Ukraynadan sonrakı Krım…

Mənə kömək edən erməni barmen…

Source:

Krımın Saki şəhərində müalicə alırdım. Bir dəfə stomotoloqa getdim. Qapıdan içəri keçmək istəyəndə, ayağım arabadan düşdü. Özüm əyilib, düzəldə bilmirdim. Günorta saatları idi. Ətrafda az adam görünürdü. Yanımdan itini gəzdirən bir qız keçirdi. Qızdan kömək istədim. Qız isə danışmadan, əli ilə iti işarə edib, yanımdan yan keçdi. Yəni ki, iti buraxıb, sənə kömək edə bilmərəm. Daha sonra orta yaşlı bir kişi keçirdi. Ondan da kömək istədim. O, isə mənə əl yelləyib “get başımdan ”  elədi. Sonra yanımdan iki nəfər də keçdi. Onları da səslədim. Bilmirəm, eşitdilər ya eşitmədilər, heç mənə tərəf baxmadılar da.

Axır ki, bir vicdanlı adama rast gəldim. Orta yaşlı kişi idi. Sağ olsun, həm düşən ayağımı düzəltdi, həm də stomatoloqun kələ-kötür, ensiz qapısından keçməyimə kömək elədi.

Bu Krımda başıma gələn ilk belə hadisə deyildi. Dəfələrlə olub ki, oxşar vəziyyətlərə düşəndə, yanımdan keçənlərdən kömək istəyəndə, açıq şəkildə üzümə deyiblər ki, yox, kömək etmirik. Burda belə mərhəmətsizliklərə çox rast gəlmişəm.

Amma Azərbaycanda heç vaxt oxşar stiuasiya ilə qarşılaşmamışam. Azərbaycanda uşaqdan tutmuş, yaşlısına kimi, hər hansı bir yerdən əlil arabamla keçərkən, infrastruktur və ya məhdudiyyətlə qarşılaşanda bizim insanlarımız, heç köməyə çağırmadan özləri yaxınlaşıb, yardımcı olurlar. İnsafən, deyim ki, polislərimiz də əngəlli insanlara, bir başqa həssaslıqla yanaşırlar. Dəfələrlə şəxsən məni çətin yollardan keçirdib, düz mənzil başına qədər müşaiyət ediblər.

Krımın işğalından sonra ölkədə tam başqa aura var. Bu aura mənə mənəvi cəhətdən çox pis təsir etdi. Hər yerə Rusiyanın bayrağı sancılıb. Millətin 90%-i maşınlarına, əl çantalarına, qollarına və əlil arabalarına rus qəhrəmanlığının simvolu və faşizmə qarşı mübarizənin simvolu olan  ,,Georgiev” lentini bağlayıblar. Bir dənə itlərinin xaltalarına bağlamadıqları qalıb.

Şəhərin mərkəzində eyni Moskvadakı klassik sovet dövrünü xatırladan  “OMON”çular və polis işçiləri xüsusi psixoloji təsir edən, yerimə formaları ilə gəzirlər. Krım Ukraynanın olanda mən burda bu qədər polis görməmişdim. Polislər yalnız insident baş verərkən ortaya çıxırdılar. Başqa vaxt, demək olar ki, gözə dəymirdilər. İndi isə polislərin mərkəzdə bu yeriş formaları, rus imperiyasının xofunu və  dahiliyini göstərir.

Tarixə nəzər salsaq, Krım torpağı türklərin olub. Stalin o vaxt bu torpağın mənəvi  və fiziki sahibi olan on minlərlə tatarı qətlə yetirib. Daha sonra tarixi kitabları təhrif edib, bu torpaqların insan yaranmamışdan da qabaq, ruslar üçün yaradıldığı millətə aşılanıb. “Bir milləti yox etmək istəyirsənsə, dilini məhv et” prinsipi ilə, artıq tatarlar Krımda məhv olmuş durumdadırlar. Bir aydan çox qaldım burda, tatarlar arasında cəmi bir dəfə öz dilində danışan adam görmüşəm. O, da çox yaşlı bir kişi idi. O, dakı öz həmyaşıdı ilə söhbət edirdi.

Tatarlar əməlli-başlı ruslaşıblar. Ramazan bayramında tatar məscidinə getmişdik. İmam xütbə zamanı açıq şəkildə Krımın Rusiya tərəfindən işğal edilməsidə bir başa tatarları qınadı. Onlara dinini, dilini və dəyərlərini itirdiklərini söylədi. Belə ağır vəziyyətdə bu prosesin təbii olduğunu qeyd edib, öz həmyerlilərini tənqid elədi. Amma nə faydası?!  Krımda böyük bir imperiya xofu cücərir və intensiv şəkildə boy atır. Heç bir narazı insan açıq şəkildə iradını bildirə bilməz. Hətta hər ay Simferopolda keçirilən tatarların qanuni aksiyalarına da qadağa qoyulub.

Halbuki, Ukrayna höküməti bunun üçün çox yaxşı şərait yaratmışdı. Rusiya bunun əvəzində öz saxta tolerantlığı ilə Krımda Ramazan bayramını rəsmi bayram elan edib. Artıq üç aydan çoxdur Krım Rusiyanın əsarətinə keçib. İqtisadi sanksiyalar yarımadanı çox pis vəziyyətə salıb. insan üçün ən önəmli ərzaqların qiymətləri od tutub yanır. Hər şey bahalaşıb. Artıq kriminalın səviyyəsi də artıb. Krımın cənub, dəniz kənarı zonalarında ərazi davaları başlayıb. Kimin pulu çoxdursa, korrupsiya ilə həmin ərazilərə yiyələnir. Burda illərdir yaşayan yerlilərimiz var ki, 3 ayda dəfələrlə pasportları yoxlanıb. Onlar deyirki, Krım Ukraynanın olanda onlardan bir dəfə də olsun ciddi şəkildə pasport  tələb olunmayıb , yoxlanılmayıb. Müstəqil analitiklər qeyd edirlər ki, vəziyyət daha da pisə doğru gedir.

Kimin ağzı açılırsa, kasıbçılıqdan şikayət edir. Açıq demək lazımdır ki, Krım Ukraynanın olanda Yanukoviç hökümətinin oliqarxları Krıma o qədər də yaxşı baxmırdılar. Amma indiki vəziyyət daha bərbaddır. Mən ömrümdə bu qədər vətənşüvəni, psevdopatriotu bir arada görmədim. Hamının ağzında bir təsəlli var. “İki ildən sonra Krımı tanımaq olmayacaq. Bura çox gözəl olacaq”. Millətə faktlarla Putinin necə korrupsioner və irticaçı olduğunu başa salırsan, az qalirlar, səni döysünlər.

İlahi, insan bu qədər də prezidentinə vurğun olar?! Heç İranda bu qədər antiamerika, antiqərb ab-havası yoxdur. Kim ağzını açırsa, Amerikanı söyür. Bir dəfə masajistimə Putinin Rusiyanı nə günə qoyduğunu söylədim. Qadın az qaldı kürəyimə təpik vursun. Dedi: “Otur yerində. Onunla işin olmasın. Onun Rusiyada siyasi rəqibi yoxdur”.

Yaltada bir restorana girmişdim. Halım heç yaxşı deyildi. Sakidən ora 3-4 saata gəlmişdik maşınla. Yol yorğunluğu, istidən yaranmış qızdırma, təzyiqimin aşağı düşməsi məni bərk narahat edirdi. Barmenə öz halımı deyib, buralarda, harda uzana biləcək yer tapa bilərəm deyə sordum. O yanımdan ayrıldı, bir az sonra qayıdıb,məndən matrasda uzanıb-uzana bilməyəcəyimi soruşdu. Razılaşdım. İçkilərlə dolu otaqda, çox yaxşı yer hazırladı. Uzandım, dincəldim və çox yaxşı oldum. Barmendən milliyətin soruşanda, erməni olduğunu dedi. Bizim də azəbaycanlı olduğumuzu bilibmiş əvvəldən. Ona bu yaxşılğını heç vaxt unutmayacağımı söylədim. O bunu etməyə də bilərdi, çünki müştərilər üçün elə xidmət yox idi o restoranda. O isə yalnız insanlıq etdi.

Krımda dincələn bir azərbaycanlı tanışım var idi. Heç bir əlilliyi yox idi. Bir dəfə sanatoriyada olarkən, əlil arabasında oturan və tuman-şalvarını geyinməkdə çətinlik çəkən birinə köməklik etmişdi. Əngəlli insan çox minnətdarlıq bildirmişdi həmyerlimizə. Sonra onun Qarabağ müharibəsində əlil olmuş, erməni olduğunu bilib, Qarabağda nə qədər azərbaycanlı öldürdüyünü soruşmuşdu. Erməni bu suala cavab verə bilməyib, hönkür-hönkür ağlamışdı.

Bəli, taleyin ironiyası budur. Bir-birinə düşmən iki ölkənin insanlarının bir-birinə insanlıq etməsi. Əslində, səhvim var bu cümlədə. “Bir-birinə düşmən edilən insanlar” deməli idim. Günah kimdədir? Qafqazı nəzarətdə saxlamaq üçün, torpaqlarımızı ermənilər vasitəsi ilə işğal edən Rusiya imperiyasında. Bu imperiya olmasaydı, bizim belə sonsuz probləmrimiz olmayacaqdı və biz ermənilərlə düşmən kimi yaşamayacaqdıq. Anlayın bunu!

Axşam gəzintidə əlində alkoqollu içki olmayan insan görməzsiniz bəlkə də. Gecə tanışlarla söhbət edərkən “siqaret” dilənçiləri 40 dəfə yaxınlaşırlar adama. Ya siqaret istəyirlər ya da içki üçün pul. Bəzi mərkəzi yerlərdə infrastruktur o qədər də yaxşı deyil. Əlil arabası ilə oralardan keçmək çox çətindir. Artıq iki dəfə yıxılmışam o yerlərdə. Bir dəfə yıxılanda, bərkdən Rusiya hökümətini söydüm də.

Bütün günü içki içən millət nə tələb edir, nə də irad. Onlardan zatən bu gözlənilir. Mərkəzi kitabxananın yanından heç keçən yoxdur. Kitab oxuyan adama cəmi bir-iki dəfə rast gəlmişəm. Eyni bizdəki kimi, millət kitabdan qorxur.

Mən hələ əlil arbasındakı insanları gecə vaxtı gizlincə, arxadan gəlib, vurub arabadan yıxaraq döyüb, soyanlardan danışmıram. Bir tanışımın başına belə bir hadisə gəlmişdi. Onu yerə yıxandan sonra, döyən oğrulara demişdi ki, nə pul var götürün, heç olmasa, canıma dəyməyin. Onlar isə adamı dinləməmiş, vurmağa davam edib, gəzə bilməyən adamı o ki, döymüşdülər.

 Buranın müalicəsi, təbiəti və qızları gözəldir ancaq…


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəUkraynadan sonrakı Krım…