədər Rusiya ilə yaxın əlaqələr qurmağa çalışır. Hakimiyyət qrup və şəxsi maraqlarını milli mənafelərdən üstün saydığından Bakının mövqeyi gözləniləndir. Hakimiyyətin başlıca məqsədi mülkiyyətini qoruyub artırmaq və özü üçün cəzasızlıq şəraiti yaratmaqdır. Hakim elitanın, ailənin maraqları millətin maraqları ilə toqquşmursa, o halda milli mənafenin qorunmasına çalışırlar”.
Ekspert vurğulayıb ki, Azərbaycanda siyasi qərarlara təsir edəcək müxalifət yoxdur.
“Uzun illər hakimiyyəti dəstəkləyən xarici güclər müxalifətin dağıdılmasına nail olublar. Xalqa gəldikdə, sovet dövründə olduğu kimi ictimaiyyət siyasi prosesdən uzaqlaşdırılıb və siyasi səhnəyə qayıtmaq fikrində deyil”.
Politoloq İlqar Vəlizadə hesab edir ki, Poroşenkonun qərarı formal səciyyə daşıyır, çünki Ukrayna MDB-də formal olaraq qalırdı.
“Ukrayna MDB çərçivəsində keçirilən tədbirləri boykot edirdi, yaxud formal olaraq təmsil olunurdu. Ona görə Poroşenkonun sərəncamı rəmzi məna daşıyır. Ancaq iqtisadi baxımdan bu addım müəyyən problem yarada bilər. Düzdür, Rusiya ilə münasibətlər bərbaddır. MDB-nin digər üzvləri ilə müəyyən sənədlər var ki, işləkdir. Poroşenkonun sərəncamından sonra Rusiya həmin sənədlərin işləməməsinə çalışacaq. Ukrayna isə güman ki, MDB-yə daxil olan respublikalarla ikitərəfli əlaqələr qurmağa cəhd edəcək. Bura ticarət dövriyyəsi, vizasız gediş-gəliş və s. daxildir”.
İlqar Vəlizadə bildirib ki, MDB-də qalmaq Azərbaycana üzv respublikalarla iqtisadi əlaqələri tənzimləməyə imkan verir.
“MDB bütün hallarda Rusiyanın dominantlığı ilə təşkil olunan qurumdur. Azərbaycan da Rusiya ilə münasibətləri korlamaq istəmədiyinə görə bu formatda iştirak etsə də, bir çox halda formal xarakter daşıyır. Çünki Belarusla, Qazaxıstanla və digər respublikalarla ikitərəfli sənədlər qəbul olunub. Bu isə MDB-nin əhəmiyyətini azaldır”.